Zeynəb Xanlarova: ‘‘Tənqidimdən sonra hasarları bir az da uzadıblar’’ - FOTO, VİDEO
28-05-2016, 01:39
“Mənim ürəkdən sevindiyim gün torpaqlarımızın azad olunduğu gün olacaq”
“Qoy bu şounu bir az yığışdırsınlar, biri deyir, 8 dəfə ərə getmişəm, o biri deyir, ərimdən təzə boşanmışam”
Zəmanəmizin canlı əfsanəsi, böyük sənətkarımız, xalq artisti Zeynəb Xanlarova ilə aylar idi ki, söhbətləşməyə çalışırdım. Atalar “gec olsun, güc olsun” sözünü əbəs deməyibmiş. Həm söhbətimiz alındı, həm də böyük sənətkar bizi səsindən məhrum etmədi …
Zeynəb xanım söhbətimizin əvvəlində ürəyinin Qarabağda, əsgərlərimizin yanında olduğunu dilə gətirdi:
- Bu gün ölkəmizdə iqtidar-müxalifət məsələsi olmamalıdır, hamı birləşməlidir, hər birimiz Vətənin çağırışına hazır olmalıyıq. Mən 50 ildir səhnədəyəm, cəmiyyət içindəyəm, o qədər prezidentlər gəlib-gedib, hələ belə şey görməmişəm. Prezidentin xanımı hərbi geyimdə ön cəbhəyə gedir, əsgərlərimizə, ön cəbhədə yaşayan əhalimizə dəstək olur. Prezidentimizin özü də ön cəbhəyə gedir. Bunu necə görməmək, bundan necə duyğulanmamaq olar?
- Zeynəb xanım, elə Qarabağdan söz düşmüşkən, aprel ayındakı döyüşlərindən sonra cəbhəyə, azad olunmuş ərazilərə gedən sənət adamları çox oldu. Siz necə, əsgərlərimizlə görüşmək istərdinizmi?
- Əsgərlərimizə mənim canım qurban. Amma bəzi sənətçilər gedib orda özlərini reklam edir, bax, mən bunun tərəfdarı deyiləm. İstəyən uzaqda da istəyir, yaxında da. Allah qoysa, Qarabağımız tamamilə düşməndən azad olunsun, ata-analarımız, bacı-qardaşlarımız bərpa olunmuş evlərinə köçsün, mən hər zaman Qarabağımızın ziyarətinə getməyə hazıram. Mən vaxtilə əsgər geyimi geyinib Əfqanıstanda, atəşin altında oxuyurdum. Konsertimə gələnlər də hamısı əsgərlər idi. Komandirlərinin səhnəyə çıxıb mənə təşəkkür etdiyini də unutmamışam.
İnanın, mən xaricə konsertlərə gedəndə bir çemodan disk aparıram. Bir dəfə dedilər, nə ağır çemodanınız var. Dedim, camaat xaricə öz kasetlərini aparıb paylayır, amma mən Azərbaycan həqiqətlərini yayıram. Hər dəfə Xocalı soyqırımı ilə bağlı Çingiz Mustafayevin çəkdiyi kadrların disklərini aparıb paylayıram. İstəyirəm başqa millətlər də bu lentlərə baxıb görsün ki, bizim başımıza nə oyun gəlib, necə cavanlarımız, uşaqlarımız qırılıb. Hər bir insan Vətəni üçün, xalqı üçün əlindən gələni etməlidir. Bu da mənim Qarabağ təbliğatımdır. Amerikada olanda həlak olan pilotların fotosunu gördüm, gecə səhərə qədər yata bilmədim. Qəhər məni boğmuşdu... Şəkil kimi oğlanlar idi. Necə ürəyim ağrıdı. Bizim belə oğullarımıza qıyan düşmənə mənim nifrətim bitən, tükənən deyil!
- Aprel döyüşlərində azad olunan torpaqlar haqqında harada xəbər tutdunuz?
