“Heydər Əliyev Afiyəddin Cəlilova dedi ki, sənədi imzalamaqdan imtina et, geri qayıt”
26-01-2017, 10:13
Keçmiş dövlət müşavirindən “Bişkek protokolu” barədə maraqlı açıqlamalar; Qabil Hüseynli: “Bu müqavilədə Lavrovun “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” açıqlaması kimi ifadələr yer almayıb”
Rusiya xarici işlər nazirinin ötən həftə verdiyi “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” məzmunlu açıqlaması müxtəlif şərhlərin, iddiaların səslənməsinə yol açdı. Diqqətçəkən iddialardan biri də odur ki, bəzi sosial şəbəkə iştirakçılarının fikrincə, Lavrov ola bilsin, həmin bəyanatla 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında imzalanmış “Bişkek protokolu”na işarə edib. Bu iddianın müəllifləri qeyd edirlər ki, məşhur “Bişkek protokolu”nda Lavrovun sözügedən bəyanatına bənzər müddəa əksini tapıb.
Bəs əslində “Bişkek protokolu”nda nə yazılıb, “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili məsələsi, işi deyil” və ya buna bənzər hər hansı müddəa, fikir bu sənəddə varmı?
“Bişkek protokolu” imzalanan dövrdə dövlət müşaviri vəzifəsində işləyən politoloq Qabil Hüseynli bildirdi ki, “Bişkek protokolu”nda qətiyyən o cür müddəa və ya fikir, cümlə yoxdur. O cür müddəaların, fikrin həmin sənəddə yazıldığı və Sergey Lavrovun indi həmin müddəaya və ya fikrə işarə etdiyi barədə deyilənlər tamamilə əsassızdır: “Həmin iddiaları irəli sürənlər, görünür, ”Bişkek protokolu"nun adını eşitməkdən başqa bu sənəd barədə heç bir məlumata malik deyillər. 1994-cü ilin mayın 12-də imzalanan “Bişkek protokolu” tərəflər arasında gedən müharibədə atəşkəs barədə sənəddir. Mən o sənədi bir neçə dəfə şəxsən özüm diqqətlə oxumuşam. 5 səhifədən ibarətdir. Orada söhbət atəşkəs elan olunmasından gedir.
Bişkekdə imzalanan həmin protokola Milli Məclisin sədri Rəsul Quliyev, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, qondarma Dağlıq Qarabağın erməni icması adından Karen Baburyan, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Nizami Bəhmənov, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya pezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imza atıb. Atəşkəs müqaviləsi imzalamaq təklifi Moskvadan gəlmişdi.
Öncə belə razılaşdırılmışdı ki, sənədi Azərbaycan və Ermənistan dövlətləri adından Milli Məclis sədrinin birinci müavinləri imzalasınlar. Ona görə də Azərbaycandan Milli Məclisin sədri Afiyəddin Cəlilov göndərilmişdi. Afiyəddin Cəlilov Heydər Əliyevə zəng edib məlumat verdi ki, Vladimir Kazimirov “Dağlıq Qarabağ Respublikası” adından nümayəndənin də müqaviləyə imza atmasına nail olmaq istəyir, həmçinin protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri yazılıb, işğal sözü yoxdur. Təcrübəli siyasətçi olan Heydər Əliyev Afiyəddin Cəlilova dedi ki, imzalamaqdan imtina et, geri qayıt.
Afiyəddin Cəlilov da bu cür etdi. Bundan sonra hiyləgər Kazimirov gəldi Bakıya. Heydər Əliyev Kazimirova çox sərt sözlər dedi. Bundan sonra protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri Heydər Əliyevin təkidi ilə “işğal olunmuş ərazilər” sözləri ilə əvəzləndi, “Dağlıq Qarabağ Respublikası” sözləri sənəddən çıxarıldı. Dağlıq Qarabağın azərbaycanlı icmasının və erməni icmasının təmsilçiləri ifadəsi sənədə daxil edildi. Razılıq əldə olundu ki, atəşkəs müqaviləsini Azərbaycan və Ermənistanın Milli Məclis sədrləri imzalasın. Azərbaycan tərəfinin məsələyə olan həssaslığı və ciddiyyəti protokolda da öz əksini tapıb".
Q.Hüseynlinin sözlərinə görə, o zaman elə vəziyyət yaranmışdı ki, atəşkəs imzalamaq lazım idi. Çünki Azərbaycanın qarşısında böyük vəzifələr dururdu: “Birincisi, Rusiyanın köməyi ilə Ermənistan böyük qüvvəyə malik idi. Bu isə Azərbaycan və onun dövlətçiliyi üçün böyük təhlükə idi. Digər tərəfdən, Azərbaycanın qarşısında bir sıra mühüm vəzifələr dururdu. Bu vəzifələrdən biri Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirmək, ölkədə özbaşınalığı və qanunsuz silahlı birləşmələri yığışdırmaq idi. Ən ümdə məsələ isə Azərbaycan və dünyanın böyük neft şirkətləri arasında neft müqaviləsini imzalamaq. Daha sonra isə diplomatik fəaliyyətimizi daha da canlandırıb Ermənistanın Azərbaycana olan təcavüzünü bütün dünyaya çatdırmaq kimi məsələlər dururdu.
Dünyanın aparıcı neft şirkətləri ilə danışıqlar aparıldı və son nəticədən dünyada misli bərabəri olmayan böyük neft kontraktı imzalandı. Ən başlıcası isə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın xarici siyasəti yenidən quruldu. Əsas qarşıda duran məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin bütün səbəblərini və anatomiyasını dünyanın həm beynəlxalq təşkilatlarının, həm də ayrı-ayrı dövlətlərinin nəzərinə çatdırmaq idi. Heydər Əliyev həmin dövrdə çox gərgin və yorulmadan iş aparıb. O, əvvəlcə dünyanın aparıcı dövlətlərinin, yəni BMT təhlükəsizlik şurasına üzv olan ölkələrin hər birində oldu. Bu məsələ ilə bağlı onları məlumatlandırdı və onlardan kömək istədi. Daha sonra digər ölkələrə rəsmi səfərlər etməklə Dağlıq Qarabağ problemi ətrafında yaranmış informasiya blokadasını yardı və bunu bütün dünyanın diqqətinə çatdırdı”.
“Bişkek müqaviləsi”nin 20 illiyə nəzərdə tutulduğu və əslində 2014-cü ildən qüvvədən düşdüyü barədə iddialara gəlincə, keçmiş dövlət müşaviri məlumat verdi ki, “Bişkek müqaviləsi”ndə nəzərdə tutulub ki, müqavilənin müddəti bitdikdən sonra tərəflərdən heç biri etiraz etmədikdə, həmin müqavilə işləməkdə davam edəcək. Yeni müqavilənin imzalanmasına ehtiyac olsa da, köhnə müqavilənin müddəaları hələ də işləməkdədir.
Çünki onun pozulması və qüvvədən düşməsi haqqında tərəflərdən heç biri bəyanat verməyib: “Ona görə də hələ ki bir müddət köhnə Bişkek müqaviləsi ilə işləmək lazım gələcək. Bundan sonra isə yeni müqavilənin imzalanması yox, böyük sülh müqaviləsinin imzalanması istiqamətində səylər gücləndirilib. Çünki artıq problemə baxılması ilə bağlı 20 ildən çox bir müddət keçib. İndi isə əsas diqqət problemin həllinə yönəlir”.