“QARABAĞ HAYKUSU”

30-07-2018, 09:44           
“QARABAĞ HAYKUSU”
“QARABAĞ HAYKUSU”
İl — 1993. Ay – iyul. Gün – 22.

Yerimə keçib masama baxdım. Üstü həmişəki kimi kağız və yazı-pozuyla dolu idi. Onları oxuyub sahmanlamaq, bəyənilənləri çapa hazırlamaq lazımdı. Bütün bunları görmək gözümə durmuşdu. Siqaret yandırıb tüstünü ciyərlərimə çəkdim. Bir-iki qullab da vurub işə başladım.

Rauf (Talışinski) içəri girəndə növbəti yazını redaktə edirdim. İlk sözü bu oldu ki, “Старик, ну ты и накурил тут. Прямо топор можно вешать” (Qoca, bu qədər də siqaret çəkmək olar. Tüstüdən göz-gözü görmür). Elə o saat da siqaret yandırdı. Dodağım qaçdi. Güldüyümü görüb özü də qımışdı və mətləbə keçdi, dedi ki, Moskvadan iki amerikalı müxbir Ağdamdan reportaj hazırlamaq üçün gəliblər. Ora getməlidirlər. Müdafiə Nazirliyindən döyüş bölgəsində işləməyə icazə də alıblar. Sadəcə dilmanc və bələdçiyə ehtiyacları var…

Ertəsi sabahdan yola çıxdıq. Qadın və kişi idilər. Tutduqları maşın da rəngi solmuş qırmızı “03” idi. Maşına şübhə ilə baxdığımı görən sürücü:”Darıxma, əmioğlu, çatdıracam sizi mənzil başına”,- dedi. Başqa çarə yoxdu, getmək lazımdı.

Hava isti, yollar bərbad, maşın kondisionersizdi. Qarabağa yaxınlaşdıqca hərbi maşınların sayı artır, başımızın üstündənsə tez-tez rusun el arasında “krokodil” adlandırılan vahiməli hərbi vertolyotları uçurdu. Aşağı şığıyanda pərlərinin vıyıltısı adamı az qala kar edirdi. Camaat deyirdi ki, Surətin (Surət Hüseynov – red.) vertolyotlarıdı, indicə erməninin anasını ağladacaqlar. Hələ də ağladırlar…

Bərdəyəcən qaziyəsiz gəldik. Bircə yerdə “QAİ” saxladı, ona da bir şüşə su verib razı saldıq. Amerikalılar təəccüblənsələr də, xahişimi yerə salmayıb suyu verdilər. O zaman plastik qablarda su təzə-təzə dəbə minirdi. Bərdədə isə “03”-ün təkəri dözməyib partladı. Sürücü onu dəyişdirənədək ətrafda dolaşdıq. Sakitlik idi, nə bir çaxnaşma vardı, nə də həyəcan. Heç elə bil 20-cə kilometrlikdə döyüş getmirdi. Diqqətimi təkər təmiri qarajinın arxasındakı iki cılız söyüdün kölgəsinə sığınmış orta yaşlı kişi çəkdi. Əlindəki karton parçasıyla gah özünü yelləyirdi, gah da qırıq bir manqalda bişməkdə olan iki-üç şiş kababı. Ona yaxınlaşıb salamlaşdım. Fikrim bu idi ki, danışdırıb vəziyyəti öyrənim. Salam-kəlamdan sonra soruşdum ki, “bəs, ay qaqa, Ağdamdan nə xəbər”? Heç mən tərəfə qanrılmadı da – manqaldakı şişləri çevirirdi. Eləcə çiynini çəkib:”Nə bilim”,-dedi. Tüstünün gözümü ayışdırdığını hiss etdim…

Təkər düzələn kimi yolumuza davam etdik. Ağdama qədər bir-iki post keçdik. Sonuncunun şlaqbaumu da vardı, amma açıqdı. Bizi nə saxlayan oldu, nə kim olduğumuzu soruşan, nə də döyüşün birbaşa içinə getdiyimizdən xəbərdar edən. Rahatca düz rayon mərkəzinədək getdik. Nəsə sakitlik idi – atışma-filan yoxdu, bir anlıq düşündüm ki, ermənilər yəqin nahara çıxıblar. Amma yolboyu dağılmış, hələ də dam yeri tüstülənən evləri gördükcə hirsimdən dişim bağırsağımı kəsirdi. Yolun yüz metrliyindəki ev isə hələ də yanırdı – damın kərənlərinin çatırtısı eşidilirdi. Yalnız, bütün bu mənzərəyə uyuşmayan bir şey vardı – Ağdamda yaman tikinti gedirdi. Ev-eşiyini qoyub getmək barədə düşünən yoxuydu…

