Şah İsmayılın guya İmam Əzəm Əbu Hənifənin məqbərəsini dağıtması ittihamına cavab
18-12-2022, 08:05

I hissə
Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayılın (1487–1524) ünvanına səsləndirilən ittihamlardan biri də budur ki, o, 1508-ci ildə Bağdad şəhərini azad etdikdən sonra böyük İslam fəqihi İmam Əzəm Əbu Hənifənin (699–767) məqbərəsini uçurtmuşdur.
Bu məsələdə bir az da dərinə gedərək iddia edirlər ki, Şah guya Əbu Hənifənin qəbrini də açdırmış, onun qalıqlarını oradan çıxartdırıb, boş məzara it leşi qoydurmuşdur.
Həmin hadisə bir sıra kitablarda nəql edilmişdir:
- Burak Guy (2015). “The Second Formation of Islamic Law: The Hanafi School in the Early Modern Ottoman Empire”. Cambridge: Cambridge University Press. page 1.
- “Encyclopedia of the Ottoman Empire”.
- Müasir fars tədqiqatçısı Əmir Huseyn Xonci (1944–2014). “Tarixi Şah İsmail Səfəvi” (fars dilində), səhifə 102.
- Kərim Yusif Cəmali. “Şah I İsmayıl Səfəvinin dövründə Xorasan” (fars dilində).
- Naməlum müəllif. “Aləm arayi Səfəvi” (fars dilində), səhifə 477.
Qeyd etmək lazımdır ki, həmin kitablardan yalnız naməlum müəllifin qələmə aldığı “Aləm arayi Səfəvi” adlı əsər XVI əsr tarixinə dair mənbələrdən biri hesab oluna bilər. Amma məsələ bundadır ki, bu salnaməyə etibar etmək bir qədər çətindir. Əvvəla onun müəllifi, ikincisi isə yazıldığı tarix bəlli deyil.
Diqqətəlayiqdir ki, Osmanlı sultanları II Bəyazidin (1447–1512) və I Səlimin (1465–1520) Şah İsmayıla yazdıqları məktublarda İmam Əzəm Əbu Hənifənin guya dağıdılmış məqbərəsi ümumiyyətlə xatırlanmamışdır. Halbuki həmin məqbərə uçurulsaydı, onlar mütləq bu işdə Şahı ittiham edərdilər. Çünki hənəfilik, faktiki olaraq, Osmanlı imperiyasının rəsmi məzhəbi idi. Hənəfi məzhəbinin ardıcılları həmişə İmam Əzəmə çox böyük ehtiramla yanaşmış, onun xatirəsini əziz tutmuşlar. Əbu Hənifəyə münasibət onlar üçün bütün dövrlərdə “qırmızı xətt” sayılmışdır.
Osmanlı sultanı II Bəyazidin Şah İsmayıla 1504-cü ildə yazdığı məktubdan: “Üçüncüsü: İmkan verməyin ki, keçmiş sultanlar, əmirlər və alimlərə məxsus qəbirlər, məscidlər, təkiyyələr, zaviyələr və digər abidələr, onların vəqflərini öz mülkünə çevirmək üçün qəsb etməyə çalışan bəzi nadan sufilərin və bir çox qərəzli təhrikçilərin əlində xarab olsun və dağıdılsın. Çünki onlar həmin yerlərdə İslamın sənəd və sübutları, Muhəmməd ümmətinin görkəmli şəxslərinin gözəl nişanələridir”.
Qeyd. Bu məktub Bağdadın fəthindən əvvəl yazıldığına görə orada məqbərə problemi qaldırıla bilməzdi. Amma vurğulamalıyıq ki, Sultan Bəyazidin 1511-ci ildə yazdığı məktubda da Əbu Hənifənin məqbərəsinin dağıdılması ilə bağlı heç bir ittiham irəli sürülməmişdir.
Osmanlı sultanı I Səlimin Şah İsmayıla 1514-cü ildə yazdığı məktubdan: “Məscidləri və minbərləri dağıtmaq, məzar və məqbərələri yandırmaq, üləma və seyidləri təhqir edib qiymətli kitabları məhv etmək, möhtərəm şeyxləri – Allah onlardan razı olsun! – söyüb alçaltmaq kimi qəbahətli işlərin həddini aşıb”.
Göründüyü kimi, bu məktubların hər ikisində heç bir fakt və sübut gətirilmədən bugünədək zaman-zaman təkrarlanan standart ittihamlar irəli sürülmüşdür. Amma konkret olaraq hansı məscidin yandırıldığı, hansı məqbərənin uçurulduğu və hansı qəbrin dağıdıldığı göstərilməmişdir. İmam Əzəm Əbu Hənifə kimi nəhəng və əzəmətli bir alimin qəbri və məqbərəsilə “Aləm arayi Səfəvi” əsərində təsvir edildiyi kimi rəftar olunsaydı, sözsüz ki, Osmanlı sultanları öz məktublarında bu məsələyə mütləq toxunardılar.
Yeri gəlmişkən, belə bir hal yalnız Osmanlı sultanlarına aid deyil. Özbək xanları Şeybəkin (1451–1510) Şah İsmayıla, Ubeydullahın (1487 –1540) isə Sultan Səlimə məktublarında da qızılbaşların Əbu Hənifə məqbərəsi ilə pis rəftar etmələri barədə heç bir məlumat (ittiham, iddia) yoxdur.
Digər tərəfdən, “Aləm arayi Səfəvi” kitabında təqdim olunan məlumatı Həsən bəy Rumlunun (1530–1578) “Əhsən ət təvarix” və İsgəndər bəy Munşinin (1560–1634) “Tarixi aləm arayi Şah Abbas” əsərləri təsdiq etmir. Beləliklə, Səfəvi tarixindən bəhs edən daha mötəbər qaynaqlarda həmin hadisə barədə heç bir informasiya mövcud deyil.
Ardı var..
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az