Marketlər oğrularla əlbirdir? - Qarabağ qazisinin bank kartını oğurlayan barədə polisə məlumat verilmir
17-04-2023, 08:34
25 fevral 2023-cü il saat 12-43-də 1-ci dərəcəli Qarabağ qazisinin kartının metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yerləşən “Bravo” marketində unudulması və özgə kartı ilə oğurluq edən şəxsin bəlirlənməsi yönündə nə polis, nə prokurorluq, nə marketlərin özü 2 aya yaxındır heç bir hərəkət etmir. Həmin gün sözügedən bank kartı ilə saat 19-40-da Nizami rayonu, Bəhruz Nuriyev -14 ünvanındakı “Eviniz” marketində 31.50 manat, Bəhruz Nuriyev -20 ünvanındakı “Grandmart”da saat 19-48-də 53.49 manat, “Bravo”da saat 20-43-də 13.99 manat və SPAR marketdə saat 21-12-də 2.15 manatlıq alış-veriş edilərək, olan-qalan 102 manat vəsait xərclənib. 102-yə 5-6 yol zəng edilsə də və 102-dən şikayət bir neçə dəfə aidiyyatı üzrə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yönləndirilsə də, oğurluq yerinə gəlməkdən imtina edilib. 24-cü Polis Şöbəsindən 0556000064 nömrəsindən zəng edən polis əməkdaşı bildirib ki, 1-ci dərəcəli Qarabağ qazisinin şikayətinə baxmağa borclu deyil. Bu danışıqları mobil operatorun araçılığı ilə ortaya çıxarmaq polisin və polisə nəzarət edən qurumların əlində su içmək qədər asandır. Di gəl, qərəzlə “su içmək” istənilmir.
Oğurluq edilən marketlər hamısı bir məhəllədə, ayaqla 2-3 dəqiqəlik məsafədədirlər. Polisin gec də olsa, sözügedən marketlərdəki kamera görüntülərinə baxmaqdan imtinasını bir yana qoyaq , marketlərin özünün oğurluq faktını gizlətməsini, ziyan çəkmiş şəxsin xahişi ilə hüquq- mühafizə orqanlarına təqdim etməməsini nə ilə izah etmək olar? “Grandmart”- Xalqlar Dostluğu marketində saat 22 radələrində ödəniş çeki çıxardılıb, amma görüntülər nə zərərçəkən kart yiyəsinin özünə verilib, nə də polisə. İnzibatçı görüntülərin yalnız polisə verilə biləcəyini desə də, yalnız polisin müraciəti əsasında verə biləcəyini vurğulayıb. Polis isə, vurğuladığımız kimi, qəti surətdə gəlməkdən imtina edib. Maraqlıdır, marketlərin özlərindən oğurluq ediləndə, hətta bir çörəkdən ötrü “oğru”nun girov saxlanılması faktları yetərincə bəlli olsa da, başqasına ziyan dəyəndə, heç kamera görüntülərinə baxmağa da imkan vermirlər. Belə çıxır, marketlər oğrularla əlbirdir, yoxsa niyə oğurluq barədə polisə məlumat vermirlər, özlərindən oğurluq edəndə isə müştərini “linç edirlər”? SPAR market, BRAVO heç çeki yoxlamaqdan belə imtina ediblər. Yəqin, məhkəmə yolu ilə görüntüləri verməyə məcbur edilərlər.
Bakı şəhər Baş Polis İdarəsinin təşkilat – inspektor idarəsinin rəisi Bəkir Sarıyev 05.04.2023 tarixli məktubla bildirib ki, guya 24-cü Polis Şöbəsinin əməliyyat qrupu hadisə yerinə gəlib, amma Qarabağ qazisi gəlməyib. “Hadisə yerinin fotoşəkilləri çəkilməklə müvafiq sənədləşmə aparılmışdır.” Və oğurluq faktında cinayət tərkibi olmadığından CPM-in 39.1.1 maddəsi əsasında cinayət işinin başlanmasından imtina edilməsi haqqında qərar qəbul edilib. Qərarın əsaslılığının yoxlanılması məqsədilə sənədlər Bakı şəhər Baş Polis İdarəsinə göndərilib. Deyəsən, polis yeni iş metoduna keçib, şikayətçinin izahatı, marketlərdəki görüntülər alınmadan, abstrakt hadisə yerinin şəkli ilə, qərar verilmədən, cinayət işinin başlanmasından imtina edilir və “xüsusatlar” da heç vaxt təsdiqini tapmır.
“Xüsusatları təsdiq edənsə” elə 102 çağrı mərkəzinin özüdür. Bütün danışıqlar günü, saatı, dəqiqəsi ilə mərkəzdə qeydə alınıb. Sadəcə, peşə borcunu yerinə yetirmək qalır.
Məğrur Bədəlsoy