ERMƏNİ DİLİNDƏ AZƏRBAYCAN SÖZLƏRİ CÖVLAN EDİR
Dünən, 10:28

Hibrid (mələz) erməni dilinin lüğət tərkibinin zənginləşməsində türk dillərinin, o cümlədən Azərbaycan dilinin müstəsna rolu olmuşdur. Təsadüfi deyildir ki, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq X.Abovyan “Ermənistanın yaraları” kitabında (Yerevan-1939, səh: 80-81) yazırdı: “Bizim dil ən azı 50% türk sözlərindən ibarətdir...”. Elə bunlara görə də akademik M.Ağanbekyan məcburiyyət qarşısında qalaraq deyirdi ki, "Erməni dili hibrid (calaq-melez) dildir. O biri yandan erməni qəbiləsi də hibriddir”.
Türk dillərinin erməni dilinə təsirinin tarixi çox qədimlərə gedib çıxır. Bu barədə ilk tədqiqatın müəllifi, XIX əsrdə yaşamış alman alimi, doktor Mordman yazırdı: “Məlumdur ki, ermənilər hind-Avropa mənşəli xalqdır. Lakin onların dili Turan dillərinin güclü təsirinə məruz qalmışdır. Bu ifadə ilə mən heç də çoxəsrlik əlaqə nəticəsində alınmış sözləri yox, eramızın IV, V, VI və VII əsrlərində erməni dilində işlənən Turan sözlərini nəzərdə tuturam”. Sonra Mordman V-VI əsr erməni yazılı mənbələrindən topladığı 28 türk sözünü misal gətirir. (M.Məmmədov: “Dillərin qarşılıqlı əlaqəsi”. İrəvan-1986, səh: 5)
Sonrakı əsrlərdə də “qədim erməni dili” həmişə Azərbaycan və digər türk dillərinə möhtac olmuşdur. Akademik T.Hacıyev erməni tarixçisi Girokos Qanzaketsiyə istinadən XIII əsrdə də erməni dilində türk sözlərinin fəal işləndiyini söyləyir, tanqrı, ərə (ər), ağa, saxal (saqqal), yüz (üz), otmaq (ətmək – çörək), oxar (öküz), qoyna (qoyun), aydku (ayı) kimi sözləri nümunə göstərir.
XIV əsrin sonunda Quzey Qafqazda olan xalqları (yunan, erməni, zik, qot, tat, volyak, rus, çərkəz, lək, as, alan, avar, qazıkumux) sadalayan bir xristian yepiskop qeyd edir ki, bunların hamısı tatarca (azərbaycanca) danışırdı. (F.Ağasıoğlu: “Doqquz bitik. Azərbaycan türklərinin islamaqədər tarixi”, I bitik, Bakı-2014, “Ağrıdağ”, səh:11)
H.Açaryanın isə XV-XIX əsrlərdəki erməni yazılı mənbələrindən 4262 türkmənşəli söz aşkarlanmışdır. Bayatı, başlug (başlık), bek (bey), biz, bostancı, debağ, talan, gacag (qaçak), nal, nalbənd, çıban, tolma (dolma), bozbaş, oba, ana, ata, eziz (əziz), gapı, gesd (qəsd), gız (qız), yeası (yiyesi), helal, haram, ağ, ağa, el, ilan, damga, donguz (donuz) və s. kimi sözləri onlara nümunə göstərmək olar.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Q.Çaxmaqlı (Mehdiyev) isə özünün “Erməni-Türk dil ilişkiləri” məqaləsində göstərir ki, XIX-XX əsrlər erməni yazılarının dilində türk dilinin işlənmə nisbəti 40%-dən yuxarı olmuşdur.
