Məhkəmənin elan etdiyi qərarı dəyişməsi ilk deyil

13-06-2021, 00:21           
Məhkəmənin elan etdiyi qərarı dəyişməsi ilk deyil
Son günlərin başlıca məhkəmə olayı Yasamal rayon məhkəməsinin hakimi Vahid Hacıyevin elan etdiyi qərarı dəyişməsi haqqındadır. Böyük çoxluq məhkəmə praktikasında belə halla ilk dəfə rastlaşdığını bildirir. Gerçəkdə isə məhkəmə hüquq sistemində bu kimi özbaşınalıqlar yetərincədir. Sadəcə tərəflərin “çəkisi” olayın “şişməsinə” əsas verməyib.
Ortalıq 15-20 il qabaq AZTV-dəki işindən həyat yoldaşının siyasi baxışlarına görə çıxarılan xanım jurnalistin Səbail məhkəməsində qaldırdığı iddiasının təmin edilməsi hakimin dilindən elan edilmişdi. Bir neçə gündən sonra qətnaməni almağa gedən iddiaçı təmin olunan işə bərpa iddiasının “rədd edilməsi” ilə üzləşmişdi. Yanılmıramsa, hakim əvvəllər Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Borçalı kökənli Yusif adlı şəxs idi .
Uzağa getməyək, bu sətirlərin yazarının iddiası üzrə 15 fevral 2019-cu ildə Şəki İnzibati Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə dinləmələr keçirildi və iclas növbəti tarixə (22 fevral) təyin olundu. Həmin gün iddiaçı tərəf məhkəməyə gəlsə də, qarşı tərəf (DİN-in vəkili Əlirza Həbilov) gəlməyib və heç bir qərar qəbul edilməyib. Lakin məhkəmə köhnə tarixə - 15.02.2019-cu il tarixinə iddianın mümkün sayılmaması haqqında qərardad tərtib edib. 2 il yarımdır bu saxta qərardad digər məhkəmələrin və yuxarı instansiyaların əlində “presedent” rolunu oynayır. İşə mahiyyəti üzrə baxılmamasının hüquqi presedent ola bilməzliyi bir yana, heç qərardadın özünün elan edilməməsini də məhkəmələr qeyri-prosessuallıqla və qeyri-peşəkarlıqla qəbul etmir. Halbuki , “e-məhkəmə” portalında açıq şəkildə yazılıb ki, 15.02.2019-cu ildə iclas növbəti tarixə təyin olundu. Yəni, heç kamera görüntülərinə də ehtiyac qalmır , portaldan hər şey görünür. Amma 2,5 ildir Məhkəmə Hüquq Şurası , digər bağlantılı qurumlar, cinayət xarakterli məhkəmə saxtakarlığına nəinki hüquqi qiymət verirlər, əksinə, belə saxtakarlığın araşdırmaya əsas olmadığını bildirirlər.
... Kamera görüntülərinin gizlədilməsi, yaddaşdan silinməsi adi “iş qaydasıdır” , portaldakı qeydləri silmək isə mümkün deyil. Elə iddianın mümkün olmadığı kimi. ..
Məğrur Bədəlsoy
P. S.”E-məhkəmə” portalından “skrinşot” bir daha məhkəmə hüquq məmurlarının diqqətinə çatdırılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.