“Xaricə təhsil almağa göndərdiyimiz bakalavrlar gedib fransızlaşırlar” - MÜSAHİBƏ
28-05-2016, 17:50
Professor, təhsil eksperti Şahlar Əsgərov Modern.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Qocaman təhsil ekspertlərindənsiniz. Çox çeviksiniz, hər gün tədbirlərdə olursunuz. Bundan yorulmamısınız?
- İnsan sevdiyi, könül verdiyi işlə məşğul olanda yorulmaz. Bu, min illərin hikmətidir.
- Siz təhsil eksperti kimi zamanla keçmiş təhsil naziri Misir Mərdanovu tənqid edirdiniz. Bəs indiki nazir Mikayıl Cabbarovu necə dəyərləndirisiniz? Fərqli və oxşar cəhətləri nədədir?
- İkisi də azərbaycanlıdır. İkisi də təhsildə təmayülləşmənin tərəfdarıdır. Ancaq dünyaya baxışları müxtəlifdir.
- Təhsil sahəsi hər zaman insanlar tərəfindən tənqid olunur. Bəzən şagirdlərin dərs yükünün çox olması, bəzən çantalarının ağır olması və s. məsələlərə görə... Sizcə, tənqidlər haqlıdır?
- Tənqid doğrudur. Təhsilin səviyyəsini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hər il ölçür. Qiymətləndirməyə diqqət yetirsəniz görərsiniz ki, abituriyentlərin topladığı orta bal təqribən 250 ətrafındadır. Bu vəziyyət 10 illərdi ki, davam edir. Bu vəziyyətlə bağlı bu günlərdə belə bir fikir söyləmişdim:
“TQDK-nın qiymətləndirməsinə görə, ali məktəblərə daxil olanların orta balı 700-ə qarşı 250 bal ətrafındadır. Yəni çox zəifdir. Deməli, XX əsri zəif təhsillə başa vurduq. Yaxşı olar ki, XXI əsrdə bunu etməyək. Son 20 ilin TQDK nəticələrinə əsaslanaraq deyə bilərik ki, XX əsrdə təhsilimiz qiymət ala bilmədi, yəni kəsildi. XXI əsrdə bu cür davam etmək olmaz”.
Düzdür, son illərdə dirçəliş nəzərə çarpır, ancaq təhsilin nəzəri, pedaqoji problemləri hələ diqqətdən kənarda qalıbdır.
- Azərbaycan gəncliyinin təhsilə münasibəti sizi qane edirmi?
- Yox, qane etmir. Amma bunun tam səbəbi gənclikdə deyil. Biz gənclərə ixtisas seçimi azadlığı versək, onlar sevdikləri ixtisasları dərindən öyrənərlər. İnsan sevdiyi işlə məşğul olanda yorulmaz. Nəticədə usta yox, ustad olar. Bu millətdə icad etmək, ixtira etmək qabiliyyəti şair olmaq qabiliyyətindən az deyil.
Digər tərəfdən qeyd etdim ki, bizim hər 100 gəncimizin 20 nəfərindən azı universitetlərdə təhsil alırlar. Bu çox azdır. Bu göstərici Cənubi Koreyada 90-dan çoxdur. Bizim 20 nəfərin də yarıdan çoxu humanitar fakültələrdə təhsil alan qızlardır.
Beynəlxalq normalara görə təhsilin qarşısında əsas dörd vəzifə durur:
bilməni öyrətmək;
icad etməni öyrətmək;
yaşamanı öyrətmək;
birgə yaşamanı (yəni multikultural mədəniyyəti) öyrətmək.
Bu məqsədlərdən icad etmək, innovasiyalardan istifadə etmək proqramları təhsilimizdə diqqətdən kənarda qalıbdır. Nəticədə şairlərimizin sayı, tank və təyyarə sürənlərimizin sayından çoxdur.
- Təhsil Nazirliyinin saricdə təhsil proqramını dayandırmasına münasibətiniz necədir?
- Məsələ bundadır ki, bakalavr səviyyəsindən Qərbə gedənlərin çoxu sonra vətənə dönmürlər. Səbəblər çox ola bilər. Məncə başlıca səbəb mədəniyyət fərqidir. Orta məktəbi Gəncədə, Şəkidə, Lənkəranda və ya digər şəhərlərimizdə qurtaran gənclər Bakıda ali təhsil alanda, həm də dərindən Azərbaycan mədəniyyətini mənimsəyib, milliləşirlər. Ali təhsil müddətində muzeylərimizi gəzirlər, şəhərimizi bəzəyən heykəlləri tanıyırlar, milli musiqimizlə dərindən tanış olarurlar, tariximizi və mədəniyyətimizi dərindən öyrənərək azərbaycanlaşırlar. İzahatı uzatmaq olar.
Xaricə bakalavr səviyyəsində gedən gənclərimiz öz mədəniyyəti əvəzinə müxtəlif xarici mədəniyyətləri mənimsəyərək bir qismi “fransızlaşır”, bir qismi “almanlaşır” və s. Sonra vətənə dönəndə onların burda yaşaması çətinləşir. Ancaq magistr və doktor səviyyəsində bu hadisələr demək olar ki, baş vermir. Ona görə düşünürəm ki, pula qənaət etmədən bu səviyyələrdən gənclərimizi xarici universitetlərə göndərsək, daha yaxşıdır. Bu səbəbdən də təhsil naziri cənab Mikayıl Cabbarovun fikrini milli mənafeyə uyğun sayıram: əvvəlcə gənclərimizi milliləşdirək, sonra müasirləşdirək.
- Xaricdə təhsil alan gənclər Azərbaycan elminə töhfə verə bilirmi? Onlardan umduğumuzu ala bilirikmi?
- Şübhəsiz, onlar vətənə dönsələr, işlə, qayğı ilə əhatə olsalar hər sahədə - idarəetmədə, iqtisadiyyatda, tibbdə, kənd təsərrüfatında və digər sahələrdə - xeyr verə bilərlər. Ancaq xaricdə qalsalar, onların elmi töhfələri işlədikləri ölkələrin elminə əlavə olar. Necə ki, pakistanlı Əbdüs Səlamın, misirli Əhməd Zevaylın, türkiyəli Əziz Sancarın elmi uğurları doğulduqları yox, işlədikləri ölkələri inkişaf etdirir.