Şüşədən çıxan “cin” haqda nə bilirik: Koronavirusu dəf etməyin tək yolu var - ARAŞDIRMA

25-03-2020, 11:19           
Şüşədən çıxan “cin” haqda nə bilirik: Koronavirusu dəf etməyin tək yolu var - ARAŞDIRMA
Dünyanı cənginə almış, "COVID-19" kod adı verilmiş koronavirus, nəhayət ki, ölkəmizdə illərdən bəri dəyişməyən, stabil düzəni korreksiya etdi. Dünya, sanki yenidən format olur, yüzilliklərlə mövcud olan quruluş, təfəkkür, mentalitet və dini baxışlar yenidən nəzərdən keçirilməyə başlayıb. Bəlkə də bu, haqqında AYNA-da onlarla məqalə yazılan növbəti sənaye inqilabının ayaq səsləri, yeni bir dünyaya giriş bileti olacaq. Yaşayıb görəcəyik.

Hələ ki, Çinin Vuhan şəhərindəki yarımhərbi labarotoriyadan dünyaya yayılan, hər gün minlərlə can alan koronavirus həyatımıza bir girdi, pir girdi. Bəs, biz bu şüşədən çıxan gözəgörünməz “cin” haqqında nə bilirik və ya nəsə bilirikmi? Bundan sonra bizi nələr gözləyir, qazandığımız nə olacaq, nələri itirəcəyik? Necə davranmalıyıq ki, bu dönəmdən az itkilərlə çıxaq?

Həkim-farmakoloq Müşfiq Hüseynov AYNA-ya müsahibəsində bununla bağlı suallara aydınlıq gətirib.

- Doktor, ölkə olaraq özümüzü virusdan izolyasiya edə bilərdikmi?

- Ölkəmiz dünya sivilizasiyanın bir hissəsi, həm də kifayət qədər aktiv və özünəməxsus hissəsidir. Böyük ipək yolunun bir hissəsi, Şərqlə Qərbi birləşdirən qapının virusdan yayınması mümkün deyildi. Gec-tez biz COVID-19 ilə üz-üzə qalacaqdıq. Bundan qaçmaq qeyri-mümkün idi və əksini düşünənlər yanılır. Amma bu prosesi maksimum uzada, minimum itki ilə çıxmaq olardı.

- Necə?

- Noyabr ayından Çindən gələn xəbərləri və xronikanı izləyirdim. Çinin qapalı ölkə olması bu informasiyanı minimuma endirmişdi. Amma indi 1970-ci illlər deyil. Sosial şəbəkələrə TV-lərə və informasiya agentliklərinə reytinq baxımından çoxdan alternativ olub. Təbii ki, dekabr ayında ilk doğru məlumatlar yayılmağa başladı. Elə həmin andan prosesi gündəlik izləməyə başladım. Yanvar ayından başlayaraq müstəqil ekspert və informasiya agentlikləri Çində epidemiologi fəlakət yaşandığının altını çizməyə başlamışdı.

26 yanvarda qeyd etdim ki, təcili sürətdə Səhiyyə Nazirliyinin mobil qrupları ölkənin bütün giriş-çıxış qapılarında və aeroportlarda xüsusi məntəqələr yaratmalı, orda termokameralar quraşdırılmalı, koronavirusun Azərbaycana girişi uzadılmalıdır. 27 yanvarda yenə yazdım, müstəqil mənbələr xəbər verirdi ki, 2,8 milyon insanın yoluxub, 40 milyon insanın yaşadığı ərazi qapadıldığı elan olunub, küçəyə çıxmaq qadağan edilib, durum ciddiləşir. Yəni, hər şeyə hazır olmaq lazımdır. 29 yanvarda Bakı aeroportunda nə maska gördüm, nə termokamera, nə də xüsusi həkim briqadası.

