Eldar Mahmudovla Akif Çovdarovun yağmaladığı “Karvansaray”dan-Reportaj
30-10-2017, 13:57

“Karvasaray” ticarət mərkəzi Lökbatandakı məşhur “Binə” və “Sədərək” bazarlarının böyründə yerləşir. Neçə ildir ki, istifadəyə verilən yarmarka heç cür özünü doğrulda bilmir.

“Lələ köçüb yurdu qalıb”
Bir tərəfdən onun yaxınlığındakı iki nəhəng bazarın olması, başqa tərəfdən onlardan fərqlənə bilməməsi “Karvansaray”ı uğursuz proyekt olması ilə nəticələnib.
Hətta əvvəllər reklamı gedirdi, müştərilərə müxtəlif təkliflər, endirimlər olurdu, yenə də çi fayda?!
İndinin özündə də bazarda “lələ köçüb yurdu qalıb”. Orada işləmək nə sahibkarlar üçün əlverişlidir, nə də obyekt alıb icarəyə vermək.
Müştərilərin isə “Binə” və “Sədərək” bazarlarından çıxıb “Karvansaray”a üz tutması nadir hallarda baş verir.
Ona görə də çökməkdə olan ticarət mərkəzi iqtisadi böhran və manatın devalvasiyasından sonra vəziyyəti daha da pisləşib.
Hazırda satıcılar alıcı üzünə həsrət qalıblar. Əksəriyyəti isə dükanları təhvil verərək bazarı tərk ediblər. Onlar ziyanla işləməkdənsə, fəaliyyəti dayandırmağı seçim ediblər.
Ümumiyyətlə, elə istifadəyə verildiyi tarixdən “Karvansaray”ın gülən günü olmayıb. Ticarət mərkəzi həmişə yaxınlıqdakı yarmarkaların kölgəsində qalıb.
Bu həm də rəhbərliyin strateji seçimindəki yanlışlığın nəticəsidir. Əgər tam yeni bir massivdə açılsaydı, müştərilər axın edərdilər.
Üstəlik, bu bazarın başı bəlalıdır. Belə ki, “Karvansaray” ticarət mərkəzi sahiblərindən 2012-ci ildə zor və işgəncələrdən sonra alınıb.
Ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu istintaqa ifadələrində deyib ki, “Karvansaray” MMC-ni 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başlayıb. Tikintiyə ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulub.
MTN-nin “Karvansaray” əməliyyatı

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov
2012-ci ilin əvvəllərində keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov “Karvansaray” MMC-nin rəhbəri Nizami Quliyevdən eks-nazir Eldar Mahmudov üçün 20 mağaza istəyib.
Mağazaları vermək istəməyən sahibkarların qara günləri də elə bundan sonra başlayıb. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyinə sahibkarlardan MTN-ə şikayət yazdırıblar.
Bundan sonra hazırda Akif Çovdarovla müttəhimlər kürsüsünü bölüşən işçisi Səlim Məmmədov 2 ay ərzində ticarət mərkəzində yoxlama aparıb.
Sahibkarların podratçı şirkətə 4 milyon pul ödəməli olduğunu haqda saxta sənəd hazırlayıb. Həmin borcu isə sonradan 40 mağaza ilə əvəzləşdiriblər.
Sahibkarlar düşünüblər ki, bununla problemləri bitib və mərkəzin açılışına hazırlığa başlayıblar. Lakin yenidən ticarət mərkəzinin qapısında MTN-çilər peyda olublar.
Bu dəfə “Karvansaray” rəhbəri heç bir əsaslı səbəb olmadan MTN-ə, Akif Çovdarovun, ardından isə MTN-də nazir müavini olmuş Hilal Əsədovun hüzuruna aparılıb. Ondan ticarət mərkəzini təhvil verib kənarlaşması tələb edilib.

Keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov
Sahibkarın istintaqa dediklərindən: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi.
8 aylıq dəhşətlərdən sonra ”Karvansaray” MMC-nin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi.
Dedilər ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib-getmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hümbətovu qoydular.
Dedilər ki, Natiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar”.

“Karvansaray”ın tikintisi aparılan zamanlarda ticarət mərkəzinin ölkənin 3 ən böyük alış-veriş mərkəzindən birinə çevriləcəyi haqda söhbətlər dolaşırdı.
Lakin 2012-ci ildə mətbuatda digər 2 ticarət mərkəzinin sahibləri Kəbirə Məmmədova və Yusif Qədimovla yanaşı, Nizami Quliyevin də iflas həddinə çatması haqda məlumatlar yayılmağa başladı.
Həmin vaxt bunun səbəbi açıqlanmasa da, həqiqət üzə çıxıb və “Karvansaray”ın iflas etməsinin səbəbi ortalıqdadır.

MTN-dəki həbslər 2015-ci ilin oktyabrında həyata keçirilib. Və iki il ötüb, “Karvansaray” dirçələ bilmir.
Bu da sonu…Mahmudov işindən çıxarılıb, Çovdarov həbsdə, bazar qohumlarının nəzarətində, ticarətçilər isə müfis vəziyyətdə…
azeuronews.com