Məhkəmə özbaşınalığının qurbanı Qasım Bəy Zakir

19-12-2022, 10:54           
Məhkəmə özbaşınalığının qurbanı Qasım Bəy Zakir
Məhkəmə özbaşınalığının qurbanı olmuş şair, əslən Şuşadan olan: Qasım bəy Zakir.

Teref.az Azərbaycan poeziyasında tənqidi realizmin və satirik istiqamətin banilərindən biri olan Qasım bəy Zakir haqqında materialı təqdim edir. Məqalə iki hissəyə bölünüb: Şairin həyatı və onun yaradıcılıq fəaliyyəti.

Şairin həyatı

Lirik şair və satirik, “Zakir” (“Allahı zikr edən”, yəni yad edən mənasında) təxəllüsü ilə tanınan Qasım bəy Əli bəy oğlu Cavanşir 1784(1789)-cü ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olub. Onun ulu babası Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın qardaşı olub. O cümlədən, “Qafqaz” qəzetində qeyd edilir ki, Qasım bəy Pənahəli xanın əmisi olan Səhl Əli bəyin nəslindən idi.

Zakir ilk təhsilini Şuşada mədrəsədə almış, burada fars dilini mükəmməl şəkildə öyrənmişdir.

Birinci Rus-İran müharibəsi (1804-1813) və İkinci Rus-İran müharibəsi (1826-1828) dövründə Qasım bəy Zakir çar ordusunun Qafqaz müsəlman könüllü süvari dəstəsinin sıralarında, İrana qarşı hərbi əməliyyatlarda iştirak etmişdir.

Daha sonra Zaqafqaziya müsəlman vilayətlərinin hərbi dairə rəisi, general-mayor İvan Nikolayeviç Abxazova ünvanladığı 29 aprel 1828-ci il tarixli məktubunda o yazırdı: “…1806-cı ildə Abbas Mirzə ordusu Qarabağa girərkən, mən Xonşa (Xonaşın) çayının kənarında general Lisaneviçlə birlikdə Abbas Mirzənin qoşunlarına qarşı vuruşub, onu geri çəkilməyə məcbur etdik”.

Qafqaz Korpusunun baş komandanı, general İvan Fedoroviç Paskeviçə ünvanladığı 24 aprel 1828-ci il tarixli digər məktubunda Zakir bu müharibədəki xidmətlərini ətraflı təsvir etmişdir:
“…1806-cı ildə Abbas Mirzə qoşunu ilə Qarabağa gəlib, dava edib, məğlub olduqda mən də general-mayorun bəndələri sırasında Şuşa qalasından Müqriyə (hazırda Mehri, Ermənistan) kimi getmişəm. Qarabağ ellərini qızılbaşlar özləri ilə aparmaq istəyirdilər. Orada yaxşı xidmətlər edib böyük generalın əmrilə 12 ağac (ağac – Cənubi Qafqazda olçü vahidi, təqribən 6-7 km at və 3-4 km piyada yolu) generaldan qabaq elatın içinə gedib onları xəbərdar etmişəm və elatın getməsinə mane olmuşam. Qızılbaş qoşunu dağılmış və elat geri qayıtmışdır, o tərəfin əhalisi sakitləşmişdir…”

1812-ci ildə Zakir Şuşanın müdafiəsi və çar generalı Pyotr Kotlyarevskinin Lənkəran kampaniyasında iştirak edib.1826-cı ilin iyul ayında Zakir yenidən Şuşanın müdafiəsində iştirak edib, 1827-ci ildə isə əlindən (və ya qolundan) yaralanıb. 15 mart 1828-ci ildə rus imperatoru I Nikolayın sərəncamı ilə cəsarətinə görə Zakir gümüş medalla təltif edilmişdir.

“Qafqaz” qəzetində qeyd olunur ki, Zakir həmçinin dağlılara qarşı hərbi əməliyyatlarda iştirak edib:
“Qasım bəy Zakir milisdə xidmət edib. O, şəxsən cəsur olaraq xüsusilə polkovnik Miklaşevskinin rəhbərliyi altında Car lezgilərinə qarşı ekspedisiyada fərqlənmişdir”.

Yayda Zakir Şuşada, başqa zaman isə hazırki Ağdam rayonunun Xındırıstan kəndində yaşayırdı, o burada kənd təsərrüfatı ilə məşğul olurdu. Bu kəndi dostu – Qarabağın sonuncu xanı Mehdiqulu ona hədiyyə etmişdi.

