Şirvanda borclulardan faizin də faizini alan sələmçi…
23-08-2016, 08:19
«Faiz Hacı» ləqəbilə tanınan Hacı Səmədağa sələmə pul verməklə külli miqdarda kapitala sahiblənib O, faizə pul verdiyi şəxsləri özündən asılı vəziyyətdə saxlayır Bildiyiniz kimi, faizə pul vermək, yəni səlimçiliklə məşğul olmaq həm qüvvədə olan qanunvericiliyə, həm də İslam qaydalarına görə qəti qadağandır. Lakin buna baxmayaraq, bu gün bir çox şəxslər əllərində olan kapitalı məhz səlimçilik yolu ilə birə-beş artırırlar. Onlara misal olaraq Şirvan şəhərində sələmçiliklə məşğul olan Hacı Səmədağa adlı şəxsi göstərmək olar. Belə ki, adıçəkilən şəxsin Həcc ziyarətində olmasına baxmayaraq, hazırda dinin tələblərinə zidd hərəkətlər etdiyini vurğulayan mənbənin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, Şirvan sakinlərinin bir çoxunun hazırda Hacı Səmədağaya külli miqdarda borcu var. Deyilənlərə görə, Şirvan və ətraf rayonlarda kimin pula ehtiyacı yaranırsa, dərhal «Faiz Hacı» ləqəbilə tanınan Hacı Səmədağanın xidmətlərinə baş vururlar: «Misal kimi, «Nur» Ailəvi İstirahət Mərkəzinin rəhbəri Müşviq Əsgərovu göstərmək olar. Belə ki, o, bir müddət əvvəl Hacı Səmədağadan 19 min manat sələm götürüb. Bu pulun 9 minini qaytarsa da, sələb faizinin çoxluğu üzündən götürülən pul azalmaq əvəzinə günü gündən artır. Bu isə ciddi narazılığa səbəb olub. Bildirilir ki, «Faiz Hacı»nın sələmə pul verdiyi şəxslər arasında Fərid adlı şəxs də var. Deyilənə görə, 36 min manat faizə pul götürən Fərid bunu qaytara bilməyəcəyini görüb ölkədən qaçıb. Hikmət adlı şəxs isə 200 min manat pulu faizə götürüb, amma sonradan qaytarmaqdan imtina edib. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Hacı Səmədağa bu gün Şirvanda açıq-aşkar sələmçiliklə məşğul olur. Yəni o, bir növ bankçılıq fəaliyyətilə məşğul olur. Lakin banklardan fərqli olaraq onun əlində müvafiq sənədlər yox. Bu səbəbdən də onun fəaliyyəti qanunsuzdur. Eyni zamanda o, əldə etdiyi əlavə gəlirdən dövlətə vergi ödəmədiyindən birmınalı şəkildə qanunazidd hərəkət edir». Əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, bu gün Hacı Səmədağanın demək olar ki, hər şeyi – saysız hesabsız daşınmaz əmlakı, biznes obyektləri, külli miqdarda kapitalı var. Məlumatlı şəxsin sözlərinə görə, o, bütün bunları məhz sələmçilikdən gələn gəlir hesabına əldə edib: «Faiz Hacı» ləqəbli Hacı Səmədağa əksər hallarda Şirvanda bazarda olur. Hamı onun yerini tanıyır. Hər gün səhər evindən bazara gələn Hacı Səmədağa başında araqçın, əlində qara portfel ağ stolun arxasında əyləşib sələmçiliklə məşğul olur. Bazarda alver edən ticarətçilərin əksəriyyətinin ona borcu var. Alver edib pul qazanan ticarətçilər ancaq Hacı Səmədağanın faizlərini verməyi düşünürlər. Faizləri verə bilməyən şəxsin evini, əmlakını satdırır. Aran rayonlarında kimə faizə pul lazım olursa ona müraciət edir. Hacı Səmədağa isə pulu yüksək faizlə verir. Bildiyiniz kimi, ötən il baş vermiş devalvasiyadan sonra əksər banklar vətəndaşlarla kompramisə gedərək borclu müştərilərin məsələsini bir daha gözdən keçirib onların durumlarını nəzərə alıb müəyyən güzəştlər tətbiq etdilər. Lakin Hacı Səmədağa dolların qalxmasına, manatın düşməsinə əhəmiyyət vermədən ona borclu olanlardan müxtəlif üsullarla pulunu artıqlaması ilə tələb edir. Yəni o, borclulardan faizin də faizini alır. Bir sözlə, «Faiz Hacı» uzun illərdir ki, insanlara sələmə pul verib onları zəlil edir, özündən asılı vəziyyətdə saxlayır». Xülasə, yazının əvvəlində də nəzərinizə çatdırdığımız kimi, İslam dini insanlara pulu sələmə verməyi qadağan edib. Bu haqda müqəddəs «Qurani-Kərim»də bir çox ayələrə rast gəlinir. «Bəqərə» surəsinin 278-279-cu ayələrində bu haqda deyilir: «Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!». Allah-Təala insanlara yalnız zərər olan şeyləri qadağan edib. Pulun sələmə verilməsi nəinki insanı çətinliyə salır, bu eləcə də yaşadığımız cəmiyyətdə bir çox fəsadlara gətirib-çıxarır. Məhz elə bu səbəbdən də İslam dininə görə sələmdən əldə olunan mənfəət ən çirkin qazanc hesab olunur. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.