31 yanvarda nəhayət ki, ÜST kimi bürokratik aparat qərarını verdi və koronavirusu “çox təhlükəli” elan etdi. Amma gec idi, həm də çox gec. Çünki virus hər gün də olmasa, 3 haldan birində mutasiyaya uğrayırdı. 2 fevralda gün kimi aydın idi ki, virus ya qapıdadır, ya da içəri keçib, amma hələ xəbərimiz yoxdur. 3 fevralda bu virusun mümkün iqtsadi problemləri, sərhədlərin bağlanacağı, təyyarə uçuşlarının ləğv olacağı, turizm sektoru və kənd təsərrüfatı məhsullarının eksportunun mümkün olmayacağını yazdım. 21 fevralda yazdım ki, İran Çin deyil. Hər mənada. 3-4 günə koronavirusdan ölənlərin sayı 9-a çatıb. Və sərhədimiz açıq. 22 fevralda yazdım ki, təcili sərhədlərimiz bağlansın.

Beləliklə, 26 fevralda İran sərhədi qismən, 29 fevralda tam bağlandı. Gecikmişdik, ən azı 10 gün. 7-8 fevraldan Azərbaycan vətəndaşlarının İrana gedişinə qadağa qoyula bilərdi. İradakı Azərbaycan vətəndaşlarına geri dönmək üçün 3 gün vaxt vermək olardı. 26 fevrala qədər ölkədəki səhiyyədən və epidemiologi vəziyyətdən sorumlu səlahiyyətli şəxslərin ailə-məişət mövzulu “virus yoxdur” bəyənatları o qədər gülünc və qeyri-professional idi ki, 2-3 günə ölkənin sosial şəbəkə gündəmini zəbt etdi.

29 martdan sonra TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti rəhbərliyi əlindən gələn hər şeyi etdi. Amma virusla müharibədə itirilmiş qızıl kimi dəyərli 2 həftə var idi. Bu işdə Səhiyyə Nazirliyi aparatının vəzifəsini layiqincə yerinə yetirməməsi öz rolunu oynadı. Əgər zamanında cənab Prezidentə gələcək təhlükənin miqyası haqqında məruzə edilsəydi, bu gün biz başqa mövzu haqda danışırdıq. Gecikməyə baxmayaraq, adını çəkdiyim qurumlar, xüsusilə ilk 3 qurum vəziyyəti lokallaşdıra bildi. İnsafən, varlığı ilə yoxluğu heç vaxt bəlli olmayan Nazirlər Kabineti də aktiv iş rejiminə keçdi. Artıq sərhədlər bağlandı, ölkə xaricində təhsil alan tələbə və vətəndaşlarımız geri qayıtdı. Necə deyərlər, qapıları möhkəm bağlayıb nəfəsimizi saxlayıb gözləyirdik.

- Bəs cəmiyyət olaraq nələrdə səhvə yol verdik?

- 29 fevral-19 mart tarixləri İrandan ölkəmizə gələn potensial virus daşıyıcılarının inkubasiya dövri idi. Zaman bitmişdi və elə bir problem görünmürdü. Amma biz xalq olaraq öhdəmizə düşəni etmədik. Bizdən çox şey tələb olunmurdu. Maksimum gigiyenik qaydalara əməl etmək, gərək duymadıqca küçəyə çıxmamaq, sıra növbəsində ən azı 1 metrə məsafəni qorumaq və s. Belə maarifləndirici mövzularda onlarla status yazıldı. Ancaq, nədənsə əksər vətəndaşlarımız öhdəsinə düşən məsuliyyəti dərk etmədi. 14 gün evdə oturmayan vətəndaşlar həm həkimlərin, həm dövlət strukturlarının işini çətinə saldı.

- Bundan sonrası üçün xalqa nə məsləhət görərdiniz?

