"Fövqəladə vəziyyət tətbiq olunub, sadəcə elan edilməyib" - deputat

1-04-2020, 10:47           
"Fövqəladə vəziyyət tətbiq olunub, sadəcə elan edilməyib" - deputat
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, koronavirusla mübarizə istiqamətində son günlər hökumətin qəbul etdiyi qərarları necə qiymətləndirirsiniz?

- Qəbul olunan qərarlar vətəndaşların Konstitusiya ilə qorunan hüquq və azadlıqlarını məhdudlaşdırsa da son zərurət vəziyyətində qəbul olunan qərarlar kimi qəbul olunmalıdır və kafi qiymətləndirilə bilər. Konstitusiyamızın 112-ci maddəsinə görə, Prezident epidemiyalar zamanı fövqəladə vəziyyət tətbiq edir. Bu zaman "Fövqəladə vəziyyət haqqında" Qanunuun 8-ci maddəsinin 8.0.18 -ci bəndinə əsasən, karantin tətbiq edilməsi, sanitariya - antiepidemiya tədbirlərinin həyata keçirilməsi üçün müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bunun üçün Prezident müvafiq Fərman imzalamalı və həmin Fərman 48 saat ərzində Milli Məclisin müzakirəsinə çıxarılmalı idi. Məsələ burasındadır ki, bizim karantin rejimi zamanı hüquq subyektlərinin hüquq və vəzifələrini müəyyənləşdirən qanunvericilik bazamız da yoxdur. Hazırda Nazirlər Kabinetinin yaratdığı Operativ Qərargah beynəlxalq təcrübəyə istinad edərək qərarlar qəbul edir. Qəbul olunmuş qərarların qanuniliyi məsələsini bir kənara qoysaq, vətəndaşlarımızın epidemiya ilə mübarizə baxımından ciddi narahatlığına əsas yoxdur. Hökumət mümkün olan hər şeyi etməyə çalışır. Bu məqsədlə, əslində elan olunmasa da fövqəladə vəziyyət tətbiq olunub.

- Hökumət vətəndaşlara kömək və makroiqtisadi sabitliyi qorumaq üçün kimlərə dövlət dəstəyinin veriləcəyini açıqlayıb. Bu yetərlidirmi?

- Beynəlxalq iqtisadi böhranı yaxınlaşdırmış COVİD-19 epidemiyasına qarşı mübarizədə bütün dövlətlər vətəndaşlarına öz imkanları çərçivəsində müəyyən yardım paketi təqdim edir. Azərbaycan hökumətinin də bu addımı alqışlanmalıdır. Amma bütün sivil və demokratik dünyada olduğu kimi vəsaitin ayrılması barədə hökumətin qərarı parlamentdə müzakirə və təsdiq olunmalıdır ki, deputatlar sənədə öz münasibətini bildirə bilsin. Yalnız sənədlə tanış olandan sonra vəsaitlərin nə qədər əsaslı və ədalətli bölüşdürülməsi barədə fikir söyləmək olar. Makroiqtisadi sabitliyi qorumaq və iqtisadiyyatımızı dayanıqlı etmək üçün isə yubanmadan ciddi iqtisadi islahatlar həyata keçirilməli, dövlət bizneslə məşğul olmaqdan imtina etməli, böyük özəlləşdirməyə gedilməli,sağlam rəqabət mühiti formalaşdırılmalı, əmlak toxunulmazlığına güclü məhkəmə hakimiyyəti yaratmaqla təminat verilməlidir. Bu istiqamətdə ciddi qərarlar qəbul olunarsa, bir neçə il ərzində neftdən asılılığa son qoyub iqtisadi sıçrayışa nail ola bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.