Tədqiqatçılar göstərirlər ki, Azərbaycan dilindən erməni dilinə keçmiş sözlərin çoxunu etnoqrafik və onomastik vahidlər təşkil edir. Etnoqrafik sözlərə yemək adlarından arişta (əriştə), xingal (xəngəl), lavaş, xaşıl (xəşil), piti, hadik (hədik), toşab (doşab) və s.; bitki və meyvə adlarından xantipar (qantəpər), tut, pazi (çuğundur), baber (bibər), pasdıq (fısdıq), avelik (əvəlik), qax, hayva (heyva), nar, badırcan (badımcan) və s.; əlamət və keyfiyyət anlayışları bildirən sözlərdən haram, halal, kur (kor), laq (lax), çal, şimşad (şümşad), xarib (qərib), hınayı (xınayı rəng), xart (qart), amlik (əmlik), allam – qallam (həlləm-qəlləm), dmağ (dümağ), baxtavor (bəxtəvər) və s.; musiqi alətləri və oyun havalarının adlarından: zırna (zurna), tutak (tütək), tumbuq (dümbək), saz; “Qaytaqi”, “Qazağı”, “Bahari”, “Ceyrani”, “Koçari”, “Karami”, “Bayati” və s.; peşə-sənət, qohumluq anlayışı bildirən sözlərdən: basdırmaci (kolbasa hazırlayan), daraxçi, dudukçi, zurnaci, qapıçı, nalbənd, qotanci (kotançı), qorukçi (körükçü), kapançi (qapancı), tamurçi (dəmirçi), komurçi (kömürçü), xanum , xadjı (hacı), baci (bacı), dada (dədə), nana (nənə) və s.; heyvan, quş, balıq adlarından: ceyran, porsiq (porsuq), tavar (davar), yabu (yabı), koç (qoç), sıqır, qunduz, xoroz (xoruz), dzazan (sazan), pisik (pişik), kopak (köpək), ğaz (qaz), bayquş və s.; əşya adlarından qaranti (kərənti), çalma, dopraq (torba), kafkir (kəfkir), tas (ləyən), mom (mum), toxr (toxa), kapkac (tutqac), kyarki (kərki), çval (çuval), sabon (sabun), ketmen (kətmən), basmaq (başmaq) və s. sözləri nümunə göstərmək mümkündür.
Erməni dilində olan onomastik sözlərin də böyük bir qismini türk soyadları təşkil edir. Erməni tədqiqatçısı T.M.Avetisyanın iddiasına görə, «Erməni soyadlarının yalnız 26,3 faizi orijinal erməni dilində yaranmış, digərləri isə başqa dillərdən, o cümlədən türk (Azərbaycan) dillərindən keçmişdir. (T.M.Аvetisyan: “Erməni soyadları”,Yerevan-1986, səh: 112-114, rusca) Əlbəttə, düz demir, bunların sayı daha çoxdur. Elə təkcə Ə.Ələkbərli və E.Qaraqoyunlunun “Türkmənşəli erməni soyadları” əsərində türk (Azərbaycan) mənşəli 1001 erməni soyadının elmi şərhi verilmişdir. Professor A.Bayramov da özünün “Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik leksik vahidlər” adlı məqaləsində göstərir ki, “Azərbaycan antroponomikasında olduğu kimi, erməni onomastikasında işlənən şəxs adları və soyadların əksəriyyəti türkmənşəlidir”. Alim erməni dilinə keçmiş türk mənşəli onomastik vahidləri belə qruplaşdırır: qədim türk-Azərbaycan tayfa adları əsasında formalaşan və erməni dilində işlənən soyadlar (məsələn: Xalacyan, Avdalyan, Dulqadiryan, Afşaryan, Tataryan və s); peşə, sənət bildirən tayfa adları əsasında formalaşan və erməni dilində işlənən soyadlar (məsələn: Daraxçiyan, Dolmaçıyan, Dulgəryan, Xarratyan, Dəlləkyan; şəxs adları əsasında formalaşan və erməni dilində işlənən soyadlar (məsələn: Abasyan, Adilyan, Qanbaryan, Şaxmuradyan, Allaxverdiyan və s.) titul bildirən sözlər əsasında formalaşan və erməni dilində işlənən soyadlar (məsələn: Ağayan, Paşayan, Atabekyan, Amiryan, Xanoyan, Bekzadyan və s.) ümumi apelyativlər əsasında işlənən familiyalar (məsələn: Altunyan, Cavanyan, Gozalyan, İgityan, Çobanyan və s.); tərkibində baba, ata, dədə, ana və s. qohumluq bildirən sözlər əsasında formalaşan və erməni dilində işlənən soyadlar (məsələn: Ulubabyan, Atayan, Ananyan, Babacanyan, Dadayan və s.).