Sürücümüz bakılıydı. O da Ağdamı elə mənim kimi tanıyırdı. Ana yoldan sağa ya sola burulsaydıq, gedib düz düşmənin üstünə çıxacaqdıq. Arada bir sola da döndük, amma təxminən 500 metrdən sonra anladıq ki, icra hakimiyyətindən uzaqlaşırıq. Ağdam bazarına çatanda bir xeyli adamın yığışıb nəyi isə müzakirə etdiklərinin şahidi olduq. Bizi görəndə təəccübləndilər də. İcra hakimiyyətinin yerini soruşdum, nişan verdilər. Maşından enəndə ağacın kölgəsində iki əskər mürgüləyirdi. Silahsızıydılar. İcranın binasının hansı olduğunu soruşanda onlardan biri əlini gözünün üstünə tutub aşağıdan yuxarı bizi süzdü və sonra əliylə qabaqdakı binanı göstərdi. Giriş qapısında əli avtomatlı polis nəfərindən başqa kimsə yoxdu. Özümü təqdim edib kiminlə və nə üçün gəldiyimi bildirdim. Polis rəhbərlikdən heç kimin olmadığını dedi və tezcə də əlavə etdi ki, bəs yuxarıda bircə şöbə müdiri var. İstəsək onunla görüşə bilərik. Görüşdük. Amerikalılar suallarını verdilər, cavablarını aldılar, mən də tərcüməçilik etdim. Məlum oldu ki, icra başçısı bir-iki gündü yoxdu, onunla da birgə əsabələri. Rayon başsızdı. Nəsə dilim dinc durmadı, şöbə müdirinə dedim ki, bəs sən niyə qalıbsan, çıx aradan. Üzümə baxıb başını buladı:”Mən Ağdamlıyam. Evimi qoyub hara gedim?”. Qəhərləndim və kişini qucaqladım…

Artıq geri qayıdırdıq. Nə dinən vardı, nə də danışan. Gördüklərimi həzm etməyə çalışırdım. Bərdəyədək yolboyu isə minik və yük avtomobilləri, traktorlar düzülmüşdü. Yaman qələbəlikdi. Amma arvad-uşaqdan başqa gözə dəyən yoxdu. Amerikalılar maşını saxlatdırdılar – camaatla danışmaq istəyirdilər. Əvvəlcə bizə əhəmiyyət verən olmadı, amma sonra jurnalistlərin amerikalı olduğunu bilib başımıza yığışdılar. Elə bilirdilər amerikalılar gəlibsə, işlərimiz düzələcək. Şikayət etməyə başladılar, ölçü götürməyi tələb edənlər də oldu… Amerikalılarsa elə hey sual verirdilər. Nəhayət dərdlərinə dərman ola bilməyəcəyimizi anlayıb sakitləşdilər. Əlləri hər yerdən üzülmüşdü. Sonunda söhbəti bir gəlin:”Ay qardaş, onsuz da əlinizdən bir iş gəlmir, çıxın gedin”,- deyə bitirdi. Sözün məni tutduğunu hiss edib əlavə etdi:”İncimə, snayper vura bilər sizi, hayıfsınız”. Niyəsini soruşanda isə:”Əyin-başınız bizdən seçilir, hədəfə tez gələrsiniz”,- deyib traktor qoşqusunun altındakı kölgədə daldalanan balacaların yanına getdi…

Yevlaxa çatanda saat 5 olardı. Elə yeməyə otururduq ki, Ağdamın işğalı xəbəri gəldi…

***

«Ayna» qəzetini

Vərəqləyirdi külək

Ağdamın ortasında…

Rauf Muradovdan “Qarabağ haykusu”

***

Həmin günün üstündən düz 25 il keçir. Çox şey daha əvvəlki kimi deyil. Yollar da düzəlib, sovetin «03»-ləri də yoxa çıxıb, plastik qablarda su da adiləşib. Rauf da (Talışinski) dünyasını dəyişib. Artıq «Ayna» qəzeti də yoxdur. İndi külək onun vərəqlərini Ağdamın ortasında yalnız dostumuz Rauf Muradovun haykusunda vərəqləyə bilər. Ən başlıcası isə odur ki, traktor yedəyinin altındakı kölgədə daldalanan balacaların artıq özlərinin övladları böyüyür, amma Qarabağsız, çünki dəyişməz olaraq bircə şey qalıb. O torpaqlar hələ də düşməndədir.

Mən o gündən bəri Ağdamda olmamışam, heç başqaları da olmayıb, amma əminəm ki, bu həyatda olmasa da, o birisində mütləq Ağdamda olacam…

İl – 2018. Ay – iyul. Gün — 24.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.