"Forens MMC" ittihamlara cavab verdi - Yeni faktlar ortaya çıxdı
4-11-2016, 20:26

"Company of Education & Outsourcing - CEO" və ya eyni şirkətin rebrendinq edilmiş forması hesab olunan "Forens MMC" redaksiyamıza daxil olmuş şikayətləri dərc etmişdik. Həmin şikayətlərdə xaricdə təhsil almaq məqsədi ilə bu şirkətə pul ödəyən şəxslər aldadıldıqlarını və indi pullarını geri ala bilmədiklərini bildirirlər.
Yazı dərc olunduqdan sonra "Forens MMC" şirkəti redaksiyamıza müraciət edib. Talıb Bayramovun imzası ilə redaksiyamıza daxil olmuş qarşı tərəfin mövqeyini dərc edirik:
"Forens MMC" haqqında yayımlanan iftira və qərəzli xəbərə cavab olaraq bildirmək istəyirik ki, xəbərdə adları keçən Sevda Quliyeva və Əkram adlı tələbəmiz olmayıb. Bu şəxslərin kim olduğunu, adımızdan istifadə edərək hansısa şəxs və ya şirkətin bizə məlum olmayan səbəblərdən dolayı, adıçəkilən və bizə bəlli olmayan şəxslərdən istifadə etməsini hüquqi yolla araşdırıb, qanunun bərqərər olmasına nail olacağıq.
Adıçəkilən Gülnar Məmmədova adlı tələbəmizin narazılığını isə əsaslı saymayaraq. Bildiririk ki, bu tələbəyə dəfələrlə qəbul prosesi və təqaüd vəziyyəti ilə bağlı məlumat verilib. Lakin yenə də tələbə müqavilə üzrə öhdəliyimizin tərəfimizdən yerinə yetirilmədiyini düşünürsə, sivil qaydada məhkəməyə müraciət edə və müqavilədə qeyd olunduğu kimi, 2 tərəfin razılığa gələ bilmədiyi məsələləri məhkəmə qaydası ilə həll edə bilərik.
Adları çəkilən digər 2 tələbə - İmran Əliyev və Mircavid Ağayevin isə bizim tələbəmiz olmadığını bildiririk. Onlara müqavilənin kim tərəfindən və necə verildiyini, kimin onlardan pul aldığını da, bu məsələdə ismi hallanan Orxan Qasımovun (şirkətimizin belə bir əməkdaşı olmayıb) bu işdə əlinin olub-olmamasının da qanuni yolla araşdırılıb, hüququn tələb etdiyi qaydada cəzalandırılmasına nail olacağımıza inanırıq. Həmçinin bildirmək istəyirik ki, yaranmış narazılıq halları üçün məhkəmə orqanları va hüquqi işləmlər var. Tələbəmiz olan hər hansısa şəxs müqavilə üzrə öhdəliyimizin yerinə yetirilmədiyini düşünürsə, eyni sənəddə göstərildiyi kimi, tərəflərin razılığa gəlmədiyi halı, mətbu orqanlarda iftira və qərəz dolu məqalələr dərc etdirməklə deyil, məhkəmədə aydınlaşdıra bilərlər".
Bü arada şikayətçilərdən biri olan Gülnar Məmmədova adlı tələbənin tələb olunan məbləği - 600 manatı adıçəkilən şirkətə ödədiyini sübut edən çekin sürəti redaksiyamıza daxil olub. Həmin çeki və müqavilə sənədini təqdim edir.



Eyni zamanda bildiririk ki, "Forens MMC"in açıqlamasında "şirkətimizin belə əməkdaşı olmayıb" deyilən Orxan Qasımovla bağlı da redaksiyamıza yeni məlumatlar daxil olub. Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.
Qaynarinfo.Az