Erməni dillərinə keçmiş sözlərin bir hissəsi də şəxs adlarıdır. Bunlar əsasən mülki və hərbi titul (məsələn: Sardar, Srıbek (Ağabəy), Beqlar, Ağa, Yuzbaşı Orduxan və s.); zoonim və fitonimlər (Ceyran, Sona, Şahbaz, Güli, Qulnaz, Gulnar, Qonça, Maral və s.); qiymətli daş-qaş adları (məsələn: qohar (gövhər), zumrud, almas, sadaf (sədəf), qumuş (gümüş) və s.) və qohumluq münasibətləri, arzu və istək mənalı sözlər (məsələn: ata, arzu, Azad, Ayvaz, Arzuman, Badal, Murad və s.) əsasında yaranıb erməni dilinə keçən şəxs adlarıdır. (Nümunələr A.Bayramovun “Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik leksik vahidlər” adlı məqaləsindən götürülmüşdür.)
Ermənilər nəinki sözlərimizi, eləcə də atalar sözü və zərb-məsəllərimizi, yaxud idiomatik ifadələrimizi də tərcümə etmədən işlədirlər. Onlar bunu bilə-bilə edir, bu yolla Azərbaycan türkcəsindən aldıqları sözlərlə erməni dilini zənginləşdirir, onun poetik imkanlarını artırır, yaradıcılıq işi zamanı rastlaşdıqları boşluqları doldururdular. Pedaqoji elmlər namizədi Y.Arustamyan yazırdı: “Bir çox Azərbaycan atalar sözü və məsəllərini ermənilər tərcümə etmir və olduğu kimi işlədirlər. Ancaq onların bütün təravət və məziyyətini, dərin fəlsəfi məzmununu saxlamaqla tərcümə etmək mümkün deyil”.
Onu da qeyd edək ki, təxmini hesablamalara görə, Ermənistanın toponomik
Fondunun da 30-35 faizi türk mənşəlidir. (A.Qurbanov: “Azərbaycan onomalogiyasının əsasları”, II cild, Türkiyə, İstanbul-2019, “İmak”, səh:209)
Dillər arasında qarşılıqlı əlaqə ta qədim zamanlardan bu günə qədər olmuş, olmaqdadır, yəqin ki, gələcəkdə də olacaq. Əlbəttə, qohum olmayan dillərdə türkmənşəli dil vahidlərinin yer almasında coğrafi areal və qonşuluq prinsipləri mühüm rol oynayır. Lakin qohum olmayan dillərin birindən digərinə keçmiş sözlərin həddindən artıq çox olmasını nə qonşuluq, nə iqtisadi, nə də digər səbəblərlə əlaqəndirmək mümkün deyil. F.Ağasıoğlunun da qeyd etdiyi kimi, iki dilin birləşib qarışıq dilə çevrilməsi mümkün deyil, ona görə də, burada ancaq həmin dillərdən birinin üstünlüyü ilə yeniləşmiş digər dildən söhbət gedə bilər. E.Əhmədova özünün “Türk kökənli sözlərin dünya dillərində təzahürü” adlı məqaləsində məsələnin mahiyyətini belə izah edir: “Erməni dilində türk sözlərinin kəmiyyət çoxluğu onunla əlaqədardır ki, bu gün erməni kimi tanıdığımız xalqın etnik tərkibinin əsasını qıpçaq türklərindən olan ərmənlər təşkil edir…və eramızın XIII-XVII yüzilliklərində Qara dənizin şimal ərazilərində yaşayan qıpçaq ərmənlərin dili məhz türk dili idi”. (SDU-nun “Elmi xəbərləri”-2020, №2, səh: 14-15) Tarixi faktlar göstərir ki, XI yüzilliyin ortalarında erməni Boqratlılar dövlətinin məhvindən sonra köç edərək Krıma yerləşən ermənilər, daha sonrakı yüzillikdə Qıpçaq türkçəsini mənimsəyərək rəsmi yazışmalarda və kilsədə istifadə etmişlər. (K.Səmədova: “Ortaq türk leksikasında qıpçaq mənşəli sözlər və Azərbaycan dilində arealları”, Türkiyə, Ankara-2019, səh:43)
