Sabunçu RİH mətbuata danışan sabiq bələdiyyə sədrinə təzyiq göstərir? – ARAŞDIRMA

6-11-2017, 23:40           
Sabunçu RİH mətbuata danışan sabiq bələdiyyə sədrinə təzyiq göstərir? – ARAŞDIRMA
Adil Vəliyevin köməkçisi Müslüm Mahmudov şikayətçi Sidqi Abbasovu dələduzluqda ittiham etdi

Ötən həftəsonu QAFQAZXEBER.AZ saytında “Sabunçu RİH vətəndaşdan hasar çəkmək üçün 30 min manat “haqq” tələb edir?” başlıqlı yazı dərc olunub.

Həmin yazıda vətəndaş Sidqi Abbasovun dilindən sitat olaraq bildirilmişdi ki, Sabunçu RİH rəhbərliyi Həbib adlı əməkdaş vasitəsilə ondan bu yaxınlarda aldığı torpaq sahələrini çəpərləmək üçün 30 min manat “haqq” tələb olunur. “Bu torpaq sahələri ümumilikdə 0,37 hektardır. Mənsə, vicdanlı alıcı olaraq, qanunvericiliyə uyğun şəkildə öz mülkümü hasarlamaq işlərinə başlamaq istədim. Lakin o ərazidə torpaq sahibi olan digər vətəndaşlar bildirdilər ki, sən Sabunçu Rayon İcra Hakimiyyətinin xəbəri olmadan burda hasarlama apara bilməyəcəksən. Ona görə də, biz Sabunçu RİH-də kimdən “icazə” alacağımızı öyrənməyə çalışdım.

Bir neçə gün sonra, mənimlə RİH-də memarlıq şöbəsində çalışan Həbib adlı şəxs görüşdü. O dedi ki, “hörmət” olmadan tikintiyə başlamaq olmaz. Mən dedim ki, iki min manat verə bilərəm, amma Həbib müəllim 30 min manat tələb etdi. Daha sonra ancaq 20 minə qədər düşdü, lakin mənə heç cür imkan verilməyəcəyini dedi. Həbibin sözlərinə görə, bu rəqəmlər RİH başçısı Adil Vəliyevin tapşırığıdır. Həbib mənlə danışığında RİH başçısı Adil müəllimin və onun müavini Güloğlan müəllimin adından istifadə edirdi”, – deyə S.Abbasov qeyd edib.

Onun sözlərinə görə, Həbib adlı RİH işçisi 30 min manatı verməyəcəyi təqdirdə, onun torpaq sahəsində heç bir tikinti apara bilməyəcəyini deyib. “Mən onların tələbi ilə razılaşmadım və məhkəməyə müraciət etdim.

Bundan xəbər tutan RİH isə məni qabaqlamaq üçün bələdiyyə adından məhkəmədə iddia ərizəsi qaldırıb, guya 1964-cü ildə çıxarışla alınmış bu torpaq sahələrinin sənədləri qanunsuzdur. Mən vicdanlı alıcıyam, lakin onlar zorla məndən qisas almağa, pulu vermədiyimə görə torpaq sahələrini də əlimdən almağa çalışırlar”, – deyə S.Abbasov qeyd edib.

Həmçinin sabiq bələdiyyə sədri Sabir Əliyev də belə bir mübahisənin olduğunu QAFQAZXEBER.AZ-da təsdiqləmişdi.

Kürdəxanı bələdiyyəsinin sabiq sədri Sabir Əliyev QAFQAZXEBER.AZ-a bildirdi ki, onun yanında hər hansı pul məsələsi olmayıb: “Lakin bilirəm ki, mübahisəli məsələ var və Sidqi müəllimdən eşitdiyimə görə, ondan pul tələb olunur. Mənim adım da bu məsələdə hallandı, məni RİH-ə dəvət etdilər. Guya o torpaq sahəsini mən satmışam ona… Gedib aydınlaşdırdım ki, sənədləri Dövlət Əmlak Komitəsi verib, bələdiyyə yox. O adam da torpağı başqalarından satın alıb. Sidqi Abbasovla da məhz bu söhbətlərdən sonra tanış olmuşduq. Yəni, onunla mənim aramda hər hansı sövdələşmə, münasibət olmayıb… Bu gün Güloğlan müəllim məni əraziyə çağırıb bildirdi ki, onunla danış, şikayətləri dayandırsın, razılığa gələk”.

Noyabrın 5-də məlumat əldə etdik ki, sabiq bələdiyyə sədri Sabir Əliyevə qarşı təzyiqlər başlanılıb.

Məlumata görə, RİH nümayəndələri onunla acığa düşərək, mətbuata danışdığına görə, evini uçurdublar. Sabir Əliyevlə əlaqə saxladıq.

“Eşitdik ki, bizimlə danışandan sonra, evinizi uçurdublar”, – deyə soruşduq.

“Bəli… yox, külək uçurdub. Ay qardaş, mənim adımı hallandırmayın, mən özümü pis hiss edirəm. Mənlik orda bir məsələ yoxdur, onu sizə demişəm. Qoy Sidqi Abbasov özü məsələni yoluna qoysun, icra hakimiyyəti ilə mübahisəsini həll etsin”, – deyə S.Əliyev bildirdi.

Biz ondan soruşduq ki, RİH tərəfindən hər hansı psixoloji təzyiq varmı? “Bəli, psixoloji təzyiqlər var… Amma ən çox özüm içimdə sarsıntı keçirirəm. Mənə Güloğlan müəllim yox, onun köməkçisi Həbib təklif etmişdi ki, ona deyin bu məsələni yoluna qoyaq. Mən heç nəyə qarışmıram, xahiş edirəm, məni daha narahat etməyin”, – deyə S.Əliyev əlavə etdi.

Noyabrın 6-da Sabunçu RİH başçısının müavini Güloğlan Məmmdovun iş nömrəsinə zəng etdik, lakin zənglərimiz cavabsız qaldı.

RİH başçısının köməkçisi Müslüm Mahmudov isə bildirdi ki, bu məsələni ciddiyə almaq lazım deyil. “Vətəndaş dələduzluq edir ki, bu cür işi keçsin. Məhkəməyə vermişik, hazırda məhkəmə gedir. Ondan pul istəyən olmayıb”, – deyə M.Mahmudov bildirdi.

“Bəs nəyə görə belə edir? Axı bu adam vicdanlı alıcıdır”, – deyə soruşduq.

“Siz onun tərəfini tutursuz? Gördü ki, sənədləri qanunsuzdur, indi belə variantlara, ittihamlara əl atıb”, – deyə başçının köməkçisi cavab Verdi.

“Deyirsiniz ki, Sidqi Abbasov dələduzluq edir…Dələduzluq ağır ittihamdır” – deyə xatırlatdıq.

“Bəli, dələduzluq edir… Onun ittihamları bəs ağır deyil?” – deyə RİH təmsilçisi suala sualla cavab verdi.

Şikayətçi Sidqi Abbasov qafqazxeber.az-a bildirdi ki, Sabunçu RİH başçısının köməkçisi savadlı adamdırsa, məhkəmə qərarı olmadan kimisə dələduzluqda ittiham etməsi anlaşılan deyil. “Məhkəməyə veriblər, lap yaxşı… Bəs dələduzluq ittihamı nədir? Mən sübutla danışıram, qoy onlar da sübutla danışsınlar”, – deyə S.Abbasov əlavə etdi.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.