Qasım bəy Zakir bəyləri, çar məmurlarını və ruhanilərin nümayəndələrini tənqid edir, nəticədə özünə onların arasında çoxlu düşmən qazanmışdı. Onlardan biri Cəfərqulu ağa olub, Zakir əvvəllər onunla dostluq etmiş, lakin sonradan ona qarşı şəxsi düşmənçiliyi yaranmış, onun həyat tərzini, kəndlilərlə davranışlarını və s. ifşa edirdi. Münasibətlərin korlanmasının əsas səbəblərindən biri də Qasım bəy Zakirə onun qohumu Mehdiqulu xanın himayədarlıq etməsi idi, hansının ki, öz növbəsində Cəfərqulu ağa ilə qan düşmənçiliyi vardı (1806-cı ildə Mehdiqulu xan, onun qardaşı oğlu Cəfərqulu ağanın ehtimal olunan varis olmasına baxmayaraq, rus höküməti tərəfindən Qarabağın xanı təyin edilmişdi). Sonuncu bunu qəbul etməyərək hər vasitə ilə əmisini Qarabağ taxtından endirməyə çalışırdı. 2013-cü ilin “Qasım bəy Zakir və onun müasirləri” kitabında qeyd edilir ki, Zakir ilə Cəfərqulu ağanın dostluğunun hansı səbəbdən barışmaz düşmənçiliyə çevirilməsinin ehtimal edilən digər versiyası, Cəfərqulu ağanın Zakirin qardaşı oğulları – Behbud və Rüstəmin cəlb olunduqları hadisə ilə əlaqədar verdiyi sözü tutmaması olub.
“Çar məmurları tərəfindən hakimiyyətə tabe olmamaq ittihamı ilə təqib olunan Zakirin qardaşı oğlu Behbud həbsxanadan qaçmışdı. Hakim dairələr onu qorxularından həbs etmişdi ki, birdən Behbud, qardaşı Rüstəmin ölümünə görə qisas alar, çünki sonuncusu Tərxan Mouravovun əmri ilə güllələnmişdi. Rüstəm bir neçə məhbusun həbsxanadan qaçdığına görə güllələnmişdi… Zakirin düşmənləri hakimiyyətə bildirirdilər ki, əgər Zakir istəsə, Behbudu tapıb həbsxanaya rəhbərliyinə təhvil verə bilər”.

Yuxarıda sadalanlardan belə nəticəyə gəlmək olar ki, Qasım bəy Zakirin yeganə himayədarı Mehdiqulu xanın ölümündən sonra (1845) Zakirin düşmənləri hərəkətə keçməyə qərara alırlar. Bu təsvir edilən hadisələr onu məhv etmək üçün əlverişli bəhanə idi.

1849-cü ilin oktyabr ayında Zakir ailəsi ilə birlikdə həbs olunaraq çar hökumətindən qaçan Behbudu gizlətməkdə ittiham edilir. Onun özünu Bakı həbsxanasına göndərir, oğlu və qardaşı oğlu isə Sibirə sürgün edirlər. Onun Xındırıstandakı mülkü talan edilmiş, bütün əmlakı isə müsadirə edilmişdi. Zaqafqaziya mülki işləri idarəsinin rəisinə ünvanladığı 24 oktyabr 1850-ci il tarixli məktubunda Zakir bu barədə aşağıdakı sözləri yazırdı:
“Bir ildən çoxdur ki, Şuşa şəhərinin qəza rəisi knyaz Tərxan Mouravov, polkovnik Cəfərqulu ağa tərəfindən təhrik olunaraq təqribən 700 atlı qüvvə ilə, onların arasında Cəfərqulu ağa özü olmaqla, Xındırıstan kəndinə soxularaq məni və heç bir günahı olmayan təbəələrimi məhkəmə və istintaq olmadan elə soyğunçuluğa məruz qoydular ki, biz ac və yoxsul qaldıq. Bizə verilən görülməmiş iztirablar və işgəncələr çətin ki, kiməsə nəvaxtsa verilib”.

Bakıda üç ay həbsdə qaldıqdan sonra Zakir, onun dostları olan Azərbaycan yazıçıları – Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınli, rus məmuru Mixail Petroviç Kolyubyakin və digər gürcü knyazları sayəsində həbsdən azad edilmişdir.

Həbs, sürgün, onun kəndinin və mal-mülkünün talan edilməsi və yaxınlarından ayrı qalması şairin sağlamlığını sarsıtmışdı. Onun ömrünün son illəri polis nəzarəti altında, yoxsulluq və məhrumiyyətlər içində keçirdi. Qasım bəy Zakir 1857-ci ildə Şuşada vəfat edib. “Qafqaz” qəzetində şairin ölümü haqqında aşağıdakılar qeyd olunurdu:
“Zakirin oğlu Nəcəfqulu bəy və onun digər qardaşı oğlu İsgəndər bəy yaşayış üçün Rusiyaya sürgün edildilər. Hadisə Zakirə sarsıdıcı təsir göstərdi, və o, bu dərdə dözə bilməyib vəfat etdi”. Qasım bəy Zakir Şuşada Mirzə Həsən qəbiristanlığında dəfn olunub.

1984-cü ildə Qasım bəy Zakirin 200 illik ildönümünün keçirilməsi ilə əlaqədar onun məzarı üzərində abidə ucaldılıb.

