300 minlik “Lexus”da qayda pozan Göyçay şefi ailə podratı açıb - Foto/Şok siyahı

19-12-2019, 00:07           
300 minlik “Lexus”da qayda pozan Göyçay şefi ailə podratı açıb - Foto/Şok siyahı
Göyçayın icra başçısı Mehdi Səlimzadəyə məxsus olduğu deyilən 300 min manatlıq “Lexus” avtomobil sosial şəbəkələrdə yayımlanıb.

Bu barədə rayonda yaşayan hüquq müdafiəçisi Taleh Xasməmmədov feysbuk səhifəsində paylaşım edib.

Sayrışan işıq və səs siqnalları, eləcə də xüsusi nömrə ilə bəzədilmiş, nömrə yerinə “S - S” yazılmış bu maşına yəqin ki heç bir DYP əməkdaşı saxla əmri verə bilməz.

T.Xasməmmədov yazıb ki, 99 SM 600 dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq cərimə duracağına yerləşdirəcək yol polisi yoxdur.

Əlbəttə, maşının nömrəsiz sürülməsi qayda pozuntusudur. Lakin Göyçayın ağası olan M.Səlimzadə üçün qayda pozmaq gündəlik vərdişdir. Onun rayona rəhbər təyin olunması ilə keçmiş başçılara şükür edilir.

Bloqer Həbib Müntəzir yazıb ki, Zakir Fərəcovun qudası olan Mehdi Səlimzadənin qohumbazlıq siyasəti bu cür davam edib:

Səlimzadə Toğrul Səlim oğlu - icra başçısının qardaşı oğludur. Mehdi müəllim onu özünə sürücü təyin edib.

Səlim İldırım oğlu Məhərrəmov - İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorudur. İcra başçısının qardaşıdır, sürücüsü Toğrulun atasıdır. Onun İmişli rayonu, Sarxanlı kəndində oğlunun adına, yəni "Toğrul-Fermer təsərrüfatı" şirkəti var.

- Cəbrayılov Surxay Əli oğlu - İcra başçısının ögey qardaşıdır, anadan bir, ata ayrı. Göyçay Rayon Mərkəzi parkının rəhbəridir.

- Cəbrayılov Əli Surxay oğlu - İcra başçısının qardaşı oğludur. Göyçay Bələdiyyəsinin reklam şöbəsinin məmurudur.

- Cəbrayılov Səməd Surxay oğlu - Mehdi müəllimin qardaşı oğludur. Mehdi Səlimzadə icra başçısı təyin ediləndən sonra Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsində işləyib. Səməd Cəbrayılov həmçinin göyçaylı deputat Elxan Süleymanovun da qohumudur.

Mətbuatda Səməd Cəbrayılovun Göyçayda, Qəbələdə və Bakıda villalara, bahalı avtomobil və obyektlərə sahib olması ilə əlaqədar fotolar, məqalələr yayılıb.

- Bəkirova Telli Surxay qızı (qızlıq soyadı Cəbrayılova) - Özü iddia edir ki, icra başçısı onun əmisidir. Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor müavinidir.

- Cəbrayılova Solmaz Ağamirzə qızı (Bəkirova Tellinin anası, qızlıq soyadı Tağıyeva) - İcra başçısı Mehdi Səlimzadənin qardaşının yoldaşıdır. Göyçay rayon, Potu kənd orta məktəbinin direktor müavinidir.

- Bəkirov Famil Ərazi oğlu - Mehdi Səlimzadənin qardaşının kürəkənidir. Famil Bəkirov Göyçay Gənclər Mərkəzinin rəhbəridir. "Famil-A" MCC şirkətinin sahibidir. İşsizliyin aradan qaldırılması proqramına əsasən Göyçay rayon icra hakimiyyəti müsabiqə keçirib və layihənin tenderi məhz başçının qohumunun şirkətinə verilib.

- Cəbrayılov Seyfəddin İsrəfil oğlu - Mehdi müəllimin qohumudur. İcra başçısının Göyçay rayon İnçə kəndinin nümayəndəsidir.

- Cəbrayılov Yusif Novruz oğlu - (Seyfəddin müəllimin qardaşı oğlu) İcra başçısının növbəti qohumudur. İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sədridir.

- İcra başçısı öz baldızı oğlunu isə Göyçay Şəhər Nümayəndəliyinə yüksək vəzifəyə təyin edib.

- İcra başçısı Mehdi Səlimzadə Səməd Cəbrayılovun qaynatasını Göyçay rayon Yaşıllaşdırma İdarəsinin rəisi qoyub.

- İcra başçısı Mehdi Səlimzadənin qızı Nəzrin Səlimzadə JW Marriott Absheron Baku otelində "NİRRİN Health&Spa" Gözəllik və Sağlamlıq Mərkəzinin baş direktorudur.

Belə bir tayfabazlıq siyasəti aparan başçıdan rayonda kifayət qədər şikayətlər var. Məsələn, I qrup əlil olan rayon sakini Şahin Əhmədov prezidentə müraciətində bildirmişdi ki, Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan bu günə qədər ancaq torpaq satmaqla, bazar maqazin açmaqla məşğuldur:

“Onun yarıtmaz fəaliyyətinə görə rayon sakinləri əziyyət çəkirlər. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm nümayəndənizi göndərib gəlib 3 nəfər əlilin yaşadığı mənzilin hansı bərbad vəziyyətdə olmasını gözləri ilə görsünlər və Sizə məruzə etsinlər”.

