“Xeyli adamın evində nə ərzaq, nə də pul ehtiyatı var” - deputat

2-04-2020, 18:08           
“Xeyli adamın evində nə ərzaq, nə də pul ehtiyatı var” - deputat
Bəşəriyyəti ciddi şəkildə təhdid edən koronavirus infeksiyası təkcə kütləvi şəkildə yoluxmalara və insan ölümlərinə səbəb olmur, həm də dünya iqtisadiyyatını sarsıtmaqda davam edir. Qlobal dünyanın tərkib hissəsi olan Azərbaycanda da COVİD-19 pandemiyasının təsirləri kifayət qədərdir. İndiki durumda hökumət faktiki olaraq fövqəladə rejimdə işləyir və hələ nə qədər davam edəcəyi bəlli olmayan mövcud durumdan minimum itkilərlə çıxmağa çalışır. Prezident İlham Əliyev bu həftə iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən çox mühüm məqamlara toxundu, ciddi tapşırıqlar və tövsiyələr verdi, tələblər irəli sürdü. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli ilə gündəmin əsas mövzusundan danışdıq.

- Əli bəy, prezident İlham Əliyev nazir Mikayıl Cabbarovu qəbul edərkən vəziyyətlə əlaqədar kifayət qədər açıq danışdı, dövlətin və vətəndaşın üzərinə düşən öhdəliklərdən bəhs etməklə yanaşı, risklərin olduğunu da söylədi. Mövcud vəziyyəti həm bir iqtisadçı, həm millət vəkili, həm də vətəndaş olaraq necə dəyərləndirirsiniz?

- Prezident günümüzün bir sıra aktual məsələrinə toxundu, koronavirus pandemiyasının, eləcə də dünya bazarında neftin ucuzlaşmasının iqtisadiyyata, həm əhalinin həyatına mümkün mənfi təsirlərinin azaldılması ilə bağlı əsaslı fikirlər və maraqlı mesajlar verdi. Dünyanı cənginə alan COVID-19 infeksiyasının fəsadları Azərbaycandan da yan keçməyib. Düzdür, bir sıra ölkələrlə müqayisədə bizdə bu virusa yoluxanların və ölənlərin göstəriciləri hələlik azdır. Amma nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı müəyyən qalxıb-enmələrlə, artan xəttlə gedir. Həm də bu xəstəliyə yoluxma sürəti sağalanların sürətini üstələyir. Bu cür ciddi meyllər, eləcə də sözügedən bəlaya vaxtında yetərincə diqqət yetirməyən İtaliya, İspaniya və sair kimi ölkələrin acı təcrübəsi göstərir ki, Azərbaycanda infeksiya ilə mübarizə gücləndirilməsə, yaxın həftələrdə onun fəsadları sürətlə arta, həm virusa yoluxanların, həm də ölənlərin sayı xeyli çoxala bilər. Bu isə hər bir fərd, hər bir ailə üçün təkcə potensial yox, həm də real təhlükədir. Əgər nəzərə alsaq ki, ailə cəmiyyətin və dövlətin mikromodelidir, deməli, həm hər bir vətəndaşımız, ailəmiz, həm də cəmiyyətimiz və dövlətimiz üçün çox ciddi bir təhlükədən söhbət gedir. Elə ona görə də dövlət, ölkədə yaranmış situasiyanın məntiqinə uyğun olaraq ölkəmizdə koronavirusla bağlı qabaqlayıcı tədbirləri sərtləşdirməyə başlayıb. Ölkəmizdə koronavirusa qarşı mübarizə sahəsində görülən tədbirlərdən danışan Prezident bildirdi ki, əfsuslar olsun ki, dinamika artır və bunun əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaq. Ona görə də Prezident hər bir vətəndaşı qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə əməl etməyə çağırdı. Doğrudanda əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik.

- Dövlət başçısı mövcud durumu 2008-2009-cu il qlobal iqtisadi böhranı ilə də müqayisə etdi, amma daha ciddi risklərdən danışdı...

