Göyçayda yolsuzluq: “Bu yola nə əsəb dözür, nə maşın…”

9-04-2024, 15:42           
Göyçayda yolsuzluq: “Bu yola nə əsəb dözür, nə maşın…”
Göyçay sakinləri yolsuzluqdan əziyyət çəkirlər.

1800-ci ildə poçt daşınması məqsədilə salınan və ən son 1980-ci ildə təmir olunan Qaraməryəm-Müsüslü rayonlararası magistral yol 20 ildir ki, bərbad vəziyyətdədir.

Rayon sakini Rəsul Babayev Meydan TV-yə deyir ki, yol çalalarla doludur, toz və palçıq arzuolunmaz həddədir:

“Taksi, avtobus bu yoldan imtina edib. Nə baxan var, nə də verilən vədlər yerinə yetirilir. Xəstəmizi, uşağımızı, qocamızı heç yerə çatdıra bilmirik. Yolda üst-üstə bir kilometr asfalt qalmayıb. Mən məcburam ki, hər həftə bu yolla işə gəlim, ancaq buna nə əsəb dözür, nə də maşın”.

“20-25 dəqiqəlik yolu saat yarıma gedirik”

Onun sözlərinə görə, yüzlərlə sakin bu yoldan gündəlik istifadə etmək məcburiyyətindədir.

Sözügedən yol isə ümumilikdə 40 mindən çox əhalisi olan 12 kəndi birləşdirir.

Yol kənarında yaşayış evləri, məktəblər və ticarət köşkləri açılsa da, yolun özü tamamilə dağılıb.

Sürücü Tural Əliyev deyir ki, bu yoldan istifadə edən maşınlar hər həftə təmir olunur:

“Əlinə keçəni təmirə verirsən. Yayda istidə bu yolda elə toz olur, elə bil səhradır. Uşaqları məktəbə piyada aparmalı oluruq. Hər an qəza, hər an xərcdir bu yol. 20 manatlıq yolu indi 35-40 manata gedirik, gecə vaxtı lap baha aparırlar ki, yol gedilməzdir”.

“Ən çox əziyyəti gündəlik bu yoldan istifadə etmək məcburiyyətində qalan kənd sakinləri çəkir. Bu yolda vaxtla bərabər xeyli pul itkisi də yaşanır. Əsəblər də artıq dözmür. Kəndlərə gəlib-getmək çox çətindir. Maşınlar xarab olub qalır. 20-25 dəqiqəlik yolu 1 saat yarıma gedirik”, – deyə o bildirib.

“Turizm inkişafına dəstək üçün çox perspektivli yoldur”

Sakinlər deyirlər ki, Qaraməryəm, Alxasava, İnçə və Ucarın Müsüslü kəndlərindən keçən uzunluğu 22 km olan yol əsaslı təmir edilməlidir.

Onların sözlərinə görə, vaxtilə bu yolla gündəlik İsmayıllı-Göyçay-Bakı marşrutu hərəkətdə olub. Üstəlik, bu strateji yol kəndləri rayon mərkəzi ilə, rayonun özünü isə iki tərəfdən magistral yolla birləşdirir.

Yolun 9 km-i İnçə kəndindən Qaraməryəm kəndinə, 14 km-i isə İnçədən Müsüslü kəndinə qədər əhatə edir. Ancaq yol o qədər bərbaddır ki, sürücülər bu qısa məsafəni qoyub digər 50-60 kmlik yolu qət etmək məcburiyyətində qalırlar.

Sakinlər bildiriblər ki, bu magistral vaxtilə şimal-qərb və şimal-şərq regionu arasında tranzit yol kimi önəmli olub. Bu yolla çoxlu sayda turist ölkənin şimal-qərb zonasına axın edib. Üstəlik, kənd sakinləri neçə ildir ki, yetişdirdikləri məhsulu yolsuzluq səbəbindən bazara çıxara bilmirlər.

Onlar qeyd ediblər ki, malakanlar İsmayıllının İvanovka kəndində yerləşəndən sonra poçt daşınması məqsədilə öncə daşlıq yol salınıb. 1916-ci ildə Müsüslü dəmir yolu və asfalt örtüyü isə çox sonralar çəkilib.

