“Biznes qurumları koronavirusla mübarizəyə hazır deyillər” - ekspert danışır
28-03-2020, 09:26
“Biznes qurumları koronavirusla mübarizəyə hazır deyillər” - ekspert danışır
Tarix: Bu gün, 09:10 | Çap et
“Biznes qurumları koronavirusla mübarizəyə hazır deyillər”
İnternet üzərindən alınan dərmanlarla bağlı xəbərdarlıq edən Eyyub Hüseynov deyir ki, ayrı-ayrı vətəndaşlar karantin qaydalarına əməl etmir, hətta yas məclisləri də təşkil olunur
Dünyanın böyük probleminə çevrilmiş koronavirus epidemiyasına qarşı Azərbaycanda da ciddi tədbirlər görülür. Həm Azərbaycan Respublikasının Prezidenti, həm də ayrı-ayrı təşkilat və şəxslər tərəfindən bu məqsədlə böyük məbləğdə vəsait də ayrılır, ianələr ödənilir.
Təbii ki, koronavirusla mübarizə tək dövlət qurumlarının fəaliyyəti ilə yekunlaşmamalı, özəl biznes qurumları və ayrı-ayrı vətəndaşlar da bu mübarizədə aktiv olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl etməlidirlər.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Reyting.az-ın suallarını cavablandırarkən deyib ki, Azərbaycan hökumətinin koronavirusa qarşı tədbirləri əhatəli olsa da, bəzi biznes qurumlarının fəaliyyəti istehlakçı hüquqlarının müdafiəsi baxımından da yetərli deyil:
- Görülən tədbirlər çox gözəldir, əhatəlidir və dünya təcrübəsini özündə əks etdirir. Nazirlər Kabineti, onun Operativ Qərargahı kifayət qədər mükəmməl qərarlar verir, tədbirlər görür.
Amma aydındır ki, Nazirlər Kabineti biznes qrumlarına administrativ-inzibati təzyiqlər edə bilməz. Çox təəssüflər olsun ki, biznes qurumları bu vəziyyətə hazır deyillər. Gərək biznes qurumları da ölkədə qaldırılan məsələlərə adekvat cavab versinlər. Bu sahədə problem var.
Gündə 10-12 zəng qəbul edirik. Vətəndaşlar məsafədən, online-ticarət, bəzən çatdırılma ilə bağlı şikayətlər edirlər. Bütün hallarda üzümü istehlakçılara tutub deyirəm ki, internet üzərindən dərman preparatları almayın. Bu, çox təhlükəlidir.
- Niyə?
- Ümumiyyətlə, adi halda internet üzərindən satılan dərmanların 70 faizi saxtadır. İndiki halda isə bu rəqəm ola bilsin ki, bir qədər də artıb. Bu mənada, tövsiyəm budur ki, indiki vəziyyətdə nə alsanız, mütləq onun çekini də tələb edin. Zəhərlənmə və digər problemlər ola bilər.
Bəzi ölkələrdə internet üzərindən malların dəyişdirilməsi və geri qaytarılması müddəti uzadılıb. Qanuna görə, bu müddət 14 gündür, amma 30 günə qədər uzadıblar. Fikrimcə, bunu ölkəmizdə də etmək lazımdır.
Vətəndaş mənə zəng edərək bildirib ki, “ZARA” mağazasından mal alıb, amma onu qaytarmaq məqsədilə mağazaya zəng edəndə deyiblər ki, işləmirik. Beləcə, müddətin üzərindən 14 gün keçdikdən sonra onu dəyişdirmək və ya qaytarmaq mümkünsüz olacaq. Odur ki, Azərbaycanda da vaxtın müddəti uzadılmalıdır. Biznes qurumları isə vəziyyəti dəyişməlidir.
Mən, bərbərxana xidməti haqqında fikrimi bildirmək istərdim. Dünən televiziya kanalına baxıram, bərbərxana xidməti nümayiş etdirilir. Təsəvvür edin ki, nə istehlakçının ağzında maska var, nə xidmət göstərənin. Yəni istehlakçıya yaxından xidmət göstərilir və bunun da reklamı gedir. Əslində bərbərxanalara daxil olduqda vətəndaşa dərhal maska verilməli, virusa qarşı gigiyenik qaydalar gözlənilməlidir.
- Koronavirusla mübarizə tədbirləri çərçivəsində başqa hansı tədbirlərin görülməsini təklif edirsiniz? Nazirlər Kabineti yanında Operativ Qərargaha bununla bağlı hər hansı təklif vermisinizmi?
- Təklif edirəm ki, biznes qurumları hökumətin qaldırdığı məsələlərə adekvat cavab versinlər. Dövlət biznes qurumlarına toxunmaq niyyətində deyil, amma biznes qurumlarının özünün də təşəbbüsü yoxdur. Fikrimcə, biznes strukturları təşəbbüskar olmalı, Sahibkarlar Konfederasiyası, biznes assosiasiyaları biznes qurumları ilə iş aparmalıdır. Azad bazar şəraitində dövlətin bu sahələrə müdaxiləsi doğru deyil. Təəssüflər olsun ki, Sahibkarlar Konfederasiyası, biznes assosiasiyalarının biznes strukturları ilə iş, təbliğat aparmasını müşahidə etmirik.
Mən martın 21-də Bakıdan 65 kilometr məsafədə yerləşən əraziyə gedərək vəziyyəti monitorinq etdim. Doğurdan da polis peşəkarcasına işləyir, rayondan gələnləri geri qaytarır, Bakıya daxil olanların sənədlərini yoxlayırlar. Yəni anormal bir vəziyyət müşahidə edilmir, işlər qaydasında gedir. Həmçinin dünən eşitdim ki, Səbail rayonunda küçələrdəki oturacaqları yığışdırırlar. Çox yaxşı addımdır. Bu gün tezdən saat 06:00-da gedib Dənizkənarı Parkda monitorinq apardım. İdman meydançası bağlanıb, bulvarın təzə tikilən hissəsində söküntü halları var. Yəni bu işlər görülür, çalışılır ki, insanlar evlərində qalsınlar və karantin şərtlərinə əməl olunsun.
Amma yuxarıda qeyd etdiyim kimi, alqı-satqı məsələlərində problemlər müşahidə edilir.
- Eyyub müəllim, apteklərdə maska və spirt çatışmazlığına dair problemlər müşahidə olunur və bununla bağlı insanlar sosial şəbəkələrdə fikirlərini yazırlar. Bu məsələyə münasibətiniz necədir?
- Əslində dünyanın hər yerində koronavirusun ilkin dövründə belə hallar müşahidə edildi. Hesab edirəm ki, gərək çoxdan bizim İqtisadiyyat Nazirliyimiz ölkədə maska istehsalına dair təşəbbüs göstərə, bunun istehsalını yoluna qoyardı. Təəssüflər olsun ki, bu prosesdə gecikirik və əhalinin də müəyyən qədər narazılığı var.
Qeyd edim ki, maskaların da növləri var və hər maska insanları qorumur.
Bir daha qeyd edirəm ki, izolyasiya tədbirləri hökumət tərəfindən yüksək səviyyədə aparılır. Lakin əhalinin buna dəstəyi zəifdir. Hesab edirəm ki, insanlarımız bu məsələdə onlardan tələb olunan şərtlərə əməl etməlidir.
- Bundan da ağır durumla üzləşə bilərikmi?
- Vəziyyət bir qədər də pis ola bilər. Məhz bunun baş verməməsi üçün karantin şərtlərinə əməl olunmalıdır.
Səudyyə Ərəbistanında izolyasiya tədbirlərinə çox ciddi fikir verirlər. Böyük cərimələr tətbiq edilir və əhali də küçələrə çıxmır.
Düzdür, mən istəmirəm ki, bizdə də belə cərimələr olsun. Azərbaycanda polis radikal tədbirlər görmür, yüksək cərimələr tətbiq etmir. Daha çox maarifləndirmə işi aparır, onları evlərində oturmağa dəvət edirlər. Bu, yaxşı cəhətdir. Ancaq insanlar da ya vəziyyəti başa düşmür, ya da düzgün qiymətləndirmirlər.
Baxın, rayonlarda yas məclisi təşkil edilir. Mən özüm vəziyyətə baxmaq məqsədilə Sabirabad rayonuna getdim. Din xadimi çıxıb getdi, amma insanlar toplaşıb ehsandan yedi. Bu, yolverilməzdir.