Başının üstünü duman alan abidə - “Biz və bizim dağlar”.

15-12-2022, 12:18           
Başının üstünü duman alan abidə -
Həyatda insan üçün ən ağrılı hadisələrdən biri də illər boyu çəkilmiş əziyyətin puça çıxmasıdır. Bu baxımdan, xüsuslə sovet dövrünün heykəltaraşlarının bəxti heç gətirməyib...
Təsəvvür edin ki, 70 il ərzində Leninin şərəfinə ucaldılan 8 mindən artıq abidənin təxminən 95 faizi SSRİ-nin süqutundan sonra sökülərək, işlənmiş və yararsız xammala çevrilib. Elə Stalinin şərəfinə ucaldılmış yüzlərlə abidənin başının üstünü də “xalqlar atası”nın vəfatından az sonra duman alıb. Böyük vəsaitlər hesabına başa gələn bu abidələr də tarixin arxivində qalaqlanıb.
Sovet dövründə qoyulmuş, sonralar sökülmüş abidələrin siyahısı olduqca uzundur. Elə Azərbaycanda da Leninin, Stalinin, Kirovun, Jdanovun və digər mifə çevrilmiş kommunist rəhbərlərinin abidələri kifayət qədər böyük əraziləri məşğul edib. Amma sözsüz ki, zaman abidələrin üstünə də bir əl çəkir, şahidi olduğumuz son 30-40 ildəki kimi. Nə vaxtsa bu abidələrin açılışına minlərlə insanın toplaşdığı kimi, həmin abidələr elə minlərlə insanın “alqışları” ilə postamentdən aşağı salınıb. Bu hadisələrdən belə qənaətə gəlmək olar ki, sovet dövründə kimlərisə “ucaltmaq” üçün abidəsinin ucaldılması vacib sayılıb.
Tarixdən məlumdur ki, bəzi hallarda hansısa konkret şəxsin yox, mücərrəd mövzulu bir abidənin ucaldılması ilə tarixi saxtalaşdırmaq cəhdləri də olub. Məsələn, sovet-alman müharibəsi dövründə sovet qoşunlarının ən uğursuz əməliyyat keçirdiyi və bunun sayəsində on minlərlə dinc sakinin həlak olduğu ərazilərdə memorial komplekslər yaradıblar və həmin komplekslərdə sovet hərbçiləri qəhrəman kimi təqdim olunublar. Elə götürək 1942-ci ildə Xarkov əməliyyatını. Həmin ərəfədə cənub-qərb cəbhəsinin qərargah rəisi olan Baqramyanın uğursuz əməliyyatı SSRİ-yə baha başa gəlib. Əməliyyat zamanı sovet ordusunun 180 minə qədər döyüşçüsü, 900-dən artıq texnikası məhv edilib, 250 min nəfər əsir götürülüb. Müharibədən sonra Xarkovda yaradılan memorial kompleksin üzərində isə bu sözlər yazılıb: “Heç kim unudulmur. Heç nə yaddan çıxmır...”
Maraqlıdır, unudulmayan kimdir və nədir? Ayrı-ayrı dövrlərdə üç fərqli orduda xidmət edən Baqramyanın şübhəli qəhrəmanlığı, yoxsa qeyri-peşəkarlığı? Ən “maraqlı” fakt isə odur ki, Baqramyan dəfələrlə həmin abidəni “qəhrəman sərkərdə” kimi ziyarət edib.
Ümumiyyətlə ermənilər abidə məsələsində həmişə “qoçaq” tərpəniblər. Buna əyani sübut isə Xankəndi şəhərindəki “Biz və bizim dağlar” abidəsidir. Qeyd edək ki, abidənin müəllifi Xocavənd rayonunda anadan olan, sonralar Ermənistana köçən Sarkis Baqdasaryandır.
“Biz və bizim dağlar” abidəsi Xankəndinin girişindədir. Hazırda ermənilər bu abidəni qondarma “Dağlıq Qarabağ Respublikası”nın əsas və dəyişməz simvolu kimi təqdim edirlər. Həmçinin qondarma qurumun gerbində də bu abidə öz əksini tapıb.

Əslində, bu abidə hazırlananda ermənilər ona başqa ad veriblər: “Nənə və baba”. Abidə özündə erməni milli geyimində olan yaşlı kişi və qadını əks etdirib. Hər ikisinin bədəninin yarı hissəsinin torpağın altında olması kimi təqdim olunan abidə ilə sübuta yetirilmək istənilib ki, bu yaşlı ermənilər məhz bu torpaqdan yaranıblar. Yəni abidənin siyasi mənası Qarabağ torpaqlarının guya əzəldən ermənilərə məxsus olmasını, qədim vaxtlarda Qarabağda məhz ermənilərin yaşadığını çatdırmaq məqsədi güdüb. Bu ada ilk olaraq Azərbaycan hökuməti etirazını bildirib. Həmçinin Bakıda bu abidənin Xankəndi şəhərinin girişinə qoyulmasına da etiraz olunub. Bu dəfə də ermənilərin istəyinin gerçəkləşməsinə Moskva imkan yaradıb. “Moskvalı ermənilər” abidənin Xankəndinin girişində qoyulmasına Mərkəzi Komitədən razılıq ala biliblər. Amma ad məsələsini saxlamaq mümkün olmayıb. Bu mümkünsüzlüyün qarşısında ermənilər “Biz və bizim dağlar” adı ilə abidənin adını rəsmiləşdiriblər.
Bir Xankəndili kimi qeyd edə bilərəm ki, sovet dövründə bu abidə qarşısında hər hansı bir tədbirin keçirilməsinə yol verilməyib. Bakıdan və Moskvadan Xankəndi şəhərinə gələn rəsmilər heç vaxt bu abidəni ziyarət etməyiblər. “Biz və bizim dağlar”ın ətarafındakı baxımsız yaşıllıq əyyaşların və erməni fahişələrinin gizli əyləncə yerinə çevrilib.
Yalnız 1990-cı illərdən sonra ermənilər abidənin ətrafını abadlaşdırıblar, bərpa işləri aparıblar. Məhz bundan sonra “Biz və bizim dağlar” qondarma “DQR”-in rəmzinə çevrilib. Ermənilər bu abidəni özlərinə rəmz seçsələr də, dəfələrlə qeyri-qanuni yolla qatıldıqları beynəlxalq tədbirlərdə Azərbaycan tərəfindən ifşa olunublar.
İndi “Biz və bizim dağlar” da ermənilərin köməyinə çata bilmir. Çünki Şuşanın dağlarının başının üstündən çəkilən duman-çən “Biz və bizm dağlar”ın başının üstünü alıb. Ermənilərdən təmizlənən Şuşanın dağlarından “Biz və bizim dağlar”a saylı kilometrlər qalıb. Artıq zamanı yetişib, ermənilərin özününküləşdirdiyi həmin dağlardan dumanı qovub “nənə və baba”nın başının dəmir yumruqla əzilməsinin tam vaxtıdır. Dağlar bizim dağlardır...
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.