Mehman Əliyev: “Prezident dəyişikliklər olacağının anonsunu verib”

2-02-2017, 09:38           
Mehman Əliyev: “Prezident dəyişikliklər olacağının anonsunu verib”
“Böyük sərvəti olan məmurlar pullarını kütləvi şəkildə ölkədən çıxarır”

Prezident İlham Əliyevin yanvarın 30-da “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda məmurlara ünvanladığı mesajlar gündəmdən düşmür. Ölkə başçısı öz işində nöqsana, soyğunçuluğa yol verən məmurların cəzalandırılacağının anonsunu verib.

Dövlət başçısı bildirib ki, məmurlar xalq üçün yaşayırlar, xalqın xidmətçiləridir, rüşvətxorluqla məşğul olmamalıdırlar. İ.Əliyevin diqqətçəkən daha bir fikri də var. O qeyd edib ki, məmurların bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir.
Ekspertlər ölkə başçısının dediklərinin gələcək baxımından müsbət töhfələr verəcəyini deyirlər. Xüsusilə bu fikirlərin mart-aprel aylarında gözlənilən idarəetmədəki struktur islahatlarında bəzi məmurlara dərs olacağı vurğulanır. Digər tərəfdən, hazırda ölkədəki iqtisadi böhranda əsas səbəbkarlardan biri sayılan məmur təbəqəsinin bundan sonra fəaliyyətlərinə ciddi önəm verəcəkləri bildirilir.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, struktur islahatları ərəfəsində bu tipli bəyanatlar olmalıdır: “Bu bəyanatlardan müəyyən nəticələr çıxarmaq olar. Hökumətin nəzarətində olan bir sıra mətbuat orqanlarında bəzi məmurlar barəsində xəbərlər dərc olunur. Amma bir məsələni nəzərə almaq lazımdır ki, vaxtaşırı məmurlarla bağlı bu tipli hədələr olub. Lakin bu, heç bir dəyişikliklərə gətirib çıxarmayıb. Bu baxımdan, son bəyanatları islahatlarla bağlamazdım. Struktur dəyişiklikləri qaçılmazdır və mütləq olacaq. Çünki Azərbaycanda vəziyyət kifayət qədər ağırdır. Günü-gündən vəziyyət gərginləşir. Burada iki yol var: ya hakimiyyət bu şəkildə davam edib özünü məhv edəcək, ya da dəyişikliklərə gedəcək. Prezident dəyişikliklər olacağının anonsunu verib. Gözləyirəm ki, bu dəyişiklik yaz aylarında olsun. Necə ki, Rusiya, Qazaxıstan kimi dövlətlərdə bu proseslər başlayıb. Hesab edirəm ki, Azərbaycanda da eyni vəziyyətdir”.

“Turan” rəhbəri dedi ki, söhbət islahatlardan gedirsə, bu dövr kifayət qədər bacarığı olan, işləmək istəyən, savadlı şəxslərin vəzifədə olmasını tələb edir: “Amma hazırda hökumətin yüksək vəzifələrində olanların əksəriyyəti bu keyfiyyətlərə malik deyillər. Varlanmaqdan, korrupsiya ilə məşğul olmaqdan, öz mənafelərini güdməkdən başqa heç bir iş bacarmırlar. Hakimiyyət müşahidə olunan böhranı sanki görmür. Azərbaycanda kifayət qədər iqtisadi institutlar var. Amma bunların hamısı iflic vəziyyətə düşüblər. Bu institutların rəhbərliyində təmsil olunanların tam əksəriyyəti bacarıqsız, təsadüfi şəxslərdir. İndiki dövr onu göstərir ki, onların əksəriyyəti heç nə bacarmırlar. Bəlkə də bu şəxslər düşünürlər ki, yığdığım pulları gedib hansısa adada xərcləsəm, yaxud ölkəni tərk etsəm, daha yaxşı olar. Onu da qeyd edim ki, böyük sərvətə sahib olan məmurlar kütləvi şəkildə pullarını ölkədən çıxarırlar. Dolların bazarlarda olan durumu onu göstərir ki, ölkədən böyük məbləğlərdə kapital çıxarılır. Bu kapitalı kimlərin çıxardığını nə sizlər, nə də bizlər bilirik, yalnız onlar bilirlər. Əgər o məmurlar kapitallarını çıxarırlarsa, demək, ölkədən də çıxmağa hazırdırlar. Hesab edirəm ki, hər kəs düşünür kapitalımı necə ölkədən çıxarım, qoruyum. Çünki neft erası deyil ki, pullar göydən tökülsün”.

M.Əliyev Azərbaycanda məmurların fərdi şəkildə günahkar olduqlarını söylədi: “Onlar məsuliyyət daşıyırlar. Amma nəzərə alaq ki, həmin məmurlar mövcud sistemin üzvləridir. O sistemin qaydaları ilə oturub-dururlar. Onların törətdiyi cinayətlər razılaşdırılmış şəxsi qərarlardır. Onlar bu sistemə gəlməklə biliblər hara gəlirlər. Bütövlükdə sistemdə anormal vəziyyət var. Bu sistemə kim gəlibsə, avtomatik o vəziyyətə düşməlidir. Bu baxımdan, onların şəxsi məsuliyyətləri ilə yanaşı, bütövlükdə hakimiyyətin də məsuliyyəti var. Ona görə biz islahatlardan danışanda sistemin dəyişməsindən danışırıq. Sistem dəyişəndə fərdlər də dəyişir. Nəticədə sistemə uyğun yeni şəxslər gəlirlər. Bu da yeni yanaşmanın yaranmasına səbəb olur. Əgər sistem dəyişib, bunlar qalacaqsa, bu da problemdir. Əksi baş versə, yenə də problemdir”.musavat.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.