İqtidarın axırına daha bir şey qalmayıb?

11-12-2022, 08:03           
İqtidarın axırına daha bir şey qalmayıb?
Əli Kərimli “başladı”deyə bir status paylaşıb. Söhbət ondan gedir ki, ABŞ tarixində ilk dəfə bir Azərbaycan rəsmisinə "Maqnitski" aktına uyğun olaraq sanksiya tətbiq edib. Kimdir bu şəxs? DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) şöbə müdiri Kərim Əlimərdanov. “İgidliyə görə” medalı ilə təltif olunan polis polkovniki. Bu adam niyə təltif olunub? Siyasi məhbuslara gestapo üsulları ilə işgəncə verdiyinə görə.
Mənim baxışıma görə, bu, boş, mənasız bir şeydir. Niyə boşdur? Daxili İşlər nazirliyində Kərim Əlimərdanov kimi, hələ ondan da betər yüzlərlə polkovnik var. Onlar yuxarıdan gələn sifarişin icraçılarıdır. Amerika demokratik prinsiplərə sözdə yox, əməldə sadiq olsaydı bu sistemin başında duranlara sanksiya tətbiq edərdi. Amma rəsmi Vaşinqtonun elə bir fikri yoxdur. İlham Əliyev Amerika üçün məqbul siyasi liderdir. Çünki Amerika ilə Azərbaycan arasındakı münasibətlər ən yüksək səviyyədədir. Və Azərbaycanda demokratiyanın olub-olmaması, Amerika üçün xüsusi bir önəm daşımır.
Çox yox, iki fakt deyəcəm:
1) Səudiyyə taxt-tacının vəliəhdi Məhəmməd ibn Salman əl-Səudlə bağlı ABŞ-da gedən məhkəmə araşdırmasını rəsmən xətm edildi. Hakim Con Beyts etdiraf etdi ki, Co Bayden administrasiyasının təzyiqi altında belə bir addım atmağa məcbur olub. Co Bayden administrasiyası niyə belə edir? Ona görə yox ki, onlar şərəfsizdir, sadəcə, ona görə ki, Çin Səudiyyə Ərəbistanının əli ilə Yaxın Şərqi Amerikadan qoparmağa çalışır. Real siyasətə üstünlük verən Amerika demokratik prinsipləri bir tərəfə qoyub Məhəmməd ibn Salman əl-Səudlə yaxınlaşmağa üstünlük verdi.
2) Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə (2004-2013) öz vətənində divan tuturlar. Nə vaxtdır ki, həbsdədir. Guya demokrat olan Gürcüstan iqtidarı Mixail Saakaşvili ilə düşmən kimi davranır. Amerika, bütövlükdə Qərb demokratiyası ağzına su alıb. Mixail Saakaşvili kimi demokratiyaya sadiq bir lideri qorumayan Qərb Azərbaycanda gedən demokratiya savaşına dəstək verərmi? Məncə, ağıllı adamlar üçün cavab bəllidir...
Azərbaycan müxalifətinin problemi ondadır ki, xalqa yox, Qərbə istinadən siyasət yürütməyə çalışır. Qərb də bizim müxalifəti “xala-xətrin qalmasın” prinsipi ilə müdafiə edir və müxalifətdən iqtidara qarşı təzyiq vasitəsi kimi yararlanır.
Hörmətli, Əli Bəy. Lütfən, nə özünü, nə də xalqı aldatmayın. Heç bir şey başlamayıb. Bu, boş bir şeydir. Bu sanksiyanın mahiyyəti belədir ki, həmin o yaramaz polkovnikin ABŞ-a girişi qadağan edilir, ABŞ-dakı hesablarına və əmlakına həbs qoyulur. Nə böyük iş olub...
Təkcə Əli Kərimli belə danışmır. O gün də Qubad İbadoğlu deyir ki, iqtidarın axırına daha bir şey qalmayıb. Atmaq üçün cəmi bir-iki patronları var...
