"Mən zavod açıb ordan gəlir götürürəmsə, bu, Həcc ziyarəti olmur axı" - Şeyxin qudası

4-02-2017, 12:52           
"Mən zavod açıb ordan gəlir götürürəmsə, bu, Həcc ziyarəti olmur axı" - Şeyxin qudası
Bu il Həcc ziyarətinə getmək istəyən ölkə vətəndaşları qiymətlərin artımı ilə bağlı yayılan xəbərlərdən narahat olublar. Düzdür, QMİ-nin məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev mətbuata açıqlamasında narahatlığa əsas olmadığını və idarənin vahid qiymət müəyyənləşdirdiyini deyib. Lakin yenə də bu məsələ ilə bağlı müzakirələr davam edir.

Məsələ ilə bağlı sabiq deputat, 28 dəfə Həcc ziyarətində olmuş Hacı Qalib Salahzadə ilə söhbətləşdik. Söhbət əsnasında bir sıra digər məsələlərə də münasibətini soruşduq.

- Hacı, qiymətlərin dəyişməsi Həcc ziyarətinə getmək niyyətində olanların narahatlığına səbəb olub. Siz necə, 29-cu dəfə ziyarətə gedəcəksinizmi?

- Mən bir şeyə fikir vermişəm, Həcc ziyarəti məsələsini hamı məndən soruşur (Gülür). Mətbuat da maraqlanır ki, görəsən, Hacı gedəcək, ya getməyəcək. Bilirsiniz necədir, gərək bu işdə Allahın hökmü və izni olsun. Allah istəsə, gedəcəyəm. Bu vaxta qədər gedib-gəlmişəmsə, demək, Allah istəyib. Mən həmişə gedəndə iki rükət namaz qılıram, cənab prezident, ailəsi, Azərbaycan xalqı, özümün yaxınlarım üçün dua edirəm. Həm də deyirəm, ay Allah, imkan ver, gələn il yenə gəlim burda namazımı qılım. Allah qismət edib ki, mən iki dəfə Kəbə evində olmuşam. Allah istəməsə, nə pulla, nə başqa sərvətlə bu imkanı əldə etmək olmaz.

- Üçüncü dəfə də Kəbədə olmaq istərdinizmi?

- Üçüncü dəfə yox e, arzum odur ki, bundan sonra 20 dəfə Kəbə evinin içinə girim. Amma arzu başqa şeydir, gərək Allahın izni olsun.

- Amma qiymət artımı barədə suala cavab vermədiniz...

- 3850 dollardır. Keçən il hətta 4500-ə qədər idi. Bu il qiymətlərdə bahalaşma yox, əksinə, ucuzlaşma var. Yenə deyirəm, qiymət əsas məsələ deyil, Allahın izni olsa, hamı gedə bilər.

- Amma deyəsən, siz Həcc ziyarətinə dəfələrlə getdiyiniz üçün daha çox ödəyəcəksiniz.

- İkinci və daha çox getmək istəyənlər 500 dollar əlavə ödəniş edəcək. Bunu da Səudiyyə tərəfi edib, indi bilmirəm bu qayda tətbiq olunacaq, ya yox. Hər halda əvvəlcədən Səudiyyə tərəfi belə bir qərar verib. Bu qaydaya əsasən mən 500 dollar da əlavə ödəməliyəm.

- Amma belə görünür ki, əlavə ödəniş sizi narahat etmir.

- Birincisi, Allahın izni olsa, hamı gedəcək. Sonra Allah onun pulunu da yetirir, adamçün yolu da açır. Deyək ki, biri Həccə gedir, əgər Allah istəməsə, ya onun xəstəsi olar, ya başı ağrıyar, gedə bilməz.

“Həmin adamların dindən, Allahdan xəbəri yoxdur”

- Siz özünüz də dəfələrlə demişiniz ki, Həccə getmək istəyən imkansız adamlara da ziyarət üçün yardım edirsiniz. Bu dəfə necə, sizə müraciət edənlər varmı?

- Bir-iki nəfər müraciət edib. Demişəm vaxtı çatanda baxarıq, hələ 6-7 ay var. Elə adam var müraciət edir, vaxtı çatanda deyir olar ki, mənim yerimə qardaşım oğlu, ya əmim oğlu getsin. Gedib yoxlayırsan, görürsən heç özünün doğma qardaşı oğlu, əmisi oğlu deyil.

- Deməli, sui-istifadə edənlər də olur?

- Olmasa demərəm ki.

- Bəs, heç olubmu ki, öz əvəzinizdə kimisə göndərmək istəmisiniz?

- Yox, elə şey olarmı ki, Həccə getməklə bağlı niyyət edəsən, sonra getməyəsən? 90-cı ildən sonra kim soruşur, deyirəm gedəcəyəm, o vaxtdan Allah qismət edir, gedirəm.

- Hacı, yəqin ölkədəki vəziyyət barədə də fikirləriniz var. Bu gün sizi daha çox hansı problemlər narahat edir?

- Mən cənab prezidentin bütün çıxışlarını kəlmə-kəlmə izləyirəm və dedikləri ilə tam razıyam. Digər tərəfdən, ölkədə sakitlik, əmin-amanlıqdır. Ətrafımızdakı ölkələrə baxın da, vəziyyətimiz dəfələrlə yaxşıdır. İqtisadi məsələlərə gəldikdə, bu, bütün dünyada gedən prosesdir. Elə bilin ki, bütün dünyada xəzri əsir, o küləyin sərinliyi bizi də tutur. Amma bizim vəziyyətimiz başqa ölkələrdən qat-qat yaxşıdır. Mövcud duruma görə dövlətin, hökumətin heç bir günahı yoxdur. Bu, dünyada gedən prosesdir.

- Adətən siz Bakı kəndlərinin problemlərini parlamentdə qaldırırdınız. Hazırda vəziyyət necədir?

- Mən bəzi məsələləri parlamentdə həmişə demişəm, indi də fikrimdə qalıram. Bütün Bakıətrafı kəndlər var ha, onların hamısının ən böyük problemi odur ki, vətəndaşlar öz əmlakları üçün sənəd ala bilmirlər. Əgər bunların əlində torpaq sənədi, yəni çıxarış olarsa, sakinlərin vəziyyəti xeyli yüngülləşər. Yəni pul lazımdırsa, aparar çıxarışı qoyar banka istədiyi qədər pul götürər və ölkədə daha çox inkişaf olar. Bu gün Bakı və ətraf kəndlərdə inkişafın qarşısını alan bir nömrəli problem torpaqların sənədlərinin olmamasıdır. Bizim Bilgəh kəndində heç 5-10 faiz əhalinin əlində sənəd yoxdur. Adam var 50 ildir yaşadığı evinə sənəd ala bilmir. Mənim anamın 82 yaşı var, 65 ildir yaşadığı evin çıxarışı yoxdur.

- Niyə sənədləşdirmirsiniz?

- Gedib müraciət edirsən, əlavə o qədər sual verirlər ki, “atan nə vaxt anadan olub, baban haçan ölüb”. Bunun sadə bir yolu var, gəl kənd icra nümayəndəliyindən bir arayış al ki, ev bu adamındır, qurtardı getdi. O qədər kağız, sənəd istəyirlər ki... Başqa heç bir problem yoxdur. Hