"Dəqiq bilirəm ki, Azərbaycanı təhlükəyə sürükləyən bu təxribatçılar 3 ay ərzində hazırlaşıb...” - Ekspert BİR-BİR İZAH EDİR...

23-11-2022, 20:05           
"Dəqiq bilirəm ki, Azərbaycanı təhlükəyə sürükləyən bu təxribatçılar 3 ay ərzində hazırlaşıb...” -
"Dəqiq bilirəm ki, Azərbaycanı təhlükəyə sürükləyən bu təxribatçılar 3 ay ərzində hazırlaşıb...”
Hazırda dünyada elə sürətli proseslər gedir, elə olaylar baş verir ki, ən təcrübəli siyasətçi və şərhçilər belə, hətta yaxın gələcək barədə gerçəkliyə uyğun proqnoz verməkdə çətinlik çəkirlər... Konkret Azərbaycana gəldikdə, son aylar cəmiyyətimizin diqqəti və emosiyaları əsasən 3 istiqamətə yönəldilib. Birincisi, bu günlərdə daha çox diqqət mərkəzində olan İranda, o cümlədən Güney Azərbaycanda baş verən silhalı və qanlı iğtişaşlar fonunda artıq tezliklə Təbrizin, Ərdəbilin və s. azad olacağı, Quzeyli-Güneyli bütöv Azərbaycan yaranacağı xəyalıdır. İkinci məsələ türk ölkələrinin yaxın dövrdə Turan birliyi quracağı illüziyasıdır. Üçüncü mövzu isə sentyabr döyüşlərindən sonra xeyli səngimiş, lakin hələ də yetərli sayda vətəndaşın beynində dolanan tezliklə nəinki, Zəngəzur, Göyçə, hətta İrəvanda da Azərbaycan bayrağının dalğalanacağı xülyasıdır. Əlbəttə, hər üç məsələ Azərbaycanı, türk-islam dünyasını sevən hər kəsin, xüsusən də Azərbaycan və Türkiyə vətəndaşlarının ümdə arzusudur. Fəqət planetdə və regiondakı reallıq, bizim- Azərbaycanın, Türkiyənin və ümumiyyətlə, türk-islam dünyasının mövcud real iqtisadi-siyasi gücü başqa məsələdir. Bu mənada, görəsən, sadaladığımız 3 məsələ, 3 arzu gerçək geo-siyasi proseslər prizmasından necə görünür?..

TEREF.AZ-ın məlumatınaa görə, siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:

“Hər şeydən əvvəl onu deyim ki, emosional kateqoriyalara aid olan və sizin də qeyd etdiyiniz “emosiyalar”, “xəyal”, “xülya” və “illüziya” kimi ifadələrlə razılaşmaya bilmirəm. Təəssüf ki, baş verənlər məhz əsasən bunlardan ibarətdir. Və bu da hələ məsələnin tən yarısıdır, bəlkə də yarısından azıdır. Təəssüflə qeyd edirəm ki, bizim cəmiyyətdə geniş ictimai müzakirə predmeti olan mövzular ətrafında daim emosiyalar üstünlük təşkil edir. Və həmin emosiyalardan bir çox hallarda çox məharətlə istifadə olunur. Konkret olaraq qeyd etdiyiniz müzakirələrin hər üçündə, yəni Cənubi Azərbaycan mövzusu, Turan mövzusu və Ermənistanın gələcəkdə Azərbaycana, az qala, bütövlükdə qatılacağı mövzusunda da yalnız emosional çalarlar deyil, həm də həmin emosiyalardan məharətlə yararlanaraq fəaliyyət göstərən, daha doğrusu, sistemli, ardıcıl və metodik fəaliyyət göstərən böyük bir provakator, təxribatçılar ordusu göründü... Və nə yazıqlar ki, məhz insanların emosional durumundan, bu məsələlərə sentimental yanaşmasından, xalqımız üçün ağrılı mövzular olmasından istifadə edən həmin təxribatçılar, az qala, bütün bu müzakirələrdə əsas ton verən tərəf oldular. Bu gün də, baxmayaraq ki, sözügedən mövzular artıq gündəmdən çıxmaqdadır, - çünki həmin mövzular real siyasətdən çox uzaqdır, - eyni provakatorlar var gücləri ilə onları gündəmdə saxlamağa çalışırlar. Amma belələrinin revanş götürməsi və üstünlük təşkil etməsi təbiidir. Ona görə ki, sadə xalqdan, yəni siyasətdən dərin bilgiləri olmayan, geo-siyasi durumun tələblərini anlamayan yüz minlərlə insandan fərqli olaraq bu dəstə bəhs edilən olay və müzakirərələrə sistemli şəkildə, özü də bir neçə ay ərzində hazırlaşıblar. Mən dəqiq bilirəm ki, Azərbaycanı təhlükəli perspektivə, xaosa sürükləməyə çalışan bu təxribatçı ordu üç ay ərzində hazırlaşıb. Çünki bu prosesi diqqətlə izləmişəm. Və bu mövzuda mənim ayrıca bir müsahibəm olacaq...”.

Analitik söhbətinin ardında bəhs edilən provakatorlar dəstəsinin ifşasının vacibliyini vurğulayaraq deyib:

“Ona görə ki, biz məhz bu qəbildən olan provakatorları ifşa etməliyik. Onlar cəmiyyət üçün, xalq üçün, dövlətin mövcudluğu üçün çox ciddi təhlükələr yaradırlar. Onlar böyük siyasəti həyata keçirən bu və ya digər qrupların, dövlətlərin, güclərin əlində alət rolunu oynayırlar və tam məsuliyyətlə deyirəm ki, bunu şüurlu şəkildə edirlər. Bir daha təkrar edirəm ki, söhbət böyük bir təxribatçı ordudan gedir. Və bütövlükdə bu məsələlərin hamısı; istər Güney Azərbaycan, Güneyli-Qizeyli Azərbaycanın birləşməsi, Turan və yaxud elə, nə bilim, “İrəvan respublikası”, “Zəngəzur-Göyçə respublikası” – bütün bunlar real siyasətdən, xüsusən də geo-siyasətdən olduqca uzaq duran məsələlərdir. Və əgər biz onların hər üçünə geo-siyasi proseslər prizmasından baxsaq, deyərdim ki, hətta bizim - Azərbaycan üçün təhlükəli məsələlərdir”.

Ekspert son aylar İranda baş verənlərin mahiyyəti və bunun bütövlükdə region üçün mümkün təhlükəli nəticələri haqda da danışıb.

“Bilirsiz, İrandakı iğtişaşlar və onları təşkil edənlərin hədəfləri “Böyük Orta Doğu” adlanan projedə iştirak etmək istəyən məkrli qüvvələrdir. Amma onların bu bölgəyə çıxışı olmadığından həmin çıxışı Azərbaycan, Ermənistan və İrandan qoparmağa çalışdıqları bir hissə, sonrakı mərhələdə isə Suriya və İraq vasitəsilə reallaşdırmağa çalışırlar. İcazənizlə bir qədər də dərinləşdirim. Söhbət Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd bir zolağını, Naxçıvanı, Ermənistanın Zəngəzur bölgəsini və bütövlükdə Azərbaycan Respublikasını, sonrada isə qeyd etdiyim kimi, şimali Suriya və şimali İraqı əhatə edən böyük bir ərazidə destablizasiya zonası, başqa sözlə, “boz” zona yaratmaqdan gedir. Onun adı müxtəlif cür ola bilər. Yüksək ehtimalla deyək ki, bu, “Kürdüstan respublikası” ola bilər, təbii ki, tanınmayan... Amma eyni zamanda bu zolağın bir kommunikasiya rolu da oynaması mümkündür. Necə ki, vaxtilə - biz bunu çox yaxşı bilirik, -Azərbaycanın işğal altında qalan bölgələri belə bir rol oynayırdı. O zaman Rusiyadan, onun Ermənistandakı 102-ci bazası vasitəsilə Qarabağa, Qarabağdan isə İrana silah-sursat, geriyə isə narkotik maddələr daşınırdı. Eyni zamanda orada qeyri-leqal yanacaq və digər malların alveri də həyata keçirilirdi. İndi isə bu daha böyük miqyasda planlaşdırılmış bir layihədir... Amma artıq, gördüyümüz kimi, bu layihənin də qarşısını almağa başlayıblar... Bu haqda hələlik bu qədər...”- söyləyən siyasi şərhçi sözügedən olay və proseslərin Azərbaycan üçün mümkün təhlükələrindən də bəhs edərək deyib:

“Deyilən proseslərin Azərbaycan üçün daşıdığı təhlükə isə təsəvvür etdiyimizdən daha böyükdür... Birincisi bu, Şimali Azərbaycanın, yəni Azərbaycan Respublikasının suverenliyinin itirilməsi və ya məhdudlaşdırılması deməkdir. İkincisi, bu, Cənubi Azərbaycanda, yəni İranda “Qərbi Azərbaycan ostanı” adlandırılan və Türkiyə ilə həmsərhəd olan ərazidəki soydaşlarımızın bir hissəsinə qarşı etnik təmizləmə ilə nəticələnə bilər. Üçüncüsü, düşmən qüvvələrin, nəhayət, Türkiyənin şərq və cənub sərhədlərinə gəlib çıxmasına səbəb ola bilər. Və bununla da Türkiyə-Azərbaycan əlaqələrinin tam kəsilməsi mümkündür. Çünki olay və proseslərin düşmənlərimizin istədiyi kimi getməsi halında Azərbaycan Naxçıvan üzərindəki onsuz da məhdud suverenliyini xeyli dərəcədə itirə bilər. Bu isə Azərbaycan və Türkiyə üçün, ümumiyyətlə, türk dünyası üçün böyük bir faciə baş verməsi demək olar. Amma xalqımıza, bizim sadə insanlara məhz o məkrli düşmənlərin əlində alət olan daxili provakatorlar baş verənləri bir Turan projesi kimi təqdim etməyə çalışırlar. Və çox təəssüf ki, yüz minlərlə soydaşımız da bu təxribata uyur. Çünki təxribatçı qruplar həmin insanların müqəddəs hiss və amallarıyla oynayırlar, öz xain və hiyləgər planlarını onların emosiyaları, arzuları üzərindən həyata keçirirlər...”

“Sadalananların geosiyasi perspektivinə gəldikdə, hesab edirəm ki, artıq hər şey aydındır. İran ölkədə baş verən iğtişaşları və situasiyanı tədricən nəzarətə götürəcək. Bunun əlamətləri artıq görünməkdədir. Eyni zamanda Tehran hakimiyyəti şimali İraqdakı kürd silahlı birləşmələrini tərksilah edəcək... Yaxud bu işi təzyiq edərək İraq hökumətinə gördürəcək. Türkiyə isə artıq Suriyada əməliyyatlara başlayıb. Geo-siyasi kontekstdən bu, belə görünür. Və dünya mediasını diqqətlıə izlədikdə biz bir şeyi aydın görürük ki, istər ABŞ, istər Avropa KİV-də, istər Qərb analitiklərinin açıqlama və təhlillərində, istərsə də siyasətçilərin bəyanatlarında İranla bağlı hər hansı bir etnik, milli məsələ və ya həmin ölkənin parçalanması məsələsi müzakirə olunmur. Söhbət yalnız İranda rejimin dəyişməsindən, onun yumşalmasından və demokratik bir quruluşun təsbit olunmasından gedir. Dediyim kimi, real geo-siyasi baxış bucağından görünən bunlardır”-deyə Ərəstun Oruclu yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.