Niyə Azərbaycan müxalifəti iqtidara qarşı ciddi mübarizəyə başlaya bilmir? Deyim sizə. Çünki Azərbaycan müxalifətindəki fərqli qüvvələr bir-birinə qarşı gizli, açıq savaş aparır. İqtidar çoxdan yaddan çıxıb. Bütün siyasi partiyaların liderləri “mənəm-mənəm” deyir, guruldayırlar, ancaq yağa bilmirlər...
Müxalifət liderləri “mənəm-mənəm” yox, Azərbaycan deməlidir, vətən deməlidir, xalq deməlidir. Demirsiz, deyə bilmirsiz. Niyə? Çünki şəxsi maraqları milli maraqlardan üstün tutursuz...
Minimum əmək haqq Azərbaycanda heç 200 dollar deyil. Əhalinin böyük çoxluğu da təxminən bu qədər maaş alır. O gün Gültəkin Hacıbəyli təxminən belə bir fikir işlətmişdi ki, bu pulla Avropada heç it saxlamaq olmaz. Yeri gəlmişkən, Gültəkin Hacıbəylinin də torbası hazırdır. Onu da Bəxtiyar Hacıyevin dalınca göndərəcəklər...
Niyə 18 il prezident olan İlham Əliyev əhaliyə 200 dollar maaş verir? Bəs, bu qədər varı-dövləti olan Azərbaycanın pulları haradadır? Birincisi, özündə insaf deyilən bir şey yoxdur. İkincisi və daha önəmlisi onu xalqın xeyrinə addımlar atmağa vadar edən müxalifət də yox kimidir. Ona görə də İlham Əliyev də müxalifəti parım-parça olmuş xalqın istək və arzularını heçə sayır...
Bir daha deyirəm: AXCP-Milli Şura alyansı görür ki, onların iqtidara gəlmək üçün kifayət qədər gücü yoxdur. Bunu xalq da görür. Gücün çatmırsa, sənə gördüyün işdə kömək etmək istəyənlərə üz tutmalısan. Məsələn, Türkiyədə müxalifət ayrı-ayrılıqda cənab Ərdoğanı yıxa bilmir. Məntiqə söykənərək bir araya gəliblər. Yəni Türkiyə müxalifəti ən azı situasiyanı dəyişməyə çalışır. Bizim müxalifət isə papağını yan qoyub gəzir. Belə görünür ki, bunların heç iqtidara gəlmək fikri də yoxdur. Sadəcə, baş qatırlar. Hələ əvvəlin demirəm, Əliyevlər sülaləsi 1993-cü ildən iqtidardadır. 30 ildir. Azərbaycan müxalifəti bu 30 ildə xırdalana-xırdalana, kiçilə-kiçilə gedib. Özü də yoxluğa doğru...
Ən pisi odur ki, situasiya ilə barışıblar. Situasiyanı dəyişmək üçün konkret iş görən yoxdur. Azərbaycan müxalifəti Əli Kərimlinin şəxsində xalqa “başladı” deyə ümid verir, yəni Amerika bu iqtidarın axırına çıxacaq, daha bir şey qalmayıb. Qubad İbadoğlu da oxşar şeylər deyir. İqtidar üzü qəbiristanlığa doğru gedir, 1-2 patronları qalıb. Bərk durun, gəlirik...
Ay gəldiz, ha. Bu ağılla, bu məntiqlə, bu düşüncə ilə siyasi meydandan silinib gedəcəksiz...
Xatırladıram, uzun müddət Azərbaycan müxalifətinin lideri olmuş İsa Qəmbər elə zənn edirdi ki, kimsə onun yerini tuta bilməz. Ancaq Əli Kərimli keçib onu qabaqladı. İndi İsa Qəmbərin keçmiş əzəmətindən xatirələr qalıb...
Eyni macəra Əli Kərimlini də gözləyir. O, elə zənn edir ki, heç kəs müxalifətin lideri kimi onu əvəz edə bilməz. Yəni İsa Qəmbərin səhvini indi də o təkrar edir. Azərbaycan xalqı da bu yararsız müxalifətin ucbatından əsir-yesir qalıb. Ölkə korrupsiya və rüşvət terroru qarşısında can verir...
İqtidarımız and-aman edir ki, hər şey qoz kimidir. Müxalifətimiz də and içir ki, iqtidarı bitirmişik, daha bir şey qalmayıb...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.