- 20-30 yaşlı kişi gənclərə müraciət edirəm! Əlinizi-qolunuzu sallaya-sallaya küçələrdə gəzirsiz. Hardansa oxumusuz ki, koronavirus ancaq 65 yaşın üzəri xəstələrə bulaşır. Ancaq elə deyil. Virusa hər kəs, hətta 5 yaşlılar da bulaşacaq, sadəcə uşaqlar və gənclər yoluxmanı hiss olunmadan keçirəcək, çünki orqanizmləri möhkəm və sağlamdır. Gənc kişilərdə virus özünü ağır formada biruzə verməsə də, orqanizmin reproduktiv sistemində çox böyük iz qoyur. Bu kişilər gələcəkdə cinsi zəiflikdən və sonsuzluqdan əziyyət çəkəcək. Bu səbəbdən, gənclərdən xahişim və tələbim: özünüzü də qoruyun, valideynlərinizi də.

- Bu gündən ölkədə karantin rejimi tətbiq olundu. Bu barədə hər hansı təklif və tövsiyələriniz varmı?

- Mən hələ 13 martda ölkədə fövqəladə vəziyyət elan olunmasını, bütün MALL-ların, AVM-lərin bağlanmasını, küçəyə çıxmağın qadağan edilməsini, güc strukturları və xəstəxanalardan başqa, bütün dövlət qurumlarının 2 həftəlik qapadılmasını təklif etmişdim. Amma bu qərar bayramdan 1 gün sonra tətbiq olundu. Novruz bayramı adət-ənənələrini, qonaq getmək, qonaq qəbul etmək adətlərini nəzərə aldığımızda, karantin qərarını bayramdan sonraya saxlamağa gərək yox idi. Gecikmiş olsa da, çox düzgün və alqışlanmalı qərardır.

- Bu sərt qaydalardan başqa yol yoxdurmu?

- İndi artıq yoxdur. Var idi, amma biz, sıravi vətəndaşlar o yolun üstündən qalın bir xətt çəkdik.

- Necə?

- Çox sadə. Hökümətin işə cavabdeh strukturları xaricdən girəcək virusun qarşısını almışdı. Amma sağlığında problem yaranan vətındaşlar bunu həkimlərdən gizlətməklə, hətta karantindən qaçmaqla, müalicədən yayınmaqla tək öz həyatlarını riskə atmadılar, ailələrini, dostlarını, qohumlarını da təhlükəyə atdılar. Nəticədə virus artıq ölkə içində yayılmağa başladı. Buna heç bir halda yol verilməməli idi.

Virusun yayılması həndəsi silsilə ilə gedir. Covid-19 cansız əşyada saatlarla yaşaya bilir, yəni küçəyə çıxdığınız halda nəinki əlləriniz, hətta paltarınız da virus daşıyıcısına çevrilir. Bundan başqa, virus 1 metr məsafədən insana keçə bilir. Ona görə karantin şərtlərində aradakı məsafənin 2 metr olması tələbi var. Mən-ailəm-qohumlarım kontaktı, səhəri günü qohumlarımın ailəsi-dostları-qonşuları yoluxma xəttinə çevrilir. Küçədə təmas, salamlaşmaq, marketdə, metroda, avtobusda, kafedə nəyəsə əl vurmaq yetərlidir ki, 1 həftə ərzində bütün Bakı virus daşıyıcısı olsun.

- Karantin rejimində, əsasən nələrə diqqət etməliyik?

- Bizlər, yəni sıravi Azərbaycan vətəndaşları mütləq qaydada karantin rejiminə əməl etməliyik. Qida və dərman ehtiyacı olmadıqca küçəyə çıxmağı minimuma endirməli, tanımadığımız insanlarla kontaktdan qaçmalı, dövlət televiziyasında günlərdir təbliğ olunan yaşam tərzini tətbiq etməliyik. Əks təqdirdə bu karantin çox uzanacaq. Umutmayaq ki, qaydalara əməl etmədiyimiz hər gün 20 günlük karantin yenidən başlayır. Birlikdə evdə qalıb, küçəyə çıxmamaqla imkan verək ki, dövlətimiz və əlaqədar qurumlar bizi krizis vəziyyətindən çıxarsın.

- Bəzi şəxslər "evdən çıxmayaq" dedikdə qapı-pəncərəni də bağlayaraq tam havasız qalmağın gərəkdiyini düşünürlər. Lütfən buna da aydınlıq gətirin.

