Məşhur generalın qudası həbs edildi
14-06-2023, 07:54
Son vaxtlar ölkəmizdə yüksək vəzifəli şəxslərin adları hallanan dələduzluq əməllərinin sayı artmaqdadır. Əsasən də həmin məmurların qohumları tərəfindən həyata keçirilən vətəndaşların etibarından sui-istifadə halları dövlət qulluqçularını da hörmətdən salmaqdadır. Belə ki, təxminən bir il bundan əvvəl özünü hər yerdə Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin qudası kimi təqdim edən İmanov Telman Qüdrət oğlu tərəfindən aldadılmış vətəndaş aktualxeber.az-a üz tutaraq pozulmuş hüquqlarının bərpa edilməsi və onun ailəsinə dəyən maddi ziyanın ödənilməsi məqsədilə bu faktın ictimailəşdirilərək kömək etməyimizi istəmişdi.
Ağcabədi rayon sakini olan şikayətçidən T.İmanov onu qudası O.Hacıyevin təklif etdiyi FHN-in Maddi-Texniki Təchizat İdarəsində şöbə müdiri vəzifəsinə təyin etdirmək üçün 150.000 manat rüşvət lazım olduğunu bildirmiş və həmin vaxt həmin şəxs nağd pulunun olmadığı üçün Moskva şəhərində yerləşən dəyəri təxminən 100.000 ABŞ dolları olan mənzilini Telmanın qohumunun adına keçirmişdi. Həmin vaxtdan bu günə qədər nə vətəndaşın işi düzəlmiş, nə də ona dəyən maddi ziyan ödənilmişdir. Pulu tələb edəndə isə Telman qudasının adıyla vətəndaşı müxtəlif üsullarla hədələməkdən belə çəkinmirdi. Vətəndaş iddia edirdi ki, generalın qudası ondan başqa bir neçə nəfərə qarşı da külli miqdarda pul alaraq dələduzluq etmişdir. Onların şikayəti əsasında Telman bir dəfə Binəqədi RPİ əməkdaşları tərəfindən saxlanılsa da, sonradan general qudasının köməkliyi ilə sərbəst buraxılmışdı.
Redaksiyamıza yeni daxil olan məlumata görə nəhayət ki, haqq yerini tapıbdır. Belə ki, bir neçə gün bundan öncə Telman İmanov Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyev tərəfindən məhkəmə zalındaca həbs edilibdi.
Qarşı tərəfi də dinləməyə hazırıq.