İsmayıllı rayonu digər şimal-qərb zonaları aktiv bu yoldan istifadə edib, bundan başqa, turizmin inkişafına dəstək üçün çox perspektivli yoldur:

“Avtobuslarla digər ətraf zonalardan şimal- qərbə turist axını olurdu. Yolun bərbad hala düşməsi səbəbindən çoxu üzünü cənub zonasına saldı. Bu dövlət əhəmiyyətli avtomobil yoludur. Qeyd etdiyimiz zonalara çatmaq üçün digər yollardan 40 km məsafə fərqi var. İllərdir ki, kənd sakinlərinin məhsulu batır, uyğun bazara bu yolla çıxmaq əlverişli deyil. Həmçinin kəndlərin inkişafı üçün sərmayə qoyuluşunun qarşısını alır. Əksinə kəndləri tərk edirlər ki, yaşayış şəraiti əlverişli deyil”.

“Yol salınarkən əsaslı təmir getməli, iki zolaqlı yol olmalıdır. Yol dağılıb deyə bəzi yerlərdə eni 6 metr, bəzi yerlərdə 25 metrdir. Mövcud səkkiz körpüsü var ki, hamısına əl gəzdirilməlidir. Yol xəbərdarlıq nişanları ilə təmin edilməlidir. Rayonun həll ediləsi ən ciddi problemidir”, – deyə onlar qeyd ediblər.

“Plana salmışıq deyib yola verirlər”

Kənd sakinləri deyir ki, 13 il öncə əsaslı təmiri məqsədilə yola baxış keçirib, layihə-smeta işlərinə start versələr də, nəticəsi olmayıb. Hər il vəd verilsə də, yerinə yetirilmir.

Onlar vurğulayıblar ki, yol Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansındadır.

Kənd sakini Oqtay Xəlilov da narazı vətəndaşlardandır. O deyir ki, yol təmir edilmədiyindən əhali ağır güzəran keçirir:

“Çox əziyyət çəkirik. Xarici maşınlar bu yolla heç hərəkət etmir, çünki sıradan çıxır, təmiri çox xərc tələb edir. Dəfələrlə qəza olub, həm ölüm, həm yaralılar olub. Xəstəmiz olub ki, bir saata çatdıra biləcəyimiz halda, beş saata getmişik. Təcili Tibbi Yardım kəndlərə gəlmir, imtina edib. Tək İnçə, Qaraməryəm deyil, yol tam çəkilsin ki, həm kəndlərə, həm mərkəzə, həm qonşu rayonlara, hətta Bakıya rahat gedə bilək. Cənub regionlarından tutmuş, şimal-qərb zonasına qədər bu yol vasitəçi idi. Bərbadlığa görə yolu iki dəfə uzatmalı oluruq. İnçə-Müsüslü yolu gedə bilmirik. Halbuki ən uyğun yol odur”.

“Bu yolda maşın sürüm, xəstəmi tez çatdırım deyə bir şey mümkün deyil. 2012-ci ildə üç adam gəlib baxış keçirdi. Dedilər ki, Layihə İnstitutundan göndərilmişik, ilin sonuna yol çəkiləcək. 10 ildən çoxdur ki, onlardan da xəbər-ətər yoxdur. Bələdiyyənin, rayonun gücü çatan deyil. Bu, bir-iki kilometrlik kəndarası yol deyil ki, daş tökək. Asfalt tamamilə yoxa çıxıb, daş və torpaq qalıb. Əsaslı təmir edilməlidir, ancaq “plana salmışıq” deyib bizi yola verirlər”, – deyə o qeyd edib.

“Maliyyə vəsaiti ayrılan kimi… “

Göyçay Rayon İcra Hakimiyyəti və kənd bələdiyyələri isə məsuliyyətin onların üzərində olmadığını deyirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli isə Meydan TV-yə belə deyib:

“Haqqında danışılan yol proqrama salınıb. Maliyyə vəsaiti ayrılan kimi əsaslı şəkildə yenidən qurulacaq”.

“Görünür, maraqlı deyillər”

Kənd sakinləri isə bu tip cavablara inanmırlar:

“İstəsələr, çoxdan maliyyə ayırıb bu yolu təmir edərdilər, görünür, maraqlı deyillər, yoxsa eyni vəd, eyni bəhanə davam etməzdi” – deyə sakinlər qeyd ediblər.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.