- Pandemiyanın artıq sadəcə bir səhiyyə problemi çərçıvəsindən çıxıb, çox ciddi iqtisadi və sosial problemlər yaradıb. Ona görə də Prezident pandemiyanın bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurduğunu, aparıcı maliyyə qurumlarının pandemiya nəticəsində yaşana biləcək böhranın 2008-2009-cu illərin böhranından daha da ağır olacağını xatırlatdı. Azərbaycan iqtisadiyyatı həm pandemiyanın bütün dünyanın iqtisadi inkişafına vurduğu zərbədən doğan problemləri,həm də neftin qiymətinin kəskin surətdə aşağı düşməsindən yaranan problemləri aradan qaldırmalı olacaq.

- Azərbaycan büdcəsində xüsusi çəkiyə malik olan neft gəlirlərinin azalması, neftin qiymətinin kritik həddədək aşağı düşməsi şəraitində öhdəliklərə əməl edilməsində çətinliklər olmayacaqmı?

- Bu kontekstdə xüsusi qeyd etmək lazımdır ki, ən ciddi problem neftin qiymətinin aşağı düşməsi nəticəsində gəlirlərimizin azalması sahəsində gözlənilir. Bu amil həm tədiyyə balansına mənfi təsir vasitsilə, həm də birbaşa özünəməxsus şəkildə makroiqtisadi sabitliyin dayanıqlılığına, iqtisadi fəallığa, manata təzyiqin güclənməsinə, maliyyə, kredit, bank sektoruna, büdcəyə öz mənfi təsirini göstərəcək. Eyni zamanda Prezident bildirdi ki, “neftin qiymətinin kəskin surətdə düşməsinə baxmayaraq, 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir”. Doğrudan da büdcə elə qurulub ki, 2020-ci ilin büdcəsində birbaşa neft amilinin payı 56 faiz olsa da, onun əksər hissəsi Neft Fondundan transfertlər olduğundan, eləcə də Azərbaycan Dövlət Neft Şirkəti daha çox daxili bazarla əlaqəli olduğundan, dünya bazarında neftin qiymətinin aşağı düşməsi yalnız xarici neft şirkətlərinin gəlirinin azalması nəticəsində bizim büdcəyə daxilolmaların azalması kanalı vasitəsilə təsir edir. Bu təsir isə multiplikativ effekt ilə birlikdə büdcə gəlirlərinin 1,5 faizi ətrafında olan bir rəqəmdir. Deməli, neftin qiymətinin aşağı düşməsinin büdcə gəlirlərinə birbağa təsiri minimumdur, amma büdcə gəlirlərinə dolayı təsiri mütləq olacaq. Ona görə də Prezident bildirdi ki, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Eyni zamanda bu ixtsar və təxirəsalınma məsələsinə münasibətdə Prezident hazırda çox böyük aktuallıq kəsb edən bir məsələni-məşğulluq məsələsini önə çəkdi və bildirdi ki, “əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır”. Hazırkı məqamda bu məsələnin aktuallığı getdikcə artacaq.

- Belə olan təqdirdə vətəndaşı digər bir məsələ maraqlandırır və ciddi şəkildə narahat edir: manatın taleyi necə olacaq, milli valyutamız təzyiqlərə dözə biləcəkmi?

- Azərbaycan iqtisadiyyatı 2015-ci ilin iki şok devalvasiyasının yaratdığı problemlərdən çıxıb, ötən ildən etibarən yavaşımış inkişaf trayektoriyasından orta və bir sıra sahələr üzrə isə yüksək sürətli inkişaf trayektoriyasına keçməyə doğru yol tutmuşdu. Bu ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft sektorunda 6,7 faiz, qeyri-neft sənaye sahəsində 21,7 faiz artması, inflyasiyanın 2,8 faiz, əhalinin gəlirlərinin isə 9 faiz olması göstərir ki, 2019-cu ildə olduğu kimi 2020-ci ildə də iqtisadi dinamikamız müsbətdir. Amma təbii ki, getdikcə artan böhranlı vəziyyətdə mart ayından etibarən həmin müsbət dinamika bir sahədə çox, digər sahədə bir qədər az olmaqla mənfi təsir göstərməyə başlayacaq. Ona görə də Prezident bütün qüvvələri səfərbər edib bu il də müsbət dinamikanın saxlanılmasını vacib hesab etdi. Təbii ki, iqtisadiyyatımızın düşdüyü vəziyyətdən az itki ilə çıxmasının magistral yolu, islahatların dərinləşdirilməsi və genişləndirilməsindən keçir ki, bu yol da davam etdiriləcək.

