Vahid Əhmədov: “Bu adamlara da yardım edilməlidir...”

1-04-2020, 12:07           
Vahid Əhmədov: “Bu adamlara da yardım edilməlidir...”
Gündəlik çörək puluna işləyən fəhlələrə də müəyyən qədər vəsait verilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışından sonra müqaviləsiz, qeydiyyatsız işləyənlərə maddi dəstək olunmayacağı ilə bağlı əhali arasında yaranan narazılığı şərh edərkən deyib. Onun sözlərinə görə, bu gün ən böyük problemlərdən biri gündəlik çörək puluna işləyənlərin vəziyyətidir:

"Nazirin çıxışına mən də baxmışam. Cənab nazir bir çox məsələlərə toxunub. Amma bu gün bizi əsas narahat edən məsələlələr gündəlik çörək puluna işləyən fəhlələrdir. Hansı ki, el arasında "qul bazarı" deyilən yerdə işləyənlər. Etiraf edək ki, "qul bazarı" bütün rayonlarda var. Deyirlər ki, onların qeydiyyatı yoxdur və bilinmir ki, harda işləyirlər. Amma düşünürəm ki, bu, problem olmamalıdır. İcra Hakimiyyəti orqanları çoxdan bununla bağlı siyahı tərtib edib verməliydilər. Yəni, bu insanların faktiki olaraq iş yerləri yoxdur. Həmin siyahı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kompüterə salınmalıydı və beləcə gündəlik çörək puluna işləyən əhalinin siyahısı olacaqdı. Ordan da həmin insanlara maddi vəsait verilməli idi".

Vahid Əhmədov bildirib ki, əgər gündəlik çörək pulu üçün evdən çıxanlara dəstək olunmasa əhali arasında böyük narazılıq yaranar:

"Əhalinin ən çox hissəsi onlardır. Bu gün mənə ən çox onlardan zəng gəlir və bu məni narahat edir. Hər gün 15- 20 adam zəng edir. Mən də onları arxayın edirəm ki, dövlət başçısı bu məsələyə baxır. Amma hesab edirəm ki, bunlar nəzərə alınmalıdır və ən ciddi məsələlərdən biridir. Biz bununla bağlı aidiyyatı orqanlara müraciət etmişik. O müraciətdə bildirmişik ki, həmin insanlara müəyyən qədər vəsait verilməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.