Türk düşməni olan bu məxluqlar başa düşmək istəmirlər ki, onların əsl adı hay (Hayasa şəhər-vilayətinin adı ilə hay, yəni Hayasa qulu) olub. Hayların Cənubi Qafqaza kütləvi axını isə 1431-ci ildən – erməni kilsəsi üçün indiki Eçmiədzin ərazisinin pulla satın alımasından və 1441-ci ildə erməni dini kafedrasının Kilikiyanın Sis şəhərindən bura köçürülməsindən başlayır. Yerli, türk əsilli xalqların (alban-oğuz, xüsusən türk əsilli və türk dilli xristan qıpçaqları-ərmənlərin) haylaşdırilması da elə bu vaxtlardan başlamışdır. Bu proses XIX əsrin sonlarında başa çatmışdır.
Onlar bir sıra xristianlaşmış və türk əsilli xalqları, həmçinin ərmənləri, yəni bizim “din ayrı qardaşlarımızı” - qıpçaqları haylaşdıra bildilər, onlara qarışdılar. Q. Kapansyan deyirdi ki, ”...haylaşması prosesi başa çatdığı üçün biz artıq yunanca formalaşmış yeni armen-oi, Armen-ia, həm də mümkün qədər hay dili dominantı ilə armen adı altında yeni etnik keyfiyət düşünməliyik”. Beləliklə, özləri erməni (ərmən), dilləri erməni (ərmən) dili oldu. Hazırda iki etnik toplumdan ibarətdirlər: haylardan və haylaşmış ermənilərdən – xristianlaşmış və türk əsilli xalqlardan. (Ə.Ələkbərli və E.Qaraqoyunlu: “Türkmənşəli erməni soyadları”, Bakı-2016, “Qaya”, səh: 5,10,12).
Lakin “mümkün qədər hay dili dominantı ilə” dil yarada bilmədilər. Çünki Qafqazda daha qədim, zəngin, gözəlliyi, emosional-poetik xüsusiyyətləri, axıcılığı, söz sırasının poetik durumu ilə könüllər oxşayan və əsas işlək dil (linqva franka) olan Azərbaycan dili vardı. O, Azərbaycan dili ki, vaxtı ilə Y.Lermantov dostu Rayevskiyə bu dil barədə belə yazmışdı: “Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda, ümumən Asiyada Azərbaycan dilini bilmək bir o qədər əhəmiyyətlidir”. Hibrid xalqın “erməni dili” adı ilə meydana çıxan hibrid dil də Azərbaycan dilinə möhtac idi. Ayrı əlacı da yox idi.
Bir sözlə, Azərbaycan dilinin erməni dilinə təsiri gün kimi aydındır. “Qədim erməni dili” öz varlığı üçün türk dillərinin, xüsusən Azərbaycan dilinin qarçısında baş əyməlidir. XX əsrin tanınmış ermənişünası Q.A.Kapansyanın da yazdığı kimi, əgər “Erməni dilindəki...başqa dillərdən alınma sözləri...çıxsaq, erməni dilinin əsasını, özəyini təşkil edən 5 minə qədər söz, 30-a qədər sözdüzəldici və sözdəyişdirici şəkilçi qalar”dı.
Eşq olsun Ana dilimizə!
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi