Arazın o tayına keçərkən AYAĞIMIZI ÇIRMALAMALIYIQMI? - Mühüm MƏQAM

10-12-2022, 10:25           
Arazın o tayına keçərkən AYAĞIMIZI ÇIRMALAMALIYIQMI? -
İran deyilən ərazidəki fars-molla rejimi artıq prosesə nəzarəti ələ almış kimi görünməyə çalışır. Ən azından belə bir təəssüratın yaradılması cəhdləri ortadadır. Söhbət molla rejiminin edam qərarlarını tələm-tələsik icra etməsindən gedir.
Bununla onlar həm göz qırmağa çalışırlar, həm də dövlət aparatının yıpranmadığını, ayaqda olduğunu nüayiş etdirirlər. Əslində isə belə bir təşəbbüslərin ortaya çıxması, belə bir zərurətin olması faktları sübutlayır ki, İran deyilən ərazidəki siyasi hakimiyyət rolunda çıxış edən fars-molla rejimi əməllicə sarsılıb. Və son olaraq müşahidə olunanlar da həmin sarsıntının təzhürlərdir.
İran məsələsində rəsmi Bakının israrlı görünməsi də məsələnin oyun-oyuncaq olmamasına işarədir. Hər halda, bu vaxta qədər kifayət qədər ehtiyatlı siyasi dəst-xətti ilə seçilən Azərbaycan rəsmilərinin İran mövzusundakı hazırki canfəşanlığını həddindən artıq hesab edənlər də var ki, onları da qınamağına dəyməz. Çünki beləsinə heç də alışmamışıq...
Bu gün rəsmi mediamız İranla hər hansı diplomatik yumşalmanın beş verəcəyi halda belə əl sıxmağa bir dənə də olsun körpü saxlamayıb. Halbuki dünənə qədər belə deyildi. Rəsmi media hər zaman sonuncu körpü kimi qorunurdu. Hər halda, vəziyyət o həddədir ki, deyilənlərin, söylənilənlərin geri oxunuşu imkansızdır. Lənətə gəlmiş "google" və "youtube" kimi həzrətlərin də bütün bunları öz hafizəsinə köçürməsi hazırki yaşantıların əbədi infosmasiya mühitində özünə ciddi yer etdiyini ortaya çıxarır, daha dəqiqi, belə bir həqiqətin olduğunu bir daha xatırladır.
Demirəm ki, burada biz ehtiyatlı olmalıyıq və yaxud da rəsmi medianın hazırki kursu bizim üçün doğru olanı deyil. Əksinə, mən hətta barıtın daha az olduğunu düşünənlərdənəm və ona görə də "hazırki mənzərə məni qismən qane edir" deyə bilərəm, "daha da irəli gedək" çağırışında bulunaram...
Burada bir məqam isə bütün bu baş verənləri müşahidə edənlərin sırasındakə Ermənistanın nə düşündüklərinin necəliyidir. Bəllidir ki, rəsmi İrəvan artıq bu İran-Azərbaycan gərginliyini, daha doğrusu, AÇIQ DÜŞMƏNÇİLİYİNİ malzəməyə çevirmə yolunda yetərincə irəli gedib. Bundan heç qorxmağa da dəyməz. İran zatən dünən də Ermənistanı silahlandırırdı. Sadəcə olaraq bu gün bu addımını gizlətmir və gizlətmə ehtiyacı da duymur. Ona gör də bizim bəzi kövrək dairələrimizi narahat edirmiş kimi bir qənaət də yarana bilər...
Amma əslində burada təhlükəli, qorxulu və ən əsası da YENİ heçə nə yoxdur. Maraqlı olanı isə bir məqamdır. Düşmənlərimiz əmindirlər ki, Azərbaycan İrana qarşı beynəlxalq güclərin xüsusi bir planının əsas rıçaqlarından biridir və bu prosesin uğurlu sonucu Azərbaycanı daha da gücləndirəcək. Burada Blinkenin "İran məsələsində Azərbaycana az qala Ukrayna qədərində dəstək olmağa hazırıq" əminliyini yaratması da Ermənistandakı analitiklərin qanını ciddidən qaraldıb. Çünki bu prosesin istənilən bir yekunu Azərbaycan üçün mənffəət anlamına gəlir və onlar artıq 80 il əvvəl siyasi dayaqları formalaşmış Güney Azərbaycan dövlətinin yarana biləcəyi əndişəsi ilə çırpınırlar. Onlar yaxşı anlayırlar ki, Rəsulzadənin respublikası necə ki Sovet Azərbaycanının və indiki Azərbaycanın qurulmasında mühüm faktor kimi çıxış etmiş oldu, eləcə də Piişəvərinin cumhuriyyəti Güney Azərbaycan üçün mühüm tarixi əhəmiyyətli zəmini yaratmaqdadır.
Düşmən belə düşünür və narahatdır.
Bunu ona görə qeyd etdim ki, burada Azərbaycanı aşırı dərəcədə irəli getməkdə ittiham edənlər anlasınlar. Onlar qədərində elə düşmənlərimiz də əndişə keçirir... Bəlkə bir düşünəsiniz...

Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.