General Əsgər Abdullayevin 10 milyonluq villası söküləcək – TƏFSİLAT
19-04-2016, 10:56
Aydın Əliyevin digər müavini Səfər Mehdiyevə isə gömrük komitəsindəki savaşa görə sonuncu xəbərdarlıq edilib.
Bir müddət əvvəl mətbuatda Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayevin 10 milyonluq malikanə tikdirməsi ilə bağlı dərc olunan fotolar ictimaiyyətdə böyük rezonansa səbəb olmuşdu. Qeyd edək ki, yayılan məlumatlarla bağlı nə Gömrük Komitəsi, nə də Əsgər Abdullayev heç bir açıqlama vermədi. Dövlət məmuru olan bir generalın 10 milyonluq villa tikdirməsi hər halda ciddi maraq doğuran bir məsələdir və əgər ortada belə bir idda varsa, o zaman qarşı tərəfin iddiaya aydınlıq gətirməsi sadəcə vəzifə borcudur. Lakin Gömrük Komitəsi və də general Əsgər Abdullayev məsələ ilə bağlı tam sükut nümayiş etdirməsi iddaların doğru olması qənaətini ortaya qoymuş oldu. İddanın doğru olduğunu daha da gücləndirən digər arqument isə Əsgər Abdullayevin mediadakı bəzi dostları vasitəsilə həmin yazıları təmizləmələri oldu.
Qeyd edək ki, həmin məlumat ölkənin bir sıra internet resursları tərəfindən dərc olunsa da, bir çox saytlardan həmin məlumatlar silinib.Bundan sonra isə diqqətçəkən hal həmin ərəfədə mətbuata Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə və sədrin birinci müavini Səfər Mehdiyev haqqında kompramat məlumatın ötürülməsi oldu. Əsgər Abdullayevin mediadakı bəzi dostları vasitəsilə həmin yazıları təmizləməsi ilə paralel olaraq həmin məlumatın yayılması bir daha Gömrük Komitəsində doğurdan suyun həddindən artıq bulandığının açıq gösəricisi olaraq göründü.
Hazırda Gömrük Komitəsində baş verənlərlə bağlı Gunxeber.com saytını məlumatlandıran mənbənin sözlərinə görə, son baş verənlərdən sonra Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev əməlli başlı danlanılıb. Danlamanın səbəbi isə məhz Əsgər Abdullayevin 10 milyonluq villasının şəkillərinin mətbuata ötürülməsi ilə bağlı şübhələrin Səfər Mehdiyevin üzərində qalması olub. Həmçinin hazırda Səfər Mehdiyevin böyük anlamda Gömrük Komitəsində baş alıb gedən ikitirəlik və intriqaların başında durması da diqqətə alınıb. Mənbə bildirir ki, bununla bağlı Səfər Mehdiyevə xəbərdarlıq edilib. Ondan tələb olunub ki, yerində sakit otursun və intriqalarından əl çəksin. Əks halda onu heç də yaxşı olmayan sonuc gözləyə bilər. Mənbə Səfər Mehdiyevin hansı səviyyədə xəbərdarlıq alması barədə sualımızı isə cavablandırmaq istəmədiyini qeyd elədi.
Mənbə qeyd edir ki, Gömrük Komitəsində baş alıb gedən ikitirəlik və intriqaların tərəfinə çevrilən Əsgər Abdullayev də baş verənlərə görə öz payını alıb. Belə ki, gömrük xidməti general-leytnantından tələb olunub ki, mətbuatda şəkilləri yayılan malikanənəi sökdürsün, ərazi tamamilə boşaldılsın və bu barədə raport edilsin.
Qeyd edək ki, Əsgər Abdullayevlə bağlı saytımıza maraqlı məlumatlar da daxil olub. Məlumatlara əsasən gömrük xidməti general-leytnantı təkcə monopoliyasında olan biznesdən hər il 20-30 milyon dollar arasında gəlir götürür. Bu barədə növbəti yazımızda geniş araşdırmanı təqdim edəcəyik.
Xatırladaq ki, son zamanlar Dövlət Gömrük Komitəsində sədr müavinləri arasında ciddi qarşıdurmalar müşahidə olunur. Müşahidəçilər hesab edirlər ki, bu qarşıdurma Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin vəzifədən alınma ehtimalı ilə bağlıdır.
Yazıda adı keçən vəzifəli şəxslərin və Dövlət Gömrük Komitəsinin mövqeyini dərc etməyə hazırıq.
teref.az