"Danışır, Azadlıq radiosu...Verilişimizə başlayırıq ..." - Mirzə Xəzər-76

29-11-2022, 12:46           
"Danışır, Azadlıq radiosu...Verilişimizə başlayırıq ..." -
Yaşasaydı 76 yaşı olacaqdı...Bu gün Azərbaycanda milli şüurun formalaşmasında müstəsna xidməti olan, Qarabağ və Azərbaycan həqiqətlərini xalqımıza çatdıran Mirzə Xəzərin doğum günüdür. 72 yaşında vəfat edən Mirzə Xəzər Göycay rayonunda anadan olub.
Milliyətçə dağ yəhudi olan "Bibliya"nın tərcüməçisi Mirzə Xəzrin səsi, Vətəni üçün heç zaman susmadı. O dövrdə Mirzə xəzər Yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran ilk insanımız, ilk dünyaya açılan pəncərəmiz oldu. Bununla bərabər o, həm də Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda mübarizə aparan ilk xarici radio jurnalistimiz oldu.
Mirzə Xəzər əsl Azərbaycan vətənpərvəri kimi öz həmvətənlərinin həm də daha firavan həyatı uğrunda mübarizə aparırdı. Bir zaman işdən kənar da edilmişdi. Bu böyük bir vətənpərvərin yeganə günahı isə vətənini həddən artıq sevməsi idi.
Mərhum jurnalistimiz Elmar Hüseynov bu zaman onun haqqında belə demişdi: "Mirzə Xəzər əsl Azərbaycan vətənpərvəri kimi öz həmvətənlərinin daha firavan həyatı uğrunda mübarizə aparırdı. Mirzə Xəzərin işdən kənar edilməsi - hamımızın məğlubiyyətidir... harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların məğlubiyyətidir. Bu böyük bir vətənpərvərin yeganə günahı vətənini həddən artıq sevməsi idi"
Burada digər tanınmışlarımızın da onun haqqında fikirlərinə yer vermək istəyirəm
Məlahət Ağacanqızı: "Mirzə Xəzərin səsi – Dədə Qorqudun, Koroğlunun, Babəkin, Nəsiminin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin və şəhid olan minlərlə Azərbaycan oğullarının səsi idi"
Əlisa Nicat: "Mirzə Xəzər 25 ildən bəri hər gün səsinə hava və su kimi zərurət duyduğum şəxsiyyətdir. Mirzə Xəzərin saçları Azərbaycanın azadlığı, müstəqilliyi və demokratiyası uğrunda mübarizə çağırışlarında ağardı"
Mehdi Məmmədov: "Azərbaycanda milli şüurun formalaşmasında Mirzə Xəzərin son dərəcə müstəsna xidməti var. Bunu heç kim dana bilməz. Mirzə Xəzərin xidmətləri sayəsində azərbaycanlılar qorxudan çıxdı, o, insanlara cəsarət verdi"
Amma çox təəssüflər olsun ki, o, Azərbaycan ordusunun qələbələrini görə bilmədi...Nə etməli, görünür taleyin qisməti beləymiş... Həqiqət isə budur ki, illər keçsə də biz "Danışır ,Azadlıq radiosu ...Verilişimizə başlayırıq "-səsi üçün və səsin sahibi üçün həmişə darıxacaq, qəlbimizdə yaşadacağıq...
Almaniyada dəfn olunan 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görülən "milli mübarizəmizin rəmzi"olan Mirzə Xəzərə Allahdan rəhmət diləyirəm...Sonda mən Müsavatın lideri İsa Qəmbərin “Məncə Mirzə Xəzər hakimiyyətin sağa-sola gen-bol payladığı ordenlərin hər birinə- Şərəf, Şöhrət, hətta, İstiqlal ordeninə tam layiqdir. Heç olmasa ölümündən sonra verilə bilərdi. Azərbaycanımızın səsini dünyaya çatdırmaqda misilsiz xidmətləri olan, xüsusən 1990-cı il Yanvar hadisələrində xalqımızın yanında olan, informasiya blokadasını buzqıran gəmi kimi yaran bu böyük insanı heç bir zaman unutmayacağıq" fikirləri ilə tam razılaşıram.
Almaniyada yaşayan dostlarımızdan xahiş edirəm onu məzarı üstdə yad etsinlər. Çünki Mirzə Xəzər 100 ən böyük azərbaycanlımızdan biridir.
Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.