"Paşinyanın bəyanatları onu göstərir ki..." - Tofiq Zülfüqarovun şərhi
2-04-2020, 09:51
Biz baş verən proseslərin kökündə hansı əsas amillərin durduğuna nəzər salmalıyıq. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və həmin torpaqlarda özlərinin bəyan etdiyi kimi, “ikinci erməni dövləti” yaratmaq məqsədilə siyasi şoular təşkil edirlər.
Bu fikirləri Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi “prezident seçkiləri” haqda danışarkən deyib.
Diplomat əlavə edib ki, hazırda ermənilərin mövqeyində də aydınlıq yoxdur:
“Ermənistan baş nazirinin bəyanatları onu göstərir ki, onun komandası Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi görür. Bu baxımdan təbii ki, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların işğal edilən Azərbaycan torpaqlarında saxta seçkiləri pisləyən bəyanatları əhəmiyyətlidir. Və onu göstərir ki, emənilərin bu şousunu heç kəs qəbul etmir.
İkinci məsələ bundan ibarətdir ki, Azərbaycan dövlətinin buna münasibəti Münhen Təhlükəsizlik Konfransında cənab Prezident tərəfindən açıq ifadə edilib: “Cənab Prezident açıq tonla elan edib ki, Azərbaycanın məqsədi və siyasəti ərazi bütövlüyünü bərpa etmək, orada yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edən insanlara digər vətəndaşlar səviyyəsində hüquq və imtiyzlar verilməsidir. Bunlar təxmini siyasi əsasları yaradan mənzərədir”.
Tofiq Zülfüarov qeyd edib ki, işğal edilən tarixi Azərbaycan torpaqlarında keçirilən saxta seçkilərə münasibət də bu əsasda formalaşıb:
“Yəni orada baş verən siyasi şouları Azərbaycan qəbul etmir və açıq desək, buna ciddi münasibət bildirməyi də ehtiyac görmürəm. Çünki ciddi münasibəti biz daha vacib məsələlərə bildirməliyik. Bu da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə siyasi aparması və hazırda da anneksiya siyasəti həyata keçirmək cəhdləridir. Biz buna birbaşa münasibət bildirə bilərik. Yəni onların təşkil etdiyi siyasi şoulara ciddi yanaşmağın tərəfdarı deyiləm”.
Xankəndində keçirilən saxta seçki şousundan sonra münaqişənin tənizmlənməsinə dair danışıqların perspektivinə toxunan diplomat deyib ki, danışıqlarda saxta seçkilər, pandemiya, neftin ucuzlaşması və ya havanın istiləşməsi kimi amillər ciddi qəbul edilməməlidir:
“Çünki ilk növbədə Ermənistanın bəyan etdiyi mövqe danışıqlara məna verə bilməz. Bu çərçivədə Azərbaycanın danışıqlar aparması üçün heç bir əsas yoxdur. Onlar elan ediblər ki, işğal edilən torpaqlar Ermənistanın bir hissəsidir. Əgər danışıqlar olmasa, deməli müharibə aktualdır. Siyasətdə təzə nəsə icad etmək mümkün deyil. Ya məsələlər danışıqlar, beynəlxalq vasitəçilərin köməyi ilə həll edilir, hansı ki, indi biz vasitəçilərin olmadığını da görürük. Yəni pandemiyanın nəticəsində artıq beynəlxalq qurumların, xarici təsirlərin amil kimi konfliktə və regiona təsiri ciddi şəkildə azalıb. Bu xüsusilə bizim regionumuzla bağlı müstəsna məsələ deyil. Dünyanın hər bir yerində baş verən hadisədir. Bu baxımdan biz istisna təşkil etmirik. İndi regionda biz qalmışıq, Ermənistan qalıb. Biz öz siyasətimizlə, Ermənistan öz siyasəti ilə. Reallıq artıq ortaya çıxıb”.