Xətai məhkəməsi `KOR QUYU`YA DÖNÜB... - AXI NİYƏ?!
14-04-2023, 09:32
Hakimlərin baxdığı işi oxumaması və məlumatsız olaraq məhkəmə istintaqı aparması, hətta qərar qəbul edərkən qanunsuz olaraq sədrə məruzə edib məsləhət-icazə alması barədə dəfələrlə məlumatlar eşidirik...
Bu da tipik nümunə: TURAN Agentliyi belə bir yazı ilə çıxış edib. Agentlik yazır: "Fotoşəkildəki belə hakimlərdən biridir - Bakının Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlı. O, 4 aydır çoxmənzilli bina sakinlərinin ("Yasamal-15" MMMC) SOCAR şirkətinin "Azəriqaz" İB-yə qarşı iddiası ilə məşğul ola bilmir (ya da istəmir). Söhbət sakinlərə istifadə etmədikləri qaz üçün borc yazılmasından (1500 manatdan çox) gedir. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilib. Bununla belə, 4 iclasda (2023-cü ilin yanvarından aprelin 11-nə qədər) Pərviz Zamanlı iddiaçıya eyni sualı verir: "Siz nə istəyirsiniz? Tələblərinizə dair arayış təqdim edin". Aprelin 11-də keçirilən sonuncu iclasda sakinlərin iddiasının surəti hakimə göstərilib. İddiada ağ kağızın üzərində qara hərflərlə onların "Azəriqaz"dan mövcud olmayan borcu silməsinin tələb edilməsini istədikləri yazılıb. Hakimin buna reaksiyası, yumşaq desək, qəribə olub: "Bu sənəd bizdə yoxdur", deyə əlində iddia ərizəsini tutan hakim təəccüblə bildirib. Yəni hakim etiraf edib ki, o, dörd aydır baxdığı işlə bağlı iddianı oxumayıb! Səhvə yol verdiyini hiss edən hakim sakinlərin ona tələbin iddiada əksini tapdığını xatırladan bir nümayəndəsindən zalı tərk etməyi t tələb edib. Bu arada, hakim iclasa 15 dəqiqə gecikən və soruşmadan zala keçib yerinə oturan "Azəriqaz" İB-nin nümayəndəsi ilə kifayət qədər mehriban danışırdı. "Azirqaz"ın hüquqşünasının iştirak etməməsindən açıq-aşkar "narahat olan" hakim iki dəfə köməkçisinə "Gör Rəşad haradadır?" deyə sual edib. Rəşad gəldikdən sonra işi baxılması üçün Kommersiya Məhkəməsinə göndərməyi təklif edib, baxmayaraq ki, bu məhkəmə artıq iddiaya baxıb və onu Xətai Rayon Məhkəməsinə qaytarıb. Daha sonra hakim sakinlərin şikayətinin mahiyyəti ilə əlaqəsi olmayan suallar verməyə başlayıb. Və o, dördüncü iclasda da heç bir qərar qəbul etməyib, qərarın aprelin 27-də açıqlanacağını bildirib. O, əlavə edib ki, iş Ali Məhkəməyə göndərilməlidir (?). Xətai Rayon Məhkəməsindəki macəralar bununla bitmir. Belə ki, məhkəmənin elektron portalında Pərviz Zamanlının baxdığı işlər arasında bu işlə bağlı məlumat yoxdur (!), baxmayaraq ki, artıq aprelin 12-də keçirilən digər iclaslar haqqında hesabatlar var... Bəs Xətai Rayon Məhkəməsində nə baş verir?"
Artıq məlum olur ki, nə baş verir. Lakin belə hallar yolverilməzdir və şübhəsiz ki, sonda qəbul edilən qərar da ədalətsiz, yaxud mübahisəli olmalıdır. Hansı ki, qanuna görə, hakim qərar qəbul edərkən özünün daxili inamına istinad etməlidir. Bu halda hakim daxili inamına necə güvənib qərar qəbul edə bilər ki, o, işlə tanış deyil, mübahisənin predmetini bilmir...
A.Məmmədli //tezadlar.az//