Hacıqabulda Arzu Rəhimovun işçisi hərbi bilet alverində - İTTİHAM VAR

19-04-2016, 10:25           
Hacıqabulda Arzu Rəhimovun işçisi hərbi bilet alverində - İTTİHAM VAR
Qəzetimizin ötən saylarında orduya çağırış mövzunda dərc etdiyimiz yazılarda da biz dəfələrlə belə bir fikri səsləndirmişik ki, son vaxtlar düşmənlərimiz tərəfindən cəbhə bölgəsində törədilən müəyyən təxribatlar ən azından sərhədyanı əraziləri daim gərginlik içərisində saxlamaq məqsədi güdür. Təbii ki, belə olan vəziyyətdə ölkəmizin ilk növbədə müdafiə qüdrətini təmin edən bütün qurumların qüsursuz fəaliyyət göstərməyi tələb olunur. Eləcə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün struktur və şöbələrinin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu ayın əvvəllərində cəbhə bölgəsində baş vermiş məlum hadisələr də deyilənlərin tam əsaslı olduğunu bir daha təsdiq etmiş oldu. Dörd gün ərzində davam edən hərbi əməliyyatlar isə Azərbaycan ordusunun qüdrətini bir daha həm düşmənlərimizə, həm də dostlarımıza aşkar nümayiş etdirmiş oldu. Və əlbəttə ki, əldə olunmuş böyük uğurlar ilk növbədə ölkənin Müdafiə Nazirliyinin fəaliyyətinin yüksək səmərəliliyini ön plana çəkdi.

Lakin təəssüflər olsun ki, bu gün orumuzun uüksək döyüş qabiliyyətinin təmin olunmasına görə məsuliyyət daşıyan heç də bütün qurumlar barədə bu kimi müsbə fikirləri səsləndirmək olmur. O cümlədən cəmiyyətdə formalaşmış ictimai rəy Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) fəaliyyətindən çoxsaylı narazılıqlardan xəbər verir. Xidmətin Hacıqabul rayon şöbəsinin fəaliyyətinə dair aldığımız məlumatlar isə, bu kimi narazılıqların daha da artmasına şərait yaradır. Belə ki, şöbənin fəaliyyətində müşahodə olunan çoxsaylı nöqsanlar barədə bizimdovr.az-a açıqlama verən mənbənin sözlərinə görə, bu gün Nurlan Abbasovun rəhbərlik etdiyi qurum tərəfindən fiziki və əqli cəhətdən sağlam gənclər müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılır: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi üzərinə düşən işin öhdəsində layiqincə gəlməyi bacarmır, ölkənin hərbi çağırış sistemində ciddi qanun pozuntularının yaranmasına səbəb olur. Hacıqabul rayon şöbəsində hərbi xidmətinə göndərilən əsgərin qeydiyyatında müəyyən süni problemlər yaşanır. Bir sözlə, adıçəkilən qurumda rüşvətxorluq və anarxiya baş alıb gedir. Odur ki, Hərbi Prokurorluq, eyni zamanda xidmət rəisi general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsinin fəaliyyətinin ciddi şəkildə araşdırılması ilə bağlı müvafiq göstəriş versə yerinə düşər”.

Bu xüsusda bizimdovr.az-a daxil olmuş başqa bir açıqlamada isə vurğulanır ki, Nurlan Abbasovun rəhbərlik etdiyi şöbədə hazırda bəzi vətəndaşlara saxta hərbi biletlərin verilməsi işi xüsusilə geniş yayılıb. Həm də məlumatlarda şöbənin rəhbərliyi tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması prosedurunun kifayət qədər sadələşdirildiyi də xüsusi vurğulanır. Sirr deyil ki, Səfərbərlik xidmətinin bəzi rayon şöbələrinin fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. O cümlədən, Səfərbərlik xidmətinin Hacıqabul rayon şöbəsinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, hazırda bu rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Məlumdur ki, bu sahədə qanun pozuntularına daha çox məhz hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Qeyd edək ki, bu açıqlamaları redaksiyamıza verən mənbə, həm də iddialrını konkret dəlillərlə də isbatlayır. Bu baxımdan bizə təqdim olunmuş bir hərbi bilet də xüsusi maraq kəsb edir...

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.