Həkimdən koronavirus XƏBƏRDARLIĞI: Uşaqların Günəşdən məhrum olması və gecə saatlarında...
1-04-2020, 01:03
Koronavirusa yoluxan uşaqlarda COVID-19 simptomları özünü zəif şəkildə göstərir. Eyni zamanda, onların infeksiyanın gizli daşıyıcıları olduqları aşkarlanıb. “MedicalXpress”in məlumatına görə, çinli alimlər müəyyən araşdırmalardan sonra belə qənaətə gəliblər.
Mütəxəssislər koronavirus xəstələri ilə yaxın təması müəyyən edilən və ya yoluxma hallarının qeydə alındığı ailənin üzvü olan iki aylıqdan 15 yaşa qədər 745 uşaq haqqında məlumatı təhlil edib. Yoxlamalardan sonra cəmi 10 uşağa (1,3 faiz) yeni tip virus diaqnozu qoyulub, lakin onların heç birində ciddi simptomlar görülməyib. 7 uşaqda temperatur 39 dərəcəni keçməyib.
Alimlər qeyd edirlər ki, bəzi hallarda uşaqlarda boğaz ağrısı, öskürək və burun tutulması olub, lakin yetkin xəstələrin əziyyət çəkdiyi əzələ və baş ağrısı müşahidə edilməyib. Döş qəfəsinin rentgeni uşaqların heç birində sətəlcəm əlamətləri göstərməyib. Bununla belə, yoluxmuş uşaqların digər uşaqları əvvəl hesab edildiyindən daha uzun müddət sonra yoluxdura biləcəyi müəyyən edilib. Burun və boğazdan götürülən yaxma analizləri koronavirusun olmadığını göstərsə də, xəstəxanadan buraxıldıqdan 13 gün sonra belə uşaqların nəcislərində virus müəyyən edilib. Bu da onların gizli şəkildə COVID-19 daşıyıcısı olduğunu sübut edir.
Tanınmış pediatr Elşən Tağıyev Publika.az-a müsahibəsində uşaqları koronavirusdan qorumağın yollarından danışıb. Ekspert müsahibəsində valideynlərə vacib tövsiyələr verib.
- Elşən həkim, koronavirus bəlasının bütün dünyaya yayıldığı bir vaxtda uşaqlarımızı ondan necə qoruyaq? Hansı qaydalara əməl etmək vacib şərtdir?
- Statistikaya əsasən dünyada 735 000 insan koronavirusa yoluxub, ölənlərin sayı isə 35 minə yaxınlaşır. COVID-19-la mübarizə sahəsində Səhiyyə Nazirliyi, TƏBİB və Nazirlər Kabineti yanında Operativ Qərargahın gördüyü tədbirlər həqiqətən də təqdirəlayiqdir. Məhz bu tədbirlər sayəsində Azərbaycanda koronavirus infeksiyasını nəzarətdə saxlamaq mümkün olub.
Yeni tip virusa yoluxmanın ən real yolu xəstələrlə təmasda olmaqdır. Odur ki, Operativ Qərargahın verdiyi tövsiyələrə əməl etmək lazımdır. Sosial izolyasiya virusun yayılmasının qarşısını alan ən effektiv üsullardan biridir. Digər yollardan biri də əhali arasında koronavirusa qarşı testlərin aparılmasıdır. Bu gün Azərbaycanda 35 mindən artıq test aparılıb. Müayinələr nəticəsində 209 xəstə müəyyən olunub. Bu mənada xəstələrin təmasda olduğu insanların karantinə alınması və izlənməsi mühüm şərtdir. Karantin qaydalarına əməl etmək xəstəlikdən qorunmağın ən vacib yoludur. Odur ki, valideynlərə müraciət edərək demək istəyirəm ki, nə qədər çətin olsa da, evdə qalmaq lazımdır.
Təbii ki, virus əsasən əllər vasitəsilə yoluxduğu üçün onları tez-tez sabun və isti su ilə yumaq vacibdir. Əlləri yumaq üçün su və sabun yoxdursa, o zaman spirt və antiseptik vasitələrdən istifadə etmək olar. Qoruyucu maskaları sağlam insanların taxmasına ciddi ehtiyac yoxdur. Onları xəstəyə qulluq edənlər, tibbi personal və digər insanlarla yaxın təmasda olmaq riski olanlar istifadə etməlidir. Digər hallarda ehtiyac görülmür. O cümlədən sağlam insanların əlcək də taxmasına gərək yoxdur.
- Uşaqlarda immuniteti gücləndirmək üçün hansı tədbirləri görməliyik? Antibiotik və vitamin əlavələri nə dərəcədə effektivdir?
- Koronavirusla mübarizə məqsədilə yoluxmanın qarşını almaq və immuniteti gücləndirmək üçün xüsusi preparatlar yoxdur. Antibiotiklər bu virusa təsir etmir. Lakin son zamanlar aparılan araşdırmalar göstərir ki, azitromisin tərkibli antibiotiklər virus əleyhinə effektiv təsir göstərir. Bu dərmanlar Amerika və Çində yalnız koronavirusa yoluxmuş xəstələrin müalicəsində istifadə olunur. Amma sözügedən dərmanlar profilaktik məqsədlə istifadəyə uyğun deyil. Digər vitamin preparatları da səhhəti yaxşılaşdırmaq üçün qəbul edilə bilər. Vitaminlərin qəbul edilməsi xüsusilə yaz dönəmində vacibdir. Valideynlər uşaqlara D vitamininin verilməsinə xüsusi diqqət etməlidir.
- Karantin müddətində Günəş işığından məhrum olmaq immun sisteminə təsir edir?
- Bəli, D vitamininin immun sisteminin gücləndirilməsində rolu birmənalı şəkildə sübut olunub. Odur ki, valideynlərə yaz aylarında uşaqlarına normal profilaktik dozada D vitamini verməyi tövsiyə edirəm.
- Uzunmüddətli karantin şəraitində yaşamaq uşaqların immunitetində hansı izləri qoya bilər? Bu stressə qarşı uşaqların müqaviməti nə qədər tab gətirə bilər?
- Ümumiyyətlə uzun müddət qapalı şəraitdə yaşamaq, açıq havaya çıxmamaq təkcə uşaqların deyil, bütün insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilir. Bu neqativ təsir insanı stressə salır. Amma unutmaq olmaz ki, bu, bir müalicə metodudur, xəstəliyin qarşısının alınmasına yönəlmiş tədbirdir. İstənilən müalicə metodunda əlavə təsirlər var, biz müalicə üsulu və ya profilaktik tədbir seçdikdə, onun müsbət və mənfi tərəflərini balanslaşdırırıq. Və bu halda sosial izolyasiya və karantin rejiminin verə bilmiş olduğu fayda, onun insan əhval-ruhiyyəsində yaratdığı stresslə müqayisə olunmaz dərəcədə çoxdur. Odur ki, hamınızı Operativ Qərargahın təyin etdiyi xüsusi karantin rejiminə və qaydalarına əməl etməyə çağırıram. Hamılıqla evdə qalmağa çalışmalıyıq, yalnız zəruri hallarda, həkimə getdikdə və ya başqa təxirəsalınmaz işlər olduğu vəziyyətdə küçəyə çıxmaq lazımdır. Qalan hallarda evdə oturmalı və başa düşməliyik ki, sosial izolyasiya qaydalarına nə qədər ciddi əməl etsək, xəstəliyin qarşısını bir o qədər tez ala bilərik. Eyni zamanda xəstələri nəzarətdə saxlaya və qısa müddətdə əvvəlki normal həyatımıza qayıda bilərik.
- Ümumiyyətlə, qorxu, stress immun sisteminin zəifləməsinə səbəb olurmu?
- İmmunitetin gücləndirilməsi üçün verilən tövsiyələr bunlardır: açıq havada gəzmək, idmanla məşğul olmaq, Günəş şüaları qəbul etmək, sağlam qidalanma, yuxu rejimi və s. Karantin şəraitində qapalı məkanda qalmaq insanların immunitetinə təsirsiz ötüşmür. Lakin qeyd etdiyim kimi, karantin rejiminin sağlamlığımıza verə biləcəyi mənfi təsirlər koronavirus infeksiyasının zərərləri ilə müqayisə oluna bilməz. Bu virus həyatı təhlükə yaradan infeksiyadır. Xüsusilə 65 yaşdan yuxarı insanlar üçün risklidir.
- Uşaqların bu infeksiyanı daha yüngül keçirməsi ilə bağlı yayılan məlumatlar nə dərəcədə realdır?
- Belə məlumatlar var ki, uşaqlar koronavirusa çox az hallarda yoluxur, əsasən yüngül keçirir. Lakin uşaqlar bu infeksiyaya yoluxarsa, virusu nənə və babalarına yoluxdura bilər ki, onlar da koronavirus infeksiyasını kifayət qədər ağır keçirir. Ölüm halları da 65 yaşdan yuxarı insanlarda daha çox qeydə alınır.
- Uşaqları hava almaq üçün bir neçə dəqiqəlik küçəyə çıxarmaq nə dərəcədə təhlükəlidir?
- Karantin müddətində maraqlı faktı müşahidə etdim. Bu mövzuda əksər insanlar eyni cür fikirləşir. Valideynlərin çoxu uşaqlarını hava qaralanda həyətə çıxarır. Nəticədə başqaları ilə təmasda olmaq zərurəti meydana çıxır. Bu da infeksiyaya yoluxma riskini artırır. Karantin rejiminin qaydaları çox ciddidir, heç bir halda, hətta hava almaq üçün belə uşaqları küçəyə çıxarmaq və lüzum olmadan evdən çıxmaq yolverilməzdir. Başa düşməliyik ki, koronavirus çox ciddi infeksiyadır. Bunu nə qədər tez anlasaq və qaydalara əməl etsək, bəladan bir o qədər tez xilas ola biləcəyik.
- Bu həssas məqamda valideynləri maraqlandıran suallara cavab verdiyiniz üçün çox sağ olun.
- Təşəkkür edirəm.
Aytən Məftun