- Pandemiyanın fəsadlarının aradan qaldırılması üçün dövlətin 1 milyardlıq yardım paketi də var. Bu vəsait hansı sahələrə və hansı kateqoriyalar üzrə bölüşdürüləcək ki, vətəndaş daha kritik vəziyyətlə üzləşməsin?

- Məlumdur ki, Prezidentin qərarı ilə pandemiyanın iqtisadi və sosial fəsadlarını minimuma endirmək üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb, dörd işçi qrupu yaradılıb. Həmin qruplar makroiqtisadi və maliyyə sabitliyi, məşğulluq, sahibkarlara və əhaliyə dəstək və sair istiqamətlərdə təhlillər aparıb, təkliflər hazırlayıb. Həmin təkliflərin ümumu maliyyə tutumu 2,5 milyarda manat təşkil edir ki, bu da ölkənin ÜDM-nin 3 faizi səviyyəsində böyük bir rəqəmdir. Həmin təkliflərin bir hissəsi İqtisadiyyat nazirinin Prezident tərəfindən qəbulu zamanı səsləndirildi. Onların arasında pandemiyadan zərər çəkmiş sahələrdə 304 min muzdlu işçilərin əmək haqlarının odənilməsi üçün, eləcə də, 292 min fərdi - mikro - sahibkara maliyyə maliyyə dəstəyinin verilməsi; vergi güzəştlərinin və tətillərin verilməsi; bank kreditləri üzrə kredit-zəmanət dəstəyinin verilməsi; faiz dərəcəsinin subsidiyalaşdırılması; əhalinin maddi vəziyyətinin dəstəklənməsi, sosial yardım (işsizlik müavinəti, sosial yardım və s.) verilməsi; sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək verilməsi; ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyinin verilməsi və əlavə vəsaitlərin ayrılması; əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması və sair bu kimi mühüm məsələr xüsusi yer tutur.

- Əli bəy, bütün bu addımlar yetərlidirmi, yoxsa sizin əlavə hansısa təklifləriniz də var?

- Bununla əlaqədar iki məqamı xüsusi qeyd etmək istərdik: əvvəla, insanların evdə qalması təkcə elektrik enerjisi yox, qaz sərfiyyatını da artırıb. Nəticədə limiti keçənlər qaz üçün ikiqat haqq ödəməli olur. Bu, xeyli ailənin büdcəsinə ciddi ziyan vurur. Ona görə də işıqla yanaşı, qaz üzrə də limitin artırılması məqsədəuyğun olardı. İkincisi, koronavirus təhlükəsinin artmaqda davam etdiyi indiki çətin vəziyyətdə həmrəylik - “birgə olmaq” ideyası həyati zərurətə çevrilərək prioritet təşkil edir. “Evdə olaq” çağırışından xüsusi rejim tətbiq etməklə “evdə qal” tələbinə keçid, “birgə olmaq” prioriteti ilə yanaşı addımayanda daha efektli ola bilər. Çünki inşallah, hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin köməyi ilə və belə bir həmrəylik sayəsində Azərbaycan bu görünməz bəla ilə mübarizədən qalib çıxacaq. Buna isə realda daha çox dövlətin, cəmiyyətin, biznesin, ayrı-ayrı fərdlərin bir-birinə dəstək olan, bir birini tamamlayan effektiv kombinasiyası şəraitində nail ola bilərik. Ona görə də koronavirusla bağlı yaranan situasiya tələb edir ki, iki istiqamətdə işlər paralel həyata keçirilsin: yəni əhalini birbaşa koronavirusdan qorumaq tədbirləri ilə yanaşı, evdə qalıb çölə çıxa bilmədiyindən maddi vəziyyəti pisləşən vətəndaşlara da kömək məsələsi operativ həll edilməli,“evdə qal” tələbi, evdə köməksiz qalanlara təcili yardım paketi ilə tamamlanmalıdır. Hökumətin hazırladığı tədbirlər proqramları işə düşəcəyi aralıq müddətdə özünütəcrid qaydalarına əməl edən, evdən bayıra çıxmayan insanların necə dolana bilməsi sualına da yubanmadan cavab vermək lazımdır. Xeyli adam var ki, evində nə ərzaq, nə də pul ehtiyatı var. Çünki bizə olan çoxsaylı müraciətlər də göstərir ki, xeyli insan gündəlik çörəkpuluna işləyirdi və onun evdə qalması ailənin ac qalmasına səbəb olub. Ona görə də təcrid vəziyyətinə düşmüş belə insanlara, ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir. Artıq bir sıra strukturlar tərəfindən bu yöndə müəyyən addımlar atılmağa başlanılıb. Bu işə sistemli xarakter verib miqyaslarını da artırmaq lazımdır ki, diqqətdənkənar qalan olmasın. Aidiyyatı qurumlar, yerli icra strukturları, bələdiyyələr, imkanlı adamlar da bu cür imkansızlara əl tutmalııdr ki, hökumətin hazırladığı biznesə və əhaliyə kömək paketi işə düşənə qədər insanlar düşdüyü ağır durumdan çıxa bilsinlər.