Baqa bir şikayətə baxaq - Göyçayın 2-ci Ərəbcəbirli kənd sakini sahibkar Həsənov Ramiz Əli oğlu bunları demişdi:

“Göyçay rayon icra başçısı Mehdi Səlimzadə biz sahibkarlara qan uddurur. Bu adam Göyçay rayonuna icra başçısı təyin olunduğu bu 3 il ərzində rayonu viran günə qoyub.

Mehdi Səlimzadənin korrupsiya əməlləri faktlarla sübut edilsə də onun barəsində heç bir tədbir görülməyib.

Mehdi Səlimzadə Göyçay rayonuna icra başçısı təyin olunandan sonra fermerlərə, bələdiyyələrə məxsus torpaq sahələrinə əl qoymağa başladı. Mənim istifadə etdiyim torpağı əlimdən zorla aldı.

Adınıda belə qoydu ki, Göyçayda aqropark yaradılır. Çərəkə kəndində 50 hektar, Xəlitli kəndində 30 ha, Mallışıxlı kəndində 40 ha, Bəydövüldə 60 ha, Şirvan kolxozuna və 106 nömrəli Peşə Kollecinə məxsus 100 ha torpaq sahələrini aqropark yaradılması adı ilə ələ keçirib istifadə etməyə başladı.
Mehdi Səlimzadə Göyçayda açıq-aşkar saxtakarlıqla talançılıq siyasətini həyata keçirib kapital toplamaqla məşğul olur”.

Bu arada reportyor.info yazmışdı ki, M.Səlimzadənin idarəçiliyi dövründə baş verən haqsızlıqlar, qohumlarının rayonda hegemonluğu, bazarların bağladılması, sahibkarların incidilməsi, Göyçayın viran qoyulması, heç bir abadlıq işləri həyata keçirilməməsi, küçələrin natəmiz, zibillik içində olması, sakinlərin şikayətlərinin qulaqardı edilməsi, yolların bərbad vəziyyətdə olması, başçının qəbuluna gələnlərin probleminə baxılmaması, göyçaylı oliqarx, öz doğma yurdunu sevdiyi üçün müəyyən abadlıq işləri görən Fərhad Əhmədova M.Səlimzadə tərəfindən “gün verilib, işıq verilməməsi” adıçəkilən rayonda narazılığı xirtdəyə qədər çatdırıb.

Göyçayın icra başçısından elə bir sakin tapılmaz ki, razılıq eləsin. Sahibkarından, milyonçusundan tutmuş aztəminatlı ailəsinə qədər M.Səlimzadədən şikayətlənirlər.

Noyabrın 9-u və 10-u günlərində Nar bayramı keçirilib. Satıcıların sözlərinə görə, məhsullarını satmaq üçün onlardan 150-200 manat məbləğində vəsait tələb olunub. Bu satıcılardan biri də Göyçay sakini Elnur Rəhimlidir.

Elnur Rəhimli gozetci.az-a bildirib ki, Göyçayınm başçısı Mehdi Səlimzadə tərəfindən onlardan qanunsuz olaraq pul tələb edilir.

Təxminən 200 nəfərə yaxın ərzaq, oyuncaqlar və digər məhsulları satan satıcılardan isə 50 manat məbləğində ödənilməsi tələb olunub.

Elnur Rəhimli bildirir ki, onlardan bu pulun kim tərəfindən yığıldığını soruşanda ona bildiriblər ki, bu, Göyçay şəhər nümayəndəliyinin tapşırığıdır.

Ancaq narazı təkcə nar bayramının “qurban”ları deyil. Bazarlarda işləyənlər, sahibkarlar da narazıdırlar. Demək olar ki, prezidentin tapşırıqlarının heç biri Göyçayda yerinə yetirilməyib.

Göyçay şəhəri Səməd Vurğun küçəsi ev 24 sakini Əliyev Vaqif Rafiq oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır:

“Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşının kürəkəni Famil Bəkirova məxsus “Famil A” MMC 500-dən çox vətəndaşın maaş kartına sahib olub.

Belə ki, işsizliyin aradan qaldırılması proqramına əsasən, Göyçay rayon İcra Hakimiyyəti müsabiqə keçirib və bu lahiyənin tenderinin qalibi məhz başçının qohumu Famil Bəkirovun adına yaradılmış “Famil A” MMC olub.

Bundan sonra rayonda aparılan tikinti-təmir və digər işlərdə fəhlə kmi işlədilməsi adı ilə 500 nəfərdən çox vətəndaşa maaş yazılıb, başçı tərəfindən mənimsənilmişdir.

Hazırda həmin maaş kartları adları işçi kimi qeydə alınmış vətəndaşlarda deyil, Famil Bəkirovun cibindədir. Talan edilən pulun 90 %-i Mehdi Səlimzadəyə çatır.

Hər ay 500 nəfərdən çox vətəndaşa maaş yazılır, anacaq nə iş var, nə də adları işçi kimi yazılan şəxslərin maaşdan xəbələri yoxdur. Famil Bəkirov Göyçayın icra başçısı Mehdi Səlimzadənin qardaşı Surxay Cəbrayılovun qızı Telli müəllimənin həyat yoldaşıdır.

Həmin Telli müəllimə ki, işlədiyi Göyçay şəhər 5 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmaq üçün hazırkı direktor Solmaz Kazımovanı şantaj etdirmək üçün pullar xərcləyir. Hətta icra başçısının qardaşı qızı Telli Bəkirovanın ali təhsil alması barədə diplomu da saxtadır.

http://cahan.info/manset/12756-300-minlik-lexusda-qayda-pozan-goycay-sefi-aile-podrati-acib.html












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.