- Evdə oturmaq havasız qalmaq demək deyil. Evdə qaldığımız müddətdə tez-tez pəncərələri açıb evi havalandırmaq çox vacibdir. Qapalı və havasız məkan bizə ancaq zərər verəcək. Evdən çıxmamağımız 3 səbəbdən vacibdir: özümüzü və ailəmizi qoruyuruq, əgər virusa yoluxmuşuqsa, başqalarını da yoluxdurub, vəziyyəti qəlizləşdirmirik, həkimlərin “nöqtə fəaliyyətinə” yardım etmiş oluruq, ən azı sahə həkimləri kimin harda və necə olmasını biləcəklər.

- Etiraf edək ki, yoluxanların sayı artıqca təşvişə düşürük. Belə olan halda necə davranmalıyıq?

- Heç bir şayiəyə, yad ünsürlərə, səs yazılarına inanmayın. Azərbaycan çox kiçik ölkədir, az qala ölkənin beşdə biri bir-birinə ya qohumdur, ya da tanış. Baş verəcək hər hansı kütləvi xəstələnmə və ölüm hallarını heç kim gizlədə bilməz. Hər şey nəzarət altındadır. TƏBİB və İTSDA rəhbərliyində profesional kadrlar çalışır. 70-100, bəlkə də 150 qeydə alınmış xəstə sayı normaldır və heç bir panikaya əsas vermir. Nəzərə alın ki, dünyanın ilk onluğuna daxil olan ölkələrdə itki və xəstələrin sayı dəfələrlə çoxdur. Bir sözlə, səbrlə, panikaya düşmədən üstümüzə düşəni yerinə yetirməliyik. Ancaq bundan sonra dövlətdən nəsə tələb etməliyik.

- İndiki həssas dönəmdə dövlətdən nələri tələb edə bilərik?

- İnsanlardan nəsə tələb etməzdən əvvəl onların bu tələblərə əməl etmələri üçün şərait yaratmaq lazımdır. “Olmaz” demək ən asanıdır. Ona görə də dövlət vətəndaşlarını dar gündə qoymamalıdır. 20 gün evdə oturacaq insanlara müəyyən yardım paketləri edilməlidir. Ən azından, tələbəsi distant təhsil alan ailələrə, xüsusilə rayon yerlərində, bir aylıq sürətli və limitsiz internet təmin olunmalı, su, qaz, elektrik enerjisi ödənişindən azad olmalı, krediti olan vətəndaşlar üçün müyyən güzəştlər edilməlidir. Apteklərdə maska və dezinfeksjya vasitələri problemi mövcuddur. Əlaqədar qurumlar zamanında bu işi də həll etməli idilər, amma etmədilər. Bəzi apteklərdə maska çox baha satılır, belə apteklər cəzalanmalıdır.

- Bundan sonra necə olacaq?

- Hər kəs bilməlidir ki, bizim bir vətənimiz var. Virus yüksək rütbəli məmur üçün də, sıravi fəhlə üçün də eyni dərəcədə təhlükəlidir. Ona görə də xalq olaraq üzərimizə düşəni yerinə yetirmək zamanıdır. Əks təqdirdə daha ağır şərtlər gələcək. Ümumiyyətlə, küçəyə çıxmaq qadağan olunacaq, hər ailədə bir nəfərə gündə 2 saatlıq qida və dərman almaq üçün xüsusi icazə vərəqəsi veriləcək, küçələrdə daxili qoşunların patrulları olacaq ancaq. Bilməliyik ki, bu işin zarafatı qalmayıb. Əminəm ki, biz Azərbaycan vətəndaşları olaraq öz məsuliyyətimizi və vəzifəmizi düzgün yerinə yetirsək, aprelin 20-si Azərbaycan normal həyatına dönəcək. Bundan heç kimin şübhəsi olmasın. Gəlin, ilk olaraq özümüzü və ailəmizi, sonra ətrafımızı qoruyaq. Tanrı yar və yardımçımız olsun, Azərbaycanımızı qorusun!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.