"Ayrılan 1 milyard yetərli olmayacaq və əlavə olaraq 2.5 milyardlıq 2-ci proqram da olacaq" - deputat

11-04-2020, 10:38           
"Ayrılan 1 milyard yetərli olmayacaq və əlavə olaraq 2.5 milyardlıq 2-ci proqram da olacaq" - deputat
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pandemiyaya qarşı görülən tədbirlər və onların qiymətləndirilməsi ilə bağlı Moderator.az-a müsahibə verib.

- Musa müəllim, dünən hökumət MM-də hesabat verdi. Bununla və pandemiya ilə mübarizə çərçivəsində görülən işlər millət vəkillərini qane etdimi?

- Əslində hökumətin hesbatı xüsusi bir şəraitdə oldu. Ənənəvi formada baş tutmadı. Ona görə də canlı müzakirə getmədi. Biz bu dəfə Baş nazirin video müraciətini dinlədik və təkliflərimizi də yazılı formada təqdim etdik. Bizim, o cümlədən digər deputataların irəli sürdüyü təkliflərin bir çoxu pandemiyadan sonra hökumətin gündəmində olacaqdır. Lakin təbii olaraq indi əsas məsələ koronavirusla mübarizədir və ölkə olaraq bütün gücümüzü buna yönəltmişik.

O ki, qaldı pandemiya ilə mübarizədə hökumətin fəaliyyətinə, biz bütövlükdə bunu yüksək qiymətləndiririk. MM-in dünənki iclasında da deputatlar bu məsələyə öz münasibətlərini bildirdilər.
Bilirsiniz ki, Cənab Prezidentin tapşırığı ilə Nazirlər Kabinetində hazırlanan təbbirlər planı həyata keçirilir və bu məqsədlə 1 milyard manat vəsait ayrılıb. Lakin bu vəsaitin yetərli olmayacağı görünür və əlavə olaraq 2.5 milyardlıq ikinci bir proqram da olacaq.

- Pandemiyaya qarşı mübariz tədbirləri içərisində prioritet istiqamət nədir?

- Fikrimcə, prioritet məsələ əhalinin iş yerlərinin qorunub saxlanması, sosial müdafiəyə ehtiyacı olan insanların diqqət mərkəzində olmasıdır.
NK - nin hazırladığı tədbirlər planının istiqmətlərindən biri də sosial müdafiə və məşğulluqla bağlıdır. Artıq bunun icrasına başlanılıbdır. Bütövlükdə bu tədbirlər 2 milyon vətəndaşı əhatə edəcək və onun icrasına 394 milyon manat vəsait xərclənəcəkdir.
Qeyd edim ki, ölkədə işləyənlərin 910 min nəfəri dövlət sektorunda, 664 min nəfəri isə özəl sektorda çalışır. Özəl sektorda iş dayandığı üçün onların da əməkhaqqı dövlət tərəfindən ödənəcək.

- Hazırda ən çox müzakirəyə səbəb olan məsələlərdən biri işsiz vətəndaşalrın sosial müdafiəsdir…

- İşləməyən və ya iş axtaran vətəndaşların sosial müdafiəsi də çox vacibdir. Burada da iki istiqamətdə iş aparılması nəzərdə tutulur. Bunlardan biri bütün ölkə üzrə 50 min nəfərlik sosial iş yerininin yaradılmasıdır. Artıq bunun icrasına başlanılıb. Ancaq düşünürəm ki, bu, yetərli olmayacaq, ona görə də biz dünən də hökumətə təklif etdik ki, bu rəqəm artırlsın.

Digər məsələ ilə bağlı deyim ki, bu gün cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri 190 manat müavinətlə bağlıdır. Məbləğlə bağlı suallara aydınlıq gətirmək üçün bir daha vurğulayım ki, bu rəqəm yaşayış minumumuna uyğun olaraq o qədər müəyyənləşdirilib.

- Əhalidə belə bir narahatlıq var ki, 190 manatlıq müavinət ehtiyacı olan hər kəsə verilmir.

- Bu yardımın hər kəsə düşməməsi o demək deyil ki, digər insanlar dəstəkdən kənarda qalacaq. Ehtiyacı olan başqa ailələrə də digər formalarda yardımlar göstəriləcəkdir. Məsələn, mən dünən ƏƏSMN-in rəhbərliyi ilə əlaqa saxladım, mənə bildirdilər ki, nazirlik 30 min ailəyə digər yardımların, o cümlədən ərzaq dəstəyinin göstərilməsi ilə bağlı sosial tərəfdaşları ilə müqavilələr bağlayıb. Deməyim odur ki, ehtiyacı olan hər bir kəs bu və digər formada dəstək proqramı ilə əhatə olunacaqdır.

Lakin mən burada bir məsələni də vurğulamaq istərdim. Biz hər şeyi də dövlətdən gözləməyək. Demək olar ki, bütövlükdə respublika ictmaiyyəti bu prosesə qoşulub. Bütün cəmiyyət belə məqamlarda fəal olmaldıır. Pandemiya nəzərdə tutulan bir fəlakət deyil, qəfil baş verən hadisədir. Ona görə də ona hazırlıqsız yaxalanmaq təbiidir. Burada hər kəs əlini daşın altına qoymalıdır.

- Vətəndaşlar ən çox qeyri-rəsmi işləyənlərlə bağlı suallar verirlər. Onlara dəstək məsələsi necə həll ediləcək?

- Mən dünənki çıxışımda da bu məsələyə toxundum. Bu çox ciddi bir məsələdir və etiraf edək ki, bu işdə biz bir qədər axsayırıq. Əvvəllər də bu barədə çox danışılırdı ki, sahibkarlar əməkdaşlarını qeyr-formal işlədirlər. Lakin bu məsələ hələ də tam həllini tapmayıb.

Ancaq hər şərdə bir xeyir var deyirlər, pandemiyadan sonra bir həftə ərzində 36 min sahibkar tərəfindən əmək müqavilələrini rəsmiləşdirməklə bağlı müraciət daxil olub. Vətəndaşlar da başa düşür ki, rəsmi müqavilə olmayanda belə məsələlərdə çətinlik yaranır. Rəsmi iş olmayanda ƏƏSMN-də o vətəndaşlara yardım edə bilmir. İnanıram ki, bundan sonra bu problem öz həllini daha geniş formada tapacaq.

- Vəziyyətlə bağlı əhalini düşündürən məsələlərdən biri də kreditlərin ödənişi ilə bağlıdır. Bu məsələ necə həll olunacaq?

- Kreditlərin dondurulması məsələsi gündəmdədi və çox ehtimal ki, müsbət həllini tapacaqdır. Mərkəzi Bankın sədri də deputatların bununla bağlı suallarını cavablandırdı və vurğuladı ki, bu problem hökumətin müzakirəsindədir. Yaxın günlərdə bununla bağlı dəqiq məlumat veriləcəkdir.
Düşünürəm ki, ən azı pandemiya dövründə kreditlərin dondurulması müsbət həll edilə blər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.