Siyavuş Novruzov: “Bəzi adamlar yeni taktika seçiblər; prezidenti tərifləyək, yerdə qalanları tənqid edək”
4-02-2017, 09:41
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin yaz sessiyasının ilk iclasında ad çəkməsə də, bəzi həmkarlarına irad tutdu. Hakim partiyanın funksioneri bir sıra deputatların Milli Məclisi fəaliyyətsizlikdə qınamasına, həmçinin hakim komandada dəyişikliklərin labüd olması barədə mətbuatdakı çıxışlarına etiraz etdi.
“Milli Məclis işləmirsə, niyə burdan mükafat, əmək haqqı alırsınız?”, “Sən kimsən komandanı dəyişəsən? Komandanın sahibi var”-deyə, deputat onlara təpindi. S.Novruzovla bu mövzudan bəhs edən müsahibəmizi təqdim edirik:
- Siyavuş bəy, həmkarlarınızı sərt şəkildə tənqid etsəniz də, ad çəkmədiniz. Deyə bilərsinizmi, kimləri nəzərdə tuturdunuz?
- Hərdən müxtəlif çıxışlar olur. Biri deyir cənab prezident vitse-prezidentləri mart ayında təyin edəcək. Sən münəccimsən, yoxsa prezident vitse-prezident vəzifəsində kimi, nə vaxt təyin etməklə bağlı səndən məsləhətmi alır? Bu, prezidentin konstitusion səlahiyyətidir. Nə vaxt istəsə, o vaxt təyin edə bilər. Digər məsələlər də eləcə... Hökumətin formalaşması prezidentin səlahiyyətinə daxildir. Prezident seçiləndən sonra hökumət buraxılır, yenidən formalaşdırılır. Kimi məsləhət bilirsə, vəzifəsində saxlayır, başqasının yerini dəyişir, yaxud məsləhət bilmədiyi adamı heç təyin etmir. Görürsən biri durub deyir ki, komanda dəyişməlidir. Sənin komandaya nə iradın var? Mən həmişə onun tərəfdarı olmuşam ki, konkretlik olsun. Yəni bu sahə zəifdir, işləmirsə, açıq deyilsin. Ümumi götürəndə işləyənlə işləməyənin haqqı bir-birinə qarışır. Elə sahə var ki, ümumiyyətlə, işləmir, heç onun adını çəkmirlər. Ancaq elə sahə də var, işləyir, qəsdən onu vurmağa çalışırlar ki, bu, niyə işləyir?
- Siz özünüz hakim partiyanın rəhbərliyində təmsil olunursunuz. Elə isə işləməyən sahələrlə bağlı niyə sizin konkret tənqidi fikirlərinizi eşidə bilmirik?
- Tənqidi fikirlərimiz bizim partiyanın İdarə Heyətində səslənir. Partiyanın rəhbər strukturu İdarə Heyətidir. Oraya prezident, birinci xanım, Naxçıvan Ali Məclisinin sədri, Baş nazirin müavinləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Elmlər Akademiyasının prezidenti , prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və digər şəxslər daxildir. Bundan başqa, bizdə hər sahə üzrə komissiyalar da fəaliyyət göstərir, zəruri məsələlər müzakirə olunandan sonra İdarə Heyətinə təqdim olunur. Hansı sahə ki, iqtisadi inkişafa, islahatlara maneçilik törədir, onunla bağlı fikirlər söylənilir. Lazım olan məlumatlar cənab prezidentə vaxtı-vaxtında çatdırırlar.
- Sizin tənqid etdiyiniz həmkarlarınız bir qayda olaraq hesab edirlər ki, ölkədə inkişafa nail olmaq üçün konkret addımlar atmaq lazımdır. Eyni zamanda prezidentin kursunu müdafiə edirlər...
“Öz səlahiyyətlərin çərçivəsində, yaxud ünvanlı danış, ünvansız danışma!”
- Bilirsiniz, bəzi adamlar yeni taktika seçiblər. Elə keçmişdə də belə şeylər var idi. Mən neçə illərdir parlamentin üzvüyəm və müşahidələr aparıram. Bu taktika nədən ibarətdir; Prezidenti tərifləyək və bundan özümüzə qalxan yaradaq, yerdə qalanları tənqid edək. Mən də dedim ki, konkret sahədən danışın, ad-soyad çəkin, qoy ictimaiyyət də bilsin. Məsələn, hökumətin hesabatı olur, bir naziri tərifləyir, sonra da deyir mən hökumətin hesabatını qeyri-qənaətbəxş hesab edirəm. Bu da hökumətin üzvüdür də. Bu, köhnə işlənilmiş taktikadır, məlumatımız var. Söhbət ümumi komandanın fəaliyyətindən gedir, ona da nəzarət cənab prezidentdədir. Cənab prezident də kim çalışırsa, onunla əlaqədar qərar qəbul edir, vəzifəsini böyüdür, başqa işə keçirir, çalışmayan haqqında da qərarını verir, vəzifədən azad edir. Hətta korrupsiya və rüşvətlə məşğul olan haqqında da cinayət işi qaldırılır.
- Sonuncu müşavirədə prezident növbəti dəfə məmurlara xəbərdarlıq etdi. Deməli, komandada öz işinin öhdəsindən gələ bilməyən, vətəndaşa şəxsi mülkiyyəti kimi baxanlar var ki, ölkə başçısı belə reaksiya verir.
- Təbii ki. Cənab prezident həmişə tapşırıb ki, bütün həyata keçirilən işlər, atılan addımlar vətəndaşlar üçün olmalıdır. Bütün məmurların qapısı insanlar üçün açıq olmalıdır. Hər tikilən məktəb, xəstəxana insanlar üçündür. İnsanlar öz sağlamlığına laqeyd yanaşır, ona görə də ildə iki dəfə vətəndaşların pulsuz müayinədən keçməsi barədə göstəriş verilib. Dünyanın heç bir yerində belə şey yoxdur. Yaxud nazirlərin hər birinin bütün regionlarda görüş günləri var ki, vətəndaş əziyyət çəkib Bakıya gəlməsin, problemlərini yerində həll eləsin. Digər sahələrdə də addımlar atılır.
- Amma bir sıra müşahidəçilər hesab edirlər ki, prezidentin sürəti ilə bir sıra komanda üzvlərinin sürəti uyğun gəlmir. Ona görə də qarşıya qoyulan vəzifələrə əməl olunması üçün kadr bazası yenilənməlidir.
- Təbii ki, bu da var. Prezidentin qlobal düşüncəsi ilə hər hansı bir məmurun düşüncəsini eyniləşdirə bilməzsiniz. Çünki prezident çox qlobal düşünür və illər sonranı görür. Xatirinizdədirsə, vaxtilə məsələ qaldırırdı ki, biz neft kapitalını insan kapitalına çevirməliyik, qeyri-neft sektorunu inkişaf etdirməliyik. Bütün bunları cənab prezident qabaqcadan görürdü və müvafiq tapşırıqlar vermişdi. Vaxtında regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç proqram qəbul olundu, kifayət qədər işlər görüldü. Neftin qiymətinin düşməsindən sonra bu layihələrin heç birini həyata keçirə bilməzdik. Yollar yenidən salındı, körpülər tikildi. Bakı şəhərində cəmi 2-3 körpü var idi. “Bağırov körpüsü” deyirdilər, onun da eni-uzunu nə qədərdir, bilirsiniz. Bir “Qaqarin” körpüsü idi, indi “Cavanşir” körpüsü adını daşıyır. Nə qədər körpülər salındı, idman qurğuları tikildi...
- Maraqlıdır ki, YAP-ın gənc kadrlarından da istifadə olunmur. Niyə?
“Hökumətin hesabatı olur, bir naziri tərifləyir, sonra da deyir mən hökumətin hesabatını qeyri-qənaətbəxş hesab edirəm”
- YAP-ın gənc kadrlarından istifadə olunur, amma mərhələli şəkildə. Tutaq ki, heç bir fəaliyyətlə məşğul olmayan bir insana hansısa nazirliyi, ya şirkəti tapşırmaq həm insana ziyan vurmaqdır, həm də o sahəni darmadağın etməkdir.
- Siz necə hesab edirsiniz, vitse-prezidentlərin təyinatından sonra komandada dəyişikliklər baş verəcəkmi?
- Bütün bunların hamısı dediyim kimi, cənab prezidentin səlahiyyətinə aiddir. Heç kəs bu haqda fikir söyləyə bilməz. Görürsən biri deyir ki, Nazirlər Kabinetinin tərkibi azalacaq, baş nazirin müavinlərinin sayı azalacaq. Hardan bilirsən, hansı əsasla deyirsən?
- Bu arada bəzi mətbuat orqanları yazır ki, deputatlara danışmaq qadağan olunub. Sizin “Yeni Müsavat”a müsahibəniz həm də bu iddialara cavab oldu...
- Elə bir məsələ yoxdur. Tənqid yaxşı şeydir, hər bir deputatın da söz demək hüququ var. Amma çıxış elə olmalıdır ki, o, məntiqli olsun. Öz səlahiyyətlərin çərçivəsində, yaxud ünvanlı danış, ünvansız danışma! Ünvansız danışanda başqasının da haqqını pozursan. Hər kəs istənilən yerdə öz fikrini açıq şəkildə ifadə edə bilər, amma məsələlərə konkret mövqe bildirməklə...musavat.com/