Şirvanda narkobaronu güllələyən obyektlərdən xərac yığırmış – Özəl
2-03-2018, 20:29

Hadisənin baş verdiyi kafe
Şirvanda iki nəfəri güllələyən Azər Məmmədov barəsində yeni məlumatlar var.
AzEuroNews.com-a verilən xəbərə görə, A.Məmmədovun Şirvanda restoranlardan, mağazalardan hər ay xərac yığan kərbəlayi İlqar adlı dostu olub.
İlqar adlı şəxs şəhərdə hansı mağazaya gedirsə, obyekt sahibi onu canla-başla yola salmağa məcbur imiş.
Əgər pulu verməkdən imtina edən sahibkar olurdusa, kərbəlayı İlqar Hacı Azər Məmmədova zəng edərək məruzə edirmiş.
Deyilənə görə, A.Məmmədov da pul verməyən dükana gedərək obyekt sahibini təhdid edirmiş. Hazırda azadlıqda olan İlqarın istintaqa cəlb olunması gözlənilir.
Xatırladaq ki, fevralın 24-də Şirvan sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar.
Hal şahidlərinin iştirakı ilə H.Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

Şirvanın icra başçısı Mərdan Camalov
A.Məmmədv Şirvanın icra başçısı Mərdan Camalov və müdafiə sənayesi naziri Yavər Camalovun dayısı oğludur.
Şirvan Şəhər İcra Hakimiyyətindən saytımıza göndərilən məktubda A.Məmmədovun M.Camalovun qohumu olduğu təsdiqlənmişdi.
Bildirilirdi ki, M.Camalov 2005-ci ildə rayona icra başçısı təyin olunarkən işində verdiyi nöqsanlara görə onun barəsində Daxili İşlər Nazirliyi qarşısında məsələ qaldırıb:
“2005-ci ildə Mərdan Camalov Şirvan şəhər icra hakimiyyətinin başçısı təyin olunduqdan sonra Azər Məmmədovun işində yol verdiyi nöqsanlarla əlaqədar Daxili İşlər Nazirliyi qarşısında məsələni şəxsən özü qaldırmış və onun Şirvan Şəhər Polis Şöbəsindəki vəzifəsindən uzaqlaşdırılmasına nail olmuşdur. Qohumluq əlaqəsinin olmasına baxmayaraq hər kəs öz əməlinə cavabdehdir”.