“İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” - HƏQİQƏTƏN DƏ...
16-09-2024, 12:20
“Adamı öldürən siqaret deyil. Adamı öldürən borclar, xərclər, banklardan götürdükləri kreditlərdir. Bu o anlama gəlmir ki, pulun nə qədər çoxdursa o qədər yaşayırsan. Pulun çox olmağının da bəlası ayrıdır. İnsanların çoxundan soruşun ki, xoşbəxtsənmi? Hamısı yalandan “hə” deyəcək. Bir insanı görüb soruşursan ki, necəsən? Deyir ki, yaxşıyam. Ən yalan danışılan söz “yaxşıyam”-dır. Min dənə dərdi var, problemi var, amma yenə də yalandan “yaxşıyam” deyir. Dərd çoxaldıqca insan tez ölür. Psixoloji olaraq ölürlər. Mənim kimi insanlar ruh üçün yaşayır, qarın üçün yox. Bəzi adamlar isə ona pul atır, buna pul atır, sonra qapısını kəsdirəndə infarkt olub ölür” Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. Rəşid Mahmudov bildirib ki, insanlar azad fikirli olmalıdırlar.
“Arzum budur ki, yaxşı cəmiyyət quraq. Cəmiyyət qura bilmədik. Bizimkilər sevib evlənmirlər. Elə deyirlər ki, filankəsin qızıdır, pulu var, maşını var gedib evlənim. Sonra da boşanırlar, qırğın düşür. Deyirlər ki, xarakterlərimiz uyğun deyil. Mən istəyirəm insanlar tam azad olsunlar. Azad yaşasın, azad işlə məşğul olsunlar. Mən təyyarə hazırlamaq istəyirəmsə onu hazırlayım. Nə qadınlarda azadlıq var, nə də kişilərdə. Azadlıqdan da sui-istifadə etmək olmaz. Buna görə qanun olmalıdır” deyə Rəşid Mahmudov bildirib.
Rəşid Mahmudov bildirib ki, insanlarda ölüm qorxusu var.
“Allah nə veribsə onu yaşayacam. Artıq yaşamaq istəmirəm. Onu Alllah bilir. Mənim əzraillə tanışlığım yoxdur. O biri tərəfdə mənə artıq qayıb yazırlar (gülür). İnsanlar ölümdən çox qorxurlar. Ölüm də bir xoşbəxtlikdir, o da gözəllikdir. Yalandan yaşamağın nə mənası var? Mənim dostum var, Tariyel müəllim. Ona deyirəm ki, bəsdir də yaşadım, onsuz da hamı öləcək. Dostlar, tanışlar, qohumlar yeyib-içək, sonra da mənə bir az hava vur ölüm. İnsanlar sonra yalandan ağlaşma qurmasınlar ki, Rəşidim vay (gülür). Həyat yoldaşım qəşəng mürəbbələr hazırlayıb. Deyirəm ki, ver yeyim də, mən öləndən sonra baş daşına sarılıb ağlayacaqsan (gülür)” deyə Rəşid Mahmudov bildirib.