- Prezident İqtisadiyyat nazirini qəbul edərkən onu da bildirdi ki, dövlət qurumları fərqli rəqəmlər təqdim edir. Kifayət qədər ciddi məsələ olan bu məqamla bağlı nə deyə bilərsiniz?

- Bəli, Prezident İlham Əliyev çıxışında həlli operativ surətdə vacib olan bir məsləyə toxunaraq bildirdi ki,”özümüzü təminetmə əmsalına gəldikdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır. Çünki müxtəlif dövlət qurumlarından mənə fərqli rəqəmlər təqdim edilir. Ona görə bütün dövlət qurumlarının rəqəmlərini təhlil edin və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir və biz öz siyasətimizi daha dəqiq proqnozlaşdıraq”. Daha sonra cənab Prezident dedi ki, ”eyni zamanda, bizim ixracımızı və özümüzü təminetmə imkanlarımızı təhlil edərkən mütləq Azərbaycanda istehsal olunan malların xarici komponentinin faizi də nəzərə alınmalıdır. Çünki bəzi hallarda xarici xammal böyük paya gəlib çıxır”. Müharibə vəziyyətində olan bir ölkə üçün bu həqiqətən də çox ciddi məsələdir. Çünki özümüzü təminat sahəsindəki rəsmi statistika bir sıra sahələr üzrə xeyli dərəcədə reallıqdan uzaqdır. Son vaxtlar ölkəmizdə tibbi maskaların hazırlanması istiqamətində işlər təşkil olunsa da, hələ də çox sadə bir şey olan yerli maskasının satışa gəlib çatmaması əyani şəkildə göstərir ki, bir vaxtlar pis-yaxşı aparıcı sahələrdən biri olan, xüsusən də qadınların məşğulluğu məsələsində aparıcı rol oynayan yüngül sənayemiz bu gün nə gündədir. Ona görə də Prezident növbəti dəfə yerli istehaslın inkişaf etdirilməsi, ixracı əvəz edən məhsulların bir hissəsinin istehsalının ölkəmizdə təşkil edilməsi və qeyri-neft sahələrinin ixracının artırılması kimi vacib məsələni qaldırdı. Yerli istehaslın inkişaf etdirilməsi, ixracı əvəz edən məhsulların bir hissəsinin istehsalının ölkəmizdə təşkil edilməsi idxalımızı bir neçə milyard dollar azaldar, qeyri-neft sahələrinin ixracının artırılması isə bu sahənin ixracını hazırkı 2 milyard dollardan 2-3 dəfə yüksəyə qaldırmağa imkan verər. Bu isə əhalinin yerli məhsul və mallarla təminatının etibarlılığını artırmaqla yanaşı, həm də milli valyutanın-manatın dünya bazarında neftin qiymətindən asılılığı kimi Azərbaycan üçün çox bəlalı bir problemin aradan qaldırılmasına imkan verər.

- Artıq Milli Məclisin komitə iclasları onlayn şəkildə keçirilir və plenar iclasa da bu təcrübənin tətbiq olunması gözlənilir. Bu metod effektlidirmi?

- Dünən ilk dəfə olaraq İqtiasadi siyasət komitəsi onlayn iclas keçirdi. Pis alınmadı...
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.