1992-ci ildə Şuşanın Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından sonra şairin məzarı üstündəki abidə və həmçinin evi dağıdılıb.

Yaradıcılıq fəaliyyəti

Hələ erkən yaşlarından Zakir şeir yazmağa başlamışdır. Onun ilk şeiri 1854-cü ildə “Qafqaz” qəzetində dərc olunmuşdu. Zakir əsasən lirik qoşmalar, qəzəllər, satira və təmsillər yazırdı.

Şair öz lirik şeirlərini əsasən qoşma (şeirin aşıq forması) şəklində yazırdı. Dilin sadəliyi və bu formanın istifadəsi onun poeziyasının məşhurluğuna şərait yaratmışdı. Zakirin məşhur qoşmalarından biri isə – “Durnalar” şeiridir. Azərbaycanlı ədəbiyyatşünas Firudin bəy Köçərli Qasım bəy Zakirin yaradıcılığını belə qiymətləndirirdi:
“Qarabağ Azərbaycan şairləri üçün Parnasdır və Şuşa qayalarının yüksəkliklərində yüksəkdən uçan şairlər üçün yuva qurulur. Şübhəsiz ki, onların arasında birinci və görkəmli yeri Qasım bəy Zakir tutur”.

Qasım bəy Zakir Molla Pənah Vaqif poeziya məktəbinin ən görkəmli nümayəndələrindən biridir. Bu mənada Mirzə Fətəli Axundov qeyd edirdi:
“Səyahət zamanı Qarabağda Molla Pənah Vaqifin bir sıra əsərlərini tapdım… Həmçinin, Qasım bəy Sarıcalı Cavanşirlə görüşdüm. Onun, türk dilində yazdığı şeirləri həqiqətən məndə təəccüb və sevinc doğurdu… Bu iki şair arasındakı fərq budur ki, əgər Molla Pənah Vaqif Qasım bəydən əvvəl dünyaya gəlsə də və buna görə bu sahənin sələfi hesab edilsə də, Qasım bəyin əsərləri daha çox estetik təsir göstərir və daha artıq gözəlliyə malikdir. Qasım bəy şeirlərində sevgilisi barədə o qədər gözəl, mənəvi uca ruhla danışır, onunla o qədər səmimi söhbət edir ki, oxucu sadəcə valeh olur. Hadisələri, anları, müasirliyin ruhunu, gənc hisslərin nüanslarını elə canlı, rəngarəng şəkildə qələmə verir ki, oxucu istər-istəməz zövq alır və vəcdə gəlir. Onun yaradıcılığı mükəmməldir. Ancaq onu oxuyan zaman həqiqətən şeirin mənəvi zövq predmeti ola biləcəyinə əmin olursan”.

“Q.Zakir. Seçilmiş əsərləri” adlı 1971-ci ilin kitabında qeyd olunur ki, Mirzə Fətəli Axundova “Hacı Qara” komediyasının süjetini Qasım bəy Zakir verib.

Zakir satirik şeir janrının ustadlarından biridir. “Azərbaycanın şairləri” 1962-ci il kitabında qeyd edilir ki, Zakir XIX əsr Azərbaycan ədəbiyyatında yeni satirik istiqamətin banisi olub.

Onun satirik əsərləri arasında 1840-1850-ci illərdə Mirzə Fətəli Axundova, İsmayıl bəy Qutqaşınlıya, Xurşidbanu Natəvana, Cəfərqulu ağaya və digərlərinə ünvanladığı poetik məktublar əsas yer tutur. Bu məktublarda Zakir bəylərin özbaşınalığını və despotluğunu, çar məmurlarının rüşvətxorluğunu və ruhanilərin ikiüzlüyünü ifşa edirdi. Məhz bu satirik əsərlər zadəgan və ruhanilər tərəfindən ona qarşı nifrət oyadırdı.

Firudin bəy Köçərli şairin bu əsərlərini “Azərbaycan xalqının həyatının güzgüsü” adlandırırdı. O, həmçinin yazırdı:
“Bu məktublar, ümumiyyətlə şeir əsərlərini oxumağa meyli olan bütün savadlı tatarlar (azərbaycanlılar) tərəfindən əzbərlənir, oxunur. Firudin Şuşinskinin “Şuşa” kitabında həmçinin qeyd olunur ki, Köçərli Zakiri fars şairləri Hafiz Şirazi və Səədi ilə müqayisə etmişdi.

Həmçinin, Qasım bəy Zakir bir çox təmsillərin müəllifidir. Şair onların süjetlərini əsasən klassik ədəbiyyatdan, həmçinin rus yazıçısı İvan Krılovun təmsillərindən götürürdü. Onların arasında “Tülkü və Aslan”, “Qurd, Çaqqal və Aslan”, “İlan, Dəvə və Tısbağa” və s. var.

Qarabag.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.