Gənc xanımlarla fotoları yayılan Söyün Sadıqovdan ilginc açıqlamalar

3-02-2017, 14:18           
Gənc xanımlarla fotoları yayılan Söyün Sadıqovdan ilginc açıqlamalar
Söyün Sadıqov: “Mənimlə fotolarda görünən qəşəng xanımlar...”

Rusiyada yaşayan məşhur azərbaycanlı biznesmen, “AzerRos”un sabiq prezidenti Söyün Sadıqovun sosial şəbəkələrdə yayılan fotoları geniş müzakirələrə səbəb olub. Tənqid və qınaqlara tuş gələn S.Sadıqov 4 günlük susqunluğunu “Yeni Müsavat”a açıqlamasında pozdu. Onunla əsas mövzudan çıxış edərək digər məsələlərlə bağlı da söhbət etdik.

- Söyün müəllim, son günlər gənc bir xanımla yayılan fotolarınızla gündəmi zəbt etmisiniz...

- Yəqin ki, Azərbaycanın KİV-ləri mənim üçün darıxıblar. Ona görə məni izləyirlər. Mənimlə fotolarda görünən qəşəng xanımlar çox mədəni bir zümrənin insanlarıdır. Onlar incəsənət xadimləri, modelyerlərdir. Biz o xanımlarla bir layihədə iştirak edirik. Film çəkilişinə hazırlaşırıq. Rejissor Sergey Jdanoviçin xahişi ilə müxtəlif səpkilərdə şəkillər çəkdirmişik. Filmin adı “Qoca rəssamın həyatı” olacaq. Məndən rejissor olan dostlarım xahiş etdilər ki, kiçik bir rol oynayım. Dedilər ki, xarici görünüşümə görə italiyalılara bənzəyirəm. Yeri gəlmişkən, bu filmdə Rusiyada yaşayan yaşlı bir rəssam barədə kiçik bir epizod var. Ona görə mən fotosessiyaya çəkildim. Fikir versəniz, görərsiniz ki, şəkillər köhnə şəkil qalereyasındadır. Burada heç bir biabırçılıq yoxdur.

Gənc xanımlarla fotoları yayılan Söyün Sadıqovdan ilginc açıqlamalar

- Sizcə, bu fotoların yayılmasında sizi sevməyən hansısa qüvvələrin əli varmı?

- Bilirsiniz, mən kimin xoşuna gəlirəm ya gəlmirəm, bu məni maraqlandırmır. Kim şəkillərimi Azərbaycan KİV-lərində yerləşdirib, bunu həmin jurnalistlər bilər. Ya onlardan xahiş ediblər şəkillərimi yerləşdirməyə, ya da bu, həmin jurnalistlərin öz təşəbbüsüdür. Mən və rejissor Serqey Jdanoviçin “Soyuzkino”da şəxsi studiyalarımız var. Bu yaxınlarda iki filmimiz ekranlara çıxacaq.

- Söyün Sadıqov, deyəsən, siyasətçi olmağı aktyorluğa dəyişib...

- Mən aktyor deyiləm, siyasətçiyəm və siyasətlə məşğulam. Şəxsi biznesim var. Bəzən qısa epizodlarda özüm çəkilirəm. Bu çox normaldır. Mən uşaqlıqdan rejissor olmağı arzulayırdım. Bu yaxınlarda bizim “Soyuzkino” Krım yarımadası haqda filmlər çəkəcək. İdeya müəllifi mənəm və bütün konsultasiyaları da özüm aparıram. “Kürən küçük filmi” də mənim ideyamdır. Film müharibə və sadiq itlərdəndir. Mən 1988-ci ildə “Mosfilm”də “Karl Marksın cavanlığı” filmində çəkilmişəm. 1987-ci ildə “Mosfilm”də Çe Gevara roluna çəkilmişəm. Filmlərdə çəkilmək siyasətlə məşğul olmağa maneə törətmir, əksinə, kömək edir. Filmlərdə epizodik rollarda çəkilmək, konsultantlıq etmək, rejissorlara və ssenaristlərə ideya vermək mənim hobbimdir.

- Krım adını çox çəkirsiniz. Rusiyanın Krımı ilhaq etməsinə münasibətiniz?

- Mən ümumrusiya siyasəti ilə məşğulam. Böyük siyasi mövzularım Krım tatarları və Türkiyədir. “Yandeks”də Söyün Sadıqov “Krım birliyi” yazın, bu mövzu haqqında çox məlumatlar görəcəksiz. Krım yarımadası bütün beynəlxalq normaları və BMT-nin müddəalarına uyğun olaraq Rusiyanın tərkibinə daxil oldu. Digər münaqişələrdən fərqli olaraq, o cümlədən, Dağlıq Qarabağ münaqişəsindən, Krımda heç bir etnik təmizləmə baş vermədi. Orada indi də 400 mindən çox ukraynalı yaşayır və öz dillərində danışırlar. Krımın Ukraynadan ayrılmasını Amerika ilə Avropa Birliyi provokasiya etdi.

- Siyasi mövzularınızdan biri kimi Türkiyəni qeyd etdiniz. Rusiya-Türkiyə yaxınlaşmasını necə qiymətləndirirsiz?

- Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putin çox müdriklik etdilər. Keçmiş incikliklərini unudub münasibətləri düzəltdilər. Rusiya anladı ki, Türkiyənin də Suriya və Yaxın Şərqdə milli maraqları var və hər məsələ üzrə anlaşdılar. Ona görə də Suriyada ümumi uğur əldə etdilər. Türkiyə-Rusiya müttəfiqliyi Avropa Birliyi-Türkiyə müttəfiqliyindən daha səmərəlidir. Türkiyə ilə Rusiyanın yaxşı münasibətləri Amerika ilə Avropa Birliyini qane etmir. Ermənistanı da eynən. Çətin sınaqlardan sonra fikirləşirəm ki, Ərdoğanla Putin anladı ki, iqtisadi böhrandan çıxmaq və hakimiyyətdə qalmaq üçün onlar birlikdə olmalıdırlar.

“Abbas Abbasov mənə maraqlı deyil”


- Donald Trampın prezident seçilməsində Rusiyanın əlinin olduğu deyilir. ABŞ-ın yeni rəhbəri Rusiya ilə münasibətləri yaxşılaşdıra biləcəkmi?

- Trampın iqtidara gəlməsi ciddi heç nəyi dəyişmədi. Çünki Amerika sistemi elə qurulub ki, növbə ilə hakimiyyətə demokratlarla respublikaçılar gəlir. Trampın gəlişi Amerika-Rusiya münasibətlərində heç nəyi dəyişməyəcək. Amerikanın özündə dünyanın hegemonu olmağı hiss etmək siyasəti var. Və bütün problemləri prezident həll etmir, Konqres həll edir. Ona görə də Rusiya Trampa və yaxud kiməsə ümid etməyəcək. Rusiyanın öz milli maraqları var.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən prosesləri necə dəyərləndirirsiz?

- Təəssüf ki, Qarabağ problemini regionun oyunçuları həll etmir. Azərbaycan və Ermənistan xalqları hələ bu oyunçuların əsiri çox olacaqlar. Son dövrlərdə Qarabağ erməniləri başa düşdülər ki, onları 1990-94-cü illərdə aldadıblar və onlar yavaş-yavaş Bakıya meyllənirlər. Bu yaxşı haldır.

- Gərgin münasibətləriniz olan Abbas Abbasovla əlaqələriniz varmı?

- Abbas Abbasovu bir ildən çoxdur görmürəm. Və o mənə maraqlı deyil.

- Hazırda Rusiyada yaşayan Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla necə, münasibətiniz varmı?

- Rüstəm İbrahimbəyova böyük hörmətim var. O, millətin simasıdır. İncəsənət adamları daim yaşayırlar, əsirlər keçib, Nizami Gəncəvi yaşayır, eləcə də Rüstəm İbrahimbəyov yaşayacaq və gələcək nəsillər onunla fəxr edəcək. Necə deyərlər, Rüstəm İbrahimbəyov kimi incəsənət adamlarını qorumaq, qiymətləndirmək, sevmək lazımdır. Rüstəm İbrahimbəyovlar nə qədər çoxdursa, o qədər millətimiz dünyada güclü və tanınmış olacaq.

- Azərbaycandakı vəziyyəti izləyirsiniz?

- Hər bir ölkə üçün iqtisadi böhran təhlükədir və bu problemi həll etmək lazımdır. Əks halda, cəmiyyət gərginləşəcək və bu da hakimiyyətə problemlər yaradacaq. Mən əminəm ki, Azərbaycanın daxili potensialı var ki, iqtisadi böhranın öhdəsindən gəlsin. İndi biznesi maraqlandırmaq lazımdır ki, investisiyalar gəlsin . Hakimiyyət də biznesmen investorlarının hüquqlarını qorumalıdır və həmçinin həvəsləndirməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.