132-134 saylı Təhsil Kompleksində «təşəkkür»süz iş keçmir

29-10-2016, 00:33           

Sara Xanlarovanın gəlişindən sonra bu təhsil ocağında ciddi problemlər peyda olmağa başlayıb, neqativ hallar birə-beş artıb Paytaxtın mərkəzində, daha dəqiq desək, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən, ölkə başçısının xüsusi tapşırığı ilə 2010-cu ildə binası əsaslı şəkildə yenidən qurulan 132-134 nömrəli Təhsil Kompleksində son zamanlar bir sıra neqativ hallar, ciddi nöqsanlar müşahidə olunmaqdadır. Belə ki, qədim tarixi olan adıçəkilən təhsil müəssisəsinə doğma dilində səlis danışmağı bacarmayan, uşaq psixologiyasından xəbərsiz olan şəxsin rəhbərlik etdiyini iddia edən mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova şəxsi maraqlarını təmin etmək naminə 1-ci sinifə qəbul prosedurunu mürəkkəbləşdirib. Ümumiyyətlə, təmirdən sonra 132-134 saylı Təhsil Kompleksinin direktorunun qəbuluna düşməyin çətin olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Aliyə Təhmasib adıçəkilən təhsil müəssisəsinə rəhbərlik etdiyi dönəmlərdə vəziyyət bundan qat-qat yaxşı olub: «Nəzərinizə çatdırım ki, Təhsil Nazirliyinə ayrılan investisiya vəsaiti hesabına 132 və 134 saylı məktəblər əsaslı təmir olunduqdan sonra bu təhsil ocaqlarının birləşdirilməsi haqqında göstəriş verildi, Aliyə Təhmasib isə işdən çıxarıldı. Beləliklə, iki məktəbin birləşdirilməsi nəticəsində yaranan Təhsil Kompleksinin direktoru vəzifəsinə Sara Xanlarova təyin olundu. Deyilənlərə görə, məhz həmin vaxtdan etibarən 132-134 saylı Təhsil Kompleksində ciddi problemlər peyda olmağa başlayıb, neqativ halların sayı birə-beş artıb. Bildirilir ki, övladları bu təhsil kompleksində Azərbaycan dili bölməsinə birinci sinfə qəbul üçün valideynlər 2000-2500 dəfə, rus dili bölməsinə isə 3000 dəfə «təşəkkür» etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasına görə, ölkədə təhsil pulsuz olsa da, 132-134 saylı Təhsil Kompleksi dövlətin balansında olsa da, xüsusi siniflərdə oxuyan şagirdlərin valideynləri hər ay məktəbə 400 dəfə «minnətdarlığını» bildirir». Bu arada, deyilənlərə görə, Sara Xanlarovanın əməllərinə dözməyib yuxarı orqanlara şikayət edəcəklərini bildirən müəllimlərə, direktor «Nə bilirsinizsə edin, hara istəyinsinizsə şikayət edin, heç nədən çəkinmirəm. Çünki mənim arxamda Təhsil Nazirliyinin yetkili şəxsləri dayanıb» deyir: «Ümumiyyətlə, 132-134 saylı Təhsil Kompleksində təhsil alan şagirdlər və onların valideynləri də təsdiqləyə bilərlər ki, direktor Sara Xanlarova fəaliyyətində ciddi nöqsanlara yol verir. Belə ki, deyilənlərə görə, ara-sıra bu təhsil müəssisəsində çalışan müəllimlərin əməkhaqlarından heç bir tutarlı səbəb göstərilmədən müəyyən qədər tutulur və həmin vəsaitlərin hara xərclənməsi, kimin cibinə getməsilə bağlı heç kəsə məlumat verilmir. Bundan başqa, imtahanlar zamanı şagirdlər gözümçıxdıya salınır, müxtəlif yollarla onlardan nələrsə tələb olunur. Etiraz edənləri isə sinifdə saxlayacaqları ilə hədələyirlər». Məhz elə bu kimi səbəblər üzündən Sara Xanlarovanın kollektiv arasında bir o qədər də hörmətinin olmadığını iddia edən mənbənin sözlərinə görə, o, 132-134 saylı Təhsil Kompleksinə direktor təyin olunduğu gündən bu təhsil ocağının qara günləri başlayıb: «Deyilənlərə görə, Sara Xanlarovanın fəaliyyəti təkcə 132-134 saylı Təhsil Kompleksində təhsil alan şagirdlərin, həmin şagirdlərin valideynlərinin deyil, müəllimlərin də ciddi narazılığına səbəb olur. Belə ki, adıçəkilən təhsil müəssisəsində özbaşınalıqlar, nöqsanlar elə bir həddə çatıb ki, şagirdlərin və müəllimlərin məktəbə gəlmək həvəsi əməlli-başlı azalıb. Çünki şəxsi maraqlarının təmin olunmasına dair məsələlər Sara Xanlarovanın başını necə qatıbsa, sanki gözü başqa heç nəyi görmür». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.