Ərdəbil soyğunçuları ruslar...
29-11-2022, 00:06
Abbasqulu ağa Bakıxanovla Qriboyedovun xoş münasibətləri bəllidir. Onlar bir missiyada çalışır, tez-tez bir araya gəlir, ədəbi müzakirələr edirdilər. Qriboyedov bir çox əsərlərini ilk dəfə Abbasqulu ağaya oxumuşdur.
Bakıxanov 1819-cu ildə Qafqaz qoşunlarının baş komandanı general Yermolovun dəvəti ilə Tiiflisə köçmüş və müxtəlif diplomatik missiyalarda iştirak etmişdi, o cümlədən "Türkmənçay Müqaviləsi" sürəcində...
Rusların Ərdəbili tutduğu - 1828-ci ilin yanvar günlərində rus missiyası ilə İranda olan Abbasqulu ağa fürsətdən istifadə edib tez-tez məşhur Şeyx Səfi kitabxanasına baş çəkərmiş. Bildiyiniz kimi tarixçi alim, yazıçı, şair, filosof Bakıxanov həm də biblioqraf idi.
Kitabxana söhbətini eşidən Qriboyedov günün birində Abbasqulu ağaya qoşulub həmin məkana gedir. Və misilsiz sərvəti görür...
Ruslar, dünyanın ən amansız aktı olan"Türkmənçay Müqaviləsi"nə imza aldıqdan sonra Azərbaycan şəhərlərini, eləcə də Ərdəbili tərk edirlər.
Lakin əliboş getmirlər. Qriboyedovun əmri ilə Ərdəbilin bir çox sərvətini, eləcə də dünyanın ən nadir kitabxanalarından biri olan Şeyx Səfi kitabxanasını soyub aparırlar.
Sayı 28 ədəd olan öküz arabası ilə...
Yolunuz Ərdəbilə düşsə Şeyx Səfi məqbərəsinə gedin. Ki, əlbəttə, gedəcəksiniz. Kompleksin içindəki məscidin divarları çini qablarla bəzədilib. Bu divarlar məhz həmin nadir incilərin yerləşdirilməsi üçün tasarlanıb. Yüz illər yaşı var...
Bu çiniləri Səfəvi dövründə Çin imperatoru Şah Abbasa göndərib. Səbəb hələ də davası bitməyən İPƏK YOLU imiş... Şah Abbas Çin ticarət karvanlarına xüsusi güzəştlər verdiyi üçün imperator şaha 1200 (minikiyüz) ədəd müxtəlif ölçüdə, nadir gözəllikdə çini qab göndərib. Minnətdarlıq üçün...
Ruslar Ərdəbildən çıxarkən Qriboyedovun əmri ilə bu qabların səkkiz yüz ədədini öküz arabalarında çəkib aparıblar. Əlbəttə, bir-birindən gözəl olan ən seçmələri...
Moskva, Peteburq muzeylərində, eləcə də Putinin iş, görüş odalarında gördüyünüz çinilərin çoxu rusların Ərdəbildən oğurladıqları qablardır.
...İllər öncə Qahirədə muzeydə... gid bir statuet göstərib... dedi:
- Dostlar, üçmin il yaşı olan bu heykəlcikdən Misirdə 147 dənə olub. İndi isə cəmi bircə dənəsi qalıb. Qalan 146 ədədi bizdən ingilislər, ispanlar, fransızlar oğurlayıblar. Siz Avropa, Amerika muzeylərində - harada bunun taylarına rast gəlsəniz onlara deyin ki, siz oğrusunuz.
İllər keçib. Amma bu söz unudulmayıb. Yaxşı təcrübədir...
Çox istərdim ki, bütün Azərbaycan türklərinin Ərdəbil çiniləri haqda məlumatı olsun. Və ekranda belə görsə soruşsun:
- Ey Putin, bu sənin oğru dədələrinin Ərdəbildən oğurladıqlarıdırmı?
Eləcə də Şeyx Səfi kitabxanasının ruslar tərəfindən talan edilmiş misilsiz kitabları haqda hər kəs bilsin gərək.
Ermitajı bəzəyən Qarabağ xan xanımlarının geyimləri, bəy silahları, xalı-xalçaları haqda və s... bilməli olduqlarımız çoxdur...
Bütün maddi- mənəvi sərvətimiz rus muzeylərindədir. İndi onları geri almaq mümkündürmü? Hələ mümkün görünmür. Amma indi dünyada belə təcrübələr çoxdur. Sərvətlər sahiblərinə qaytarılır...
Hələlik isə bizə lazım olan: bilməkdir. BİLMƏK. Və iddia etmək...
Bilmədən olmur... bilgisiz iddia olmaz...
BİZİM OLANI BİLMƏK. TANIMAQ. Oğruya oğru demək...
Fürsətlər isə həmişə olub... olacaq...
Mehriban Vezir
Teref.az