- Onda Amerikada idim. Saytları oxuyuram axı, elə ordan xəbər tutdum. Həddindən artıq sevindim... O qədər sevindim ki...Onu da deyim ki, bir gözüm güldüsə, bir gözüm də ağladı. Necə gözəl oğullarımız şəhid oldu... Amma bir tərəfdən düşünürəm ki, qurban vermədən torpaqları azad etmək mümkünsüz deyil. Tarix boyu belə olub. Mən hər bir ananın dərdinə şərikəm, böyük dərddir. Allah onlara səbr versin! Amma qoy onlar qürurlu olsunlar, üzülməsinlər. Çünki övladları Vətən yolunda şəhid olub. O şəhidlər ölməyib, daima bizim ürəyimizdə yaşayacaqlar. Onlar tək o anaların yox, hər birimizin övladlarıdırlar.
- Zeynəb xanım Qarabağın hansı yolla azad olunmasını istəyir, savaşla, yoxsa sülh yolu ilə?
- Əlbəttə ki, mən bir ana kimi sülhün tərəfdarıyam. Mən Kanadada “Ananın səsi”ni oxuyanda bütün tamaşaçılar ayağa qalxıb alqışlayırdı. (Ardınca mahnının sözlərini xatırladır-E.P.) “Mən anayam, bu səsimdə yerin, göyün dərdi var, sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar”.
(Böyük sənətkardan israrla xahiş edirəm ki, bu sözlərə yazılmış mahnını “Musavat.com”-un izləyiciləri üçün zümzümə eləsin. Sözümü yerə salmır və ecazkar səsin sədaları yayılır)
Ardınca sözlərinə davam edir:
- İrqindən asılı olmayaraq, hər bir ölkədə ana anadır. Bütün analar sülh istəyir. Mən nəinki vətənimdə, dünyanın heç bir yerində anaların gözüyaşlı qalmasını istəmirəm, Əfqanıstandan tutmuş Suriyaya qədər... Amma ötən illər Qarabağda baş verənlər göstərdi ki, artıq sülhdən keçib. “Sülh yolu” deyə-deyə itkilər veririk, düşmən də yolundan dönmür. 20-25 il danışıq olar? Biz düşmənlə mədəni davrandıqca, onların düz yola gələcəyini gözlədikcə, düşmən bir az da üstünə qoyur. Üstəlik, elə bilir ki, biz ondan qorxuruq. Erməni başa düşməlidir ki, bizim bir əsgərinin qabağında onların on əsgəri dayana bilməz. Bizim belə qəhrəman balalarımız var. İndiyə qədər gör bizim nə qədər övladlarımız həlak olub. Amma mən sənətkaram, ona görə əminəm ki, burada xalqın günahı yoxdur, xalqları düşmən edənlərdir günahkar. Tarix də onların gec-tez cəzasını verəcək. Prezidentimizin bir sözü var, deyir, əgər erməni əsgəri Qarabağda ölmək istəmirsə, Azərbaycan ərazisini tərk eləsin. Biz onların torpağnı almamışıq ki, onlar bizim torpaqları işğal edib.
****
Söhbəti dəyişirik, nəvələrdən danışırıq. Bir anda əhvalı durulur, üzü gülür:
- Altı nəvəm var, üçü qız, üçü oğlan. Bir oğlumun iki oğlu, bir qızı, o birinin iki qızı, bir oğlu var. Böyüyü 15 yaşında, gözəlim Zeynəbdir. Biri də anamın adını daşıyır – Pəricahan xanım. Nəvələlərim də mənə “Zeynəb” deyirlər. “Nənə” deməyə icazə vermirəm (gülür). “Nənə”ni 100 yaşımda deyərlər.
- Televiziyada çox az görünürsünüz. Hətta telekanallardan birinin aparıcısı dedi ki, ən böyük arzusu sizi verilişində görməkdir. Gedəcəksinizmi?
- Yox, getmərəm. Açığını deyim ki, məni televiziyalara çox dəvət edirlər, amma çalışıram ki, az-az görünüm.
- Siz bir çox hallarda efiri sərt tənqid etmisiniz. Zeynəb xanım, müharibə dövrünün efiri necə olmalıdır?
- Qoy bu şounu bir az yığışdırsınlar. Biri deyir, 8 dəfə ərə getmişəm, o biri deyir, ərimdən təzə boşanmışam. Belə bir zamanda, camaatın gözüyaşlı vaxtında da belə şeylər danışarlar? Vətənpərvərlik mövzusu telekanalların proqramlarının ana xətti olmalıdır. Açığını deyim, vətənpərvərlik mövzularına daha çox ANS yer verir, mən həmişə bu kanalı sevmişəm. ATV də yavaş-yavaş düzəlir, o şouları bir balaca yığışdırsalar, yaxşı olar.
- Bəs Az.TV?
- Az.TV-də şou yoxdur ki...
- Hər ilin son günündə sizin konsertiniz məhz bu kanalda olur.
- Hə, ildə bir dəfə. Mən şəkərburayam da, bayramdan-bayrama görünürəm (ürəkdən gülür).
Bu yerdə televiziya ilə bağlı bir xatirəsini danışır:
- Mən səhnəyə gələndə bir televiziyamız var idi – Az.TV. Nəbi Xəzri rəhmətlik orda sədr müavini idi. Kasıb qızam, nəyim varsa, geyinmişəm. Ancaq yaxam bir balaca açıq idi. Nəbi Xəzri mənə dedi ki, qızım, get, paltarını dəyiş, gəl! Ay Allah, mənim axı, ondan başqa paltarım yoxdu. Dedim, Nəbi müəllim, bir paltarım var da, necə eləyim? Qayıtdı ki, necə edirsən, et, paltarını dəyiş, gəl! Bəs neyləyim? Mənim əlimdən tikmək də gəlir axı. Getdim o paltarıma – bir az boynum görünürdü e – bir balaca əlavə parça tikdim, qayıdıb gəldim. Soruşdum ki, “Nəbi müəllim, indi necədir? Görürsünüz, yaxası da bağlıdır”. Dedi, hə, bu başqa məsələ. Yəni ciddi nəzarət var idi.
Bəstəkarların senzuranı necə çətinliklə aşmasından bəhs edir:
“O vaxtlar Cahangir Cahangirov, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev var idi. Bunlar oturardlılar, bir mahnını senzuradan keçirmək üçün nə əziyyətlərə qatlaşırdılar. Heç yadımdan çıxmaz, yazıq Ələkbər Tağıyev bir mahnısını keçirmək üçün – o Ələkbər ki, indi bütün mahnıları dillər əzbəridir – nə zülmlər çəkirdi, gəlirdi, ürəyi ağrıyırdı, əvvəl dərman içirdi, sonra gedirdi ki, görəcən, bu mahnı keçəcək, keçməyəcək. Nə qədər çətin senzura var idi. Mən yenə deyirəm, nə qədər ki, bizim görkəmli bəstəkarlarımız yığılıb yenə də “bu mahnını keçirmək olar, ya olmaz” müzakirəsi aparacaqlarsa, o halda vəziyyət düzələcək. Sonra televiziyaya gələk... Məsələn, mən qəzəl oxuyanda deyirdilər ki, elə bil iranlısan, cavan qız Füzulinin əruz vəznində yazılmış qəzəlini belə gözəl oxuyur. Mən Füzulinin “Məni candan usandırdı...” qəzəlinə yazılmış mahnı ilə səhnəyə gəlmişəm”.
Deyirəm, Zeynəb xanım, bəlkə bir bu mahnını da zümzümə edəsiniz, sağ olsun, yenə oxuyur
****
- Parlamentdə vaxtaşırı məsələlər qaldırırsınız, hasarlanan dənizdən başlamış, zəbt olunan bulaqlara qədər. Vəziyyət yaxşılığa doğru dəyişibmi?
- Yaralı yerimə toxundun. Dəyişmədi, əksinə, mənim tənqidimdən sonra hasarları bir az da uzadıblar. Amma heç olmasa məndən sonra başqaları da dənizin adını çəkməyə başladı. Misal çəkirlər ki, Zeynəb xanım belə demişdi.
- Deməli, bu tənqidlərin heç bir təsiri olmayıb?
- Yox, niyə təsiri olsun ki? Hərənin arxasında bir nəfər durub, möhkəm bir əl dayanıb. Ancaq belələrinə sözüm var: bu gün hamının borcudur ki, bu mərhələdə prezidentə kömək eləsin, daha onun işlərinə problem yaratmasın. İlham müəllimin ilk dəfə seçildiyi günü xatırlayıram. O vaxt demişdim ki, İlham müəllimdə ölkəni irəli aparmaq qüdrəti var. Hər şey göz qabağındadır. Mən ikinci prezident tanımıram ki, ölkəsinin ərazisini bu qədər gəzsin. Gedir, adamlarla görüşür, problemərin həlli ilə bağlı göstərişlərini verir. Ancaq bir az sonra yoxlayır ki, görüm o yolu saldılarmı, tikintini başa çatdırdılarmı? Gərək hər kəs onun işinə dəstək versin, daha mane olmasın. Ölkənin fəhləsindən tutmuş nazirinə qədər...
- Zeynəb xanım, Amerikadan sonra daha hansı ölkələrdə konsertiniz olacaq?
- Hazırda məşqlər edirəm. Allah qoysa, oktyabrın əvvəlində Moskvada və Sankt-Peterburqda konsertlərim olacaq. Ona görə də hər həftənin ikinci və üçüncü günləri məşq edirəm. Son konsertim 2006-da olub.
- Təşəbbüs kimdən gəlib?
- Əlbəttə, Moskvadan, “Qoskonsert”dən...
-Bəs, qardaş Türkiyədə necə, konsert planlaşdırmırsınız?
- Rusiyadan sonra Türkiyədə də konsertim olacaq. Ərdoğanı o qədər çox istəyirəm ki... Aprel ayında bura gəlmişdi axı, mən də tədbirə dəvətliydim. Ərdoğanın xanımını öpdüm, sonra bizim prezidentimizə dedim ki, İlham müəllim, onu (Türkiyə prezidentini-E.P.) öpmək olmaz, ancaq səni öpəcəyəm. İkisinin də gülməkdən ürəyi getdi. (gülür) Ərdoğan əsl türk oğludur, mən onu çox istəyirəm.
- Zeynəb xanım, repertuarınızda yeni mahnılar varmı?
- Əlbəttə, var. Mən bütün dünya xalqlarının mahnılarından ibarət bir konsert edəcəyəm. Elə mahnılarım var ki, öz sözlərimə yazılıb. Elələri var, həm sözləri, həm musiqisi özümündür. Nəsiminin, Molla Pənah Vaqifin sözlərinə də çox gözəl mahnı yazmışam.
Bu yerdə çoxları tərəfindən sevilən “Nərgizim” mahnısından bir parçanı oxumasını xahiş edirəm. Nəhayət, razılaşır.
****
Söhbətimizin bu məqamında “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun onun barəsində yazdığı yubiley yazısını - “Qardaşım Zeynəb xanım” sərlövhəli məqaləni göstərir: “Mən elə sizin qəzetiniz vasitəsilə Bəxtiyar Sadıqova böyük təşəkkürümü bildirmək istəyirəm. O, mənim haqqımda gözəl bir yazı yazıb. O qədər zənglər gəldi ki. Bəxtiyarı da həddən artıq çox istəyirəm. Sağ olsun belə gözəl yazıya görə”.
Söhbətimizin sonunda Respublika Günü ilə bağlı arzularını bölüşən, təbriklərini çatdıran böyük sənətkarımız müstəqilliyimizin əbədi olmasını arzuladı:
- Allah göstərməsin ki, müstəqilliyimizə bir təhlükə yaransın. 70 il əsarət altında olmuşuq, məgər bu, azdırmı, indi təzədən gedib boyunduruğa girək? Kim müstəqilliyimizin əvəzində nə təklif edir-etsin, bizə lazım deyil. Mən gedib xaricdə müstəqil Azərbaycanımızın bayrağını qaldırıram e, bundan gözəl nə ola bilər? Bununla deyirəm ki, mən varam, müstəqil dövlətin vətəndaşıyam. “Dünyanın xoşbəxti mənəm dünyada!” Bir də ki, Azərbaycanın qurucusu Heydər Əliyevdir. Heydər Əliyev barmağını harasa qoyubsa, onu dəyişmək heç vaxt mümkün deyil. Deyirdi, Zeynəb, sən danışanda mən sanki istirahət edirəm. Bizim xalqımız yeni göz açır, xalqımız prezidentinə inanır, onun siyasətini müdafiə edir.
Sonda bir əhdini də dilə gətirir:
- Qoy Qarabağımız azad olunsun, camaatımız yerbəyer olsun, mən Cıdır düzündə konsert verəcəyəm. Bir konsertim də, inşallah, Hökumət Evinin qarşısında, Azadlıq meydanında olacaq. Əhd eləmişəm! Hamı bilsin, mənim ürəkdən sevindiyim gün torpaqlarımızın azad olunduğu gün olacaq...