POZAN BİZ, QAZANAN KİM? - ARTIQ MİLLİ BƏLAYA ÇEVRİLİBLƏR...
14-04-2023, 12:55
Gələcəyimizin baş bəlası: poz qazanma
Lotereya oyunlarına cəmiyyətdə münasibət heç zaman birmənalı olmayıb. Bu da səbəbsiz deyil. Çünki lotereya da son nəticədə faktiki qumardır. Sadəcə, dövlət lotereya oyunlarını nəzarətdə saxlamaqla əslində iki məqsədə nail olmağa çalışır. Məsələn, siqaret, alkoqol kimi zərərli vərdişləri tam aradan qaldırmaq mümkün olmadığı üçün dövlət siqaretin, alkoqollu içkilərin azyaşlılara satışına, o cümlədən məktəblərdə, məktəblərin qarşısında satışına məhdudiyyətlər qoyulması kimi müəyyən məhdudlaşdırıcı addımlar atır, siqaretin üzərində sağlamlığa zərərli olması kimi qeydlərin yer alması ilə maarifləndirmə işləri həyata keçirir, bununla da cəmiyyəti, xüsusən gənc nəsli maksimum bu zərərli vərdişlərdən qorumağa çalışır. Digər tərəfdən, siqaret və alkoqollu içkilərə yüksək aksiz vergisi tətbiq etməklə həm cəmiyyətin müəyyən qismini sağlamlığa zərərli bu malların alınmasından yayındırmağa çalışır. Ancaq bu zərərli vərdişlərdən cəmiyyətdə bir qismi əl çəkdirmək mümkün olmadığı üçün bu malların satışını məhdudiyyətlər çərçivəsində leqallaşdırmaqla dövlət büdcəsi üçün müəyyən gəliri təmin edir. Bu gəlirin isə son nəticədə cəmiyyətin sağlamlığının qorunmasına yönəldilməsi diqqət mərkəzində olur. Elə Azərbaycanda da bu mallardan alınan aksiz vergilərinin bir qismi icbari tibbi sığorta fondunun maliyyə mənbələri sırasında yer alması da təsadüfi deyil.
Beləliklə, daha bir zərərli vərdiş nəzarətdə saxlanılması üçün dünya ölkələrdə olduğu kimi Azərbaycanda da lotereya adı altında leqallaşdırılıb. Ancaq…
“Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti 2021-ci il yanvarın 16-dan Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib. Bəs bu gün biz hansı prosesləri müşahidə edirik?
Heftelik.az-ın əməkdaşı bir neçə saat ərzində paytaxtda müşahidə aparıb və gəncliyin, azyaşlıların yeni bəla ilə üzləşdiyinin şahidi olub. Paytaxtda insan axınının günün əksər vaxtlarında intensiv olduğu 28 May, Elmlər Akademiyası, 20 Yanvar metrostansiyaları ətrafında nəinki qocalar, orta yaşlılar, o cümlədən tələbələr, yeniyetmələr, hətta azyaşlılar və yaşlı qadınlar da pozmaqla məşğuldur… Biletlərin qiyməti 1 manatdan başlayır.
Harada daha çox kütlə toplamaq olar, orda peyda olurlar. Böyük supermarketlərin qarşısında, hətta qapısının ağzında qocasından tutmuş azyaşlısına qədər belə zərərli vərdişə meyl etməsi üçün canfəşanlıq göstərilir.
Götürək elə 28 May metrostansiyası ətrafını. Neft və Sənaye Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti kimi böyük təhsil ocaqları bu ərazidə yerləşir. Pozub qazanmayanların əksəriyyəti də tələbələrdir. Bunu dərs günləri açıq aydın görmək olur. Gələcəyimiz hesab olunan tələbələrimizi şirnikləşdirib qumara çəkənlər istəyinə nail olur. Son manatını poz-qazana verib, universitetdən evə piyada gedən tələbələr də var. Eyni hal Elmlər Akademiyası metrostansiyasının yanında da yaşanır. Acınacaqlıdır. Üstəlik, indi qadınların da bu vərdişə meyl etməsi ürək ağrıdır.
Gözümüzün önündə açıq-aşkar qumar gedir...
Heftelik.az bir media sibyekti olaraq müvafiq dövlət qurumlarına rəsmi sorğular göndərməklə gələcəkdə bu yöndə araşdırmaları davam etdirəcək. Çünki bu gün hərəkətə keçməsək, sabah gec olacaq…
Heftelik.az
Bütün maraqlı tərəflərin mövqeyini dərc edə bilərik!
Teref.az