Yağın bahalaşmasının gizlədilən SƏBƏBİ

10-04-2018, 01:06           
Yağın bahalaşmasının gizlədilən SƏBƏBİ
Martda dünya bazarında kərə yağının və digər ərzaqların qiymətləri sürətlə artıb. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətlərini ölçən Ərzaq Qiyməti İndeksi, martda əvvəlki aya nisbətən 1,1 faiz artaraq 172,8 bənd olaraq baş tutub. İndeks, ötən ilin eyni ayı ilə müqayisədə isə 0,7 faiz artıb. Qlobal ərzaq qiymətlərinin yüksəlməsinə iri dənəli taxıl və süd qiymətlərindəki güclü artım təsir göstərib. Qarğıdalı, taxıl və süd məhsullarında baş verən artım, şəkər və bitki yağı qiymətinin aşağı düşməsilə bir qədər tarazlanıb

Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiyməti İndeksi, martda əvvəlki aya nisbətən 2,7 faiz artıb. Sözügedən artıma ABŞ və Avropadakı mənfi hava şəraiti təsir göstərib. Güclü qlobal tələbatın təsirilə kərə yağı, pendir və süd tozu qiymətlərinin artması ilə Süd Məhsulları Qiymət İndeksi martda 3,3 faiz yüksəlib. Şəkər Qiymət İndeksi həmin dövrdə 3,4 faiz azalarkən, Bitki Yağı Qiyməti İndeksi çox az bir azalma qeyd edərək 156,8 bənd səviyyəsində baş tutub.

Ət Qiyməti İndeksi isə bu dövrdə dəyişməyib. Qeyd edək ki, ötən ilin noyabr ayında Azərbaycanda kərə və digər yağların idxal rüsumu 3 dəfə azaldıldı. Bu güzəşt sayəsində kərə və digər yağların ucuzlaşacağı gözlənilirdi. Buna səbəb ölkəmizə idxal edilən yağlar üçün alınan idxal rüsumunun 3 dəfə azaldılması, başqa sözlə desək, 15 faizdən 5 faizə endirilməsi idi.

Bu qərar 2019-cu ilin sonunacan qüvvədə olacaq. Bundan əlavə gələcəkdə ölkəmizə gətirilən bütün xammallara güzəştlərin edilməsi nəzərdə tutulurdu ki, bunun da baş verəcəyi təqdirdə, həm ümumi məhsulların qiymətinin ucuzlaşacağı, həm də istehsalın həcmi artacağı gözlənilirdi. Lakin aparılan müşahidələr onu deməyə əsas verir ki, gömrük tariflərinin azaldılması qiymət amilinə çox az təsir edib. Son dövrlər kərə yağının dünya bazarında qiymətinin ciddi dəyişməsini nəzərə alsaq, bu halda növündən asılı olaraq xaricdən idxal edilən kərə yağının hər kiloqramında qiymət artımı gözlənilir.

“Pambıqçılıqdansa heyvandarlığı inkişaf etdirməliyik”

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, dünya bazarında idxal mallarının qiymətinin artması birbaşa Azərbaycan bazarına təsir edir:

“Buna səbəb həmin məhsulların istehsalının yerli fermerlər tərəfindən stimullaşdırılmamasıdır. Əgər xaricdə istehsal olunan məhsulların qiyməti xaricdə artırsa, onun qiymətini Azərbaycanda aşağı salmaq mümkün deyil. Üstəgəl, Azərbaycanda idxal məhsulları da monopoliya altındadır. Ona görə də xaricdən gələn məhsulları ölkə bazarında ədalətli qiymətə almaq imkanımız məhduddur. Bunu hökumət yaxşı başa düşür. Vəziyyətdən çıxış yolu yalnız ölkə daxilində kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaqdır. Bunu hökumət tərəfindən təşkil etmək də olar. Pambıqçılıqdansa heyvandarlığı inkişaf etdirməliyik. Yerli fermerlər Azərbaycanın ət və süd məhsullarına olan tələbatını qarşılaya bilər. İlkin mərhələdə dövlət dəstəyi olmadan bu işin öhdəsindən gəlmək mümkün deyil. Doğrudur,

Azərbaycanda pambıq istehsal edirik, amma biz bu məhsulu ölkə daxilində emal etmirik. Hətta pambıq yüksək məhsuldarlığa malik bir bitki olsa da, biz onu xaricə satmaq məcburiyyətindəyik. Bunun üçün ilk növbədə ölkə xaricində alıcı axtarmalıyıq, pambığın beynəlxalq marketinqi ilə məşğul olmalıyıq və.s. Amma kənd təsərrüfatı, eləcə də heyvandarlıq məhsullarına ölkə daxilində ciddi tələbat olan böyük alıcı seqmenti var.

Həmin alıcılar bu gün keyfiyyətli məhsul axtarışı ilə yalnız idxal məhsulu alır. Daxili istehsal olunan məhsulun çox az hissəsi şəhər əhalisinə gəlib çatır. Çünki kənd əhalisinin heyvandarlıq məhsulları istehsal etmək imkanları məhduddur. Bəzi fermerlərin buna heç həvəsi də yoxdur. Çünki onlar istehsal etdiyi məhsulun satışını təşkil edə bilmirlər”.

“Kütləvi istehsal olan yerdə həmişə kimyəvi qatqılardan istifadə olunur”

Aran rayonlarında kifayət qədər heyvandarlıq məhsullarının olduğuna diqqət çəkən ekspert qeyd edib ki, həmin məhsullar paytaxta çatana qədər bahalaşır və keyfiyyəti dəyişir:

“Yerli məhsullar keyfiyyətə görə geri qaldığı üçün alıcılar əlacsızlıqdan xarici məhsulların istehlakına üstünlük verirlər. Yəni, pambığı istehsal edib onu satmaq problemdir, amma heyvandarlıq məhsullarını istehsal edib satışını daxili bazarda yüksək səviyyədə təşkil etmək asandır. Yəni, istehsalçı da, istehlakçı da ölkənin daxilindədir. Hesab edirəm ki, hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır. Heyvandarlıq fermalarında alınan torpaqlar yenidən geri qaytarılmalıdır. Kiçik fermerlərə şərait yaradılmalıdır, onlar üçün qablaşdırma, etiketləmə və digər texniki məsələlər üçün yardım edilməlidir. Adətən, kiçik fermerlərin istehsal etdiyi məhsullar ən yaxşı məhsullar hesab olunur.

Kütləvi istehsal olan yerdə həmişə daha çox kimyəvi qatqılardan istifadə olunur. Azərbaycanda heyvandarlıq məhsulları istehsal edən nə qədər firma varsa, o firmaların məhsullarının 90 faizi quru süddən və süni qatqılardan hazırlanır. Amma ailə fermerləri süni qatqılardan heç vaxt istifadə etməz”.

“İstənilən süd və süd məhsulları istehsal edilən müəssisələrin məhsullarında konservant maddələr var”

Akif Nəsirli ad çəkmək istəməsə də, istənilən süd və süd məhsulları istehsal edilən böyük şirkətlərin məhsullarında konservant maddələrin olduğunu deyib:

“Laboratoriyada analiz etsək, görərik ki, böyük müəssisələrin istehsal etdiyi məhsulların tərkibində qatqı maddələri var. Bu firmaların istehsal etdiyi süd, qatıq, qaymaq, pendir, şorun hamısının tərkibinə kimyəvi qatqılar vurulur. Buna görə də, hökumət böyük istehsal müəssisələrindənsə, xırda fermerlərə dəstək olmalıdır. Beləliklə, əhali ekoloji təmiz və orqanik kənd təsərrüfatı məhsulları ilə təmin olunar.

Belə olan halda, xarici məhsullara da ehtiyacımız qalmaz. Gələcəkdə xarici məhsullara aksiz vergilərini və digər rüsumları tətbiq etməklə idxala müəyyən qadağalar qoymaq olar. Amma bu, daxili istehsal yerli tələbatın heç olmasa 80 faizin ödəyəndən sonra olmalıdır.

Hazırda hökumət heyvandarlığa dəstək vermir. Doğrudur, bu gün ölkəyə iribuynuzlu cins heyvanlar gətirilir və yaxud bir fermerə 20 baş heyvan verilir və.s. Təbii ki, bununla iş bitmir. İlk növbədə xırda fermerləri dəstəkləmək lazımdır, çünki onlar bu sahədə təcrübəlidir. Bundan əlavə, ölkəyə gətirilən cins heyvanların böyük əksəriyyəti tələf olur.

Ona görə tələf olur ki, həm yaxşı baxılmır, həm də iqlim şəraitinə uyğunlaşmır. Həmin heyvanları kütləvi şəkildə yox, az-az gətirib yerli cinslərlə birləşdirib 2-3 ildən sonra iqlimə davamlı yeni cinslər almaq olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.