Qarabağda üçtirəlik yarandı: Paşinyan çaşqınlıq içində/ Şok detallar
31-03-2020, 09:10
Teleqraf.com-un suallarını tanınmış jurnalist Asəf Quliyev cavablandırıb. O, Dağlıq Qarabağda sabah keçirilməsi planlaşdırılan qondarma "seçki" ətrafındakı spekulyasiyalara aydınlıq gətirib:
- Koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda Ermənistanda referendum təxirə salındığı halda işğalçı rejimin qondarma “seçki” keçirməsi nəyə hesablanıb?
- Tələsik seçkilər həm Ermənistanın Baş naziri Nikol Paşinyana, həm də Dağlıq Qarabağdakı rejimin rəhbəri Bako Saakyana lazımdır. “Seçki”də Dağlıq Qarabağ ermənilərinin lideri olmaq üçün biri qadın olmaqla 14 iddialı var.
Ötən gün keçirilən debatda bir neçə namizəd koronavirus pandemiyası ilə əlaqədar “seçki”nin təxirə salınmasını təklif etdi. Bu təklifi irəli sürənlərin kimliyinə diqqət yetirəndə belə məlum olur ki, “seçki”ni keçirmək bu gün Saakyana daha sərfəlidir. Çünki o, özünə lazım olan namizədi öz yerində qoyub getmək istəyir. Ona görə “seçki”ni təxirə salmaq niyyətində deyil. Bütün hallarda “seçki”ni keçirib Dağlıq Qarabağdakı rejimə demokratik don geyindirmək istəyirlər.
Tələsik atılan addımın da əsas səbəbi budur.
- Saakyan kimi varis görür?
- Yerli müşahidəçilərin və erməni politoloqların rəyi belədir ki, seçkidə əsas mübarizə iki namizəd arasında gedəcək. Əsas üstünlük Dağlıq Qarabağın hazırkı xarici siyasətinə cavabdeh olan Masis Mailyan və sabiq “baş nazir”, hazırkı parlamentdə çoxluq təşkil edən Azad Vətən Partiyasının sədri Araik Arutunyanun tərəfindədir. Masis Mailyanın Paşinyan və komandası tərəfindən dəstəkləndiyi barədə məlumatlar var.
Hətta Paşinyan belə kombinasiya qurub ki, Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayan da onu müdafiə edir. Araik Arutunyanı isə Bako Saakyan dəstəkləyir. Arutunyan kifayət qədər çirkli biznes şəbəkəsinə malik biri hesab olunur və onun şəriklərindən biri də məhz Saakyandır. Üçüncü ən şanslı namizədlərdən biri də Vitali Balasanyandır. Balasanyanın şansları yüksək olsa da, nə Saakyanın, nə də Paşinyanın planlarına daxildir.
- Vitali Balasanyan kimdir ki?
- Vitali Balasanyan müharibə iştirakçısı, generaldır və ermənilərin milli qəhrəmanıdır. Dağlıq Qarabağda yerli ermənilərin ona inamı böyükdür. Bundan əvvəlki seçkilərdə Balasanyan 32 faiz səslə ikinci yeri götürə bilmişdi.
Bundan başqa aprel döyüşləri vaxtı xalqı sakitləşdirmək üçün o təhlükəsizlik şurasına katib təyin edilmişdi. Vitali Balasanyan Paşinyanın ən arzulamadığı namizəddir. Bayaq da qeyd etdiyim kimi Balasanyanın şanslarını azaltmaq üçün Paşinyan Dağlıq Qarabağda başqa bir müharibə veteranı Samvel Babayanı Masis Mailyana dəstək verməyə razı sala bilib.
İndi Babayan Paşinyanın diqtəsi ilə Balasanyana qarşıdır. Mailyanla Arutunyanın əsas namizəd olması barədə erməni politoloqların fikirləri birmənalı konyukturaya hesablanıb. Çünki əsas namizəd Vitali Balasanyanı bu müşahidəçilər görməzdən gəlir.
Dağlıq Qarabağda ilk baxışda hər şey sakit görünsə də daxili gərginlik var və bu gərginlik koronavirus epidemiyası fonunda ciddi nəzərə çarpmır. Hazırda Saakyan əsas söz sahibidir, seçkiləri o təxirə sala bilər, amma salmır, belə görünür ki, Arutunyanın seçilməsində maraqlıdır.
- Bəs seçkilərin indi keçirilməsi Paşinyana niyə sərf edir?
- Paşinyan Azərbaycanla aparılan Dağlıq Qarabağ danışıqlarında üstün mövqe qazanmaq istəyir. Niyyəti budur ki, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirak eləsin, ona görə də onlara demokratik imic geyindirməyə çalışır.
- Hansı namizədin şansı daha böyükdür?
- “Seçki”lər şəffaf keçirilsə, Dağlıq Qarabağın erməni icmasına seçmək şansı versələr, bu gün heç bir korrupsiya sövdələşmələrində adı hallanmayan Vitali Balasanyanın şansları böyükdür.
Amma inzibati resurslar Araik Arutunyanın xeyrinə işləyir, Paşinyan Masis Mailyanı dəstəkləyir, erməni icma isə Balasanyanı istəyir, üçtirəlik yaranıb, qüvvələr nisbəti bu cür bölünüb.
- Paşinyan bu "seçki"lərlə Dağlıq Qarabağı “Qarabağ klanı”ndan ala biləcəkmi?
- Bunu seçkidən sonra biləcəyik. İndi konkret bir söz demək çətindir.
- Ermənistan baş nazirinin üstünlüyü münaqişənin həll prosesinə nə vəd edir?
- Hələki bu barədə də danışmaq çətindir. Təəssüflər olsun ki, onların heç biri təslimçi mövqe nümayiş etdirməyəcək. Azərbaycanın baş verə biləcək hər şeyə hazır olması üçün proseslər diqqətlə izlənilməlidir.
- Paşinyanın “Qarabağ klanı”na qarşı növbəti addımları nədən ibarət olacaq?
- Yəqin "seçki"lərdən sonra daha aydın olacaq. Seçki başa çatmadığına görə qüvvələr nisbətini dəqiq müşahidə etmək mümkün deyil.
Təbii ki, burada şəxsi ambisiyalar da var, Paşinyan “Qarabağ klanı”nın rəhbərlərinin günahı ucbatından həbsdə yatıb, görünür, atdığı addımlarda o da müəyyən qədər dərəcədə rol oynayıb.