İmişlidə təhsilə aid olmayan "məktəb"dən miskin görüntülər - VİDEO
6-06-2017, 00:15

Sosial şəbəkələrdə İmişli rayonu Hacı Mustafalı kənd ibtidai məktəbinin görüntüləri yayılıb. Məktəb dəmir ” konteyner”dən ibarətdir.
A24.Az olaraq İmişli rayon Təhsil şöbəsi ilə əlaqə saxladıq. İbtidai məktəbin vəziyyəti haqqında məlumat aldıq. İmişli rayon Təhsil şöbəsinin müdiri Ramiz Əmirov qeyd etdi ki, ibtidai məktəb İmişli rayonunun ucqar kəndində yerləşir və həmin ərazidə əhali azdır. “2010-cu ildə Kür daşqınları zamanı Hacı Mustafalı kəndində yaşayanlar üçün Allahmədədli kəndində, İmişli-Kürdəmir yolunun kənarında böyük bir qəsəbə salındı. Onların hamısının evləri tikildi, əhalinin müəyyən hissəsi yeni qəsəbədə yaşadı, qalanları isə heyvandarlıqla məşğul olduqlarına görə kəndə qayıtdılar. 1-4-cü siniflər üçün UNİSEF-in verdiyi “budka” da bir sinif otağından ibarət ibtidai məktəb hazırlandı. İbtidai məktəbin cəmi 6 şagirdi var. 1-ci sinifdə 2, 2-ci sinifdə şagird yoxdur, 3-cü sinifdə 3, 4-cü sinifdə isə 1 şagird təhsil alır. İbtidai məktəbdə 1-ci sinifdən 4-cü sinifə qədər 1 müəllim dərs keçir”.
Məktəbin qışda isinməsi ilə bağlı suala şöbə müdiri belə cavab verdi: “Qışda sinif otağı soba ilə qızdırılır. Dərslər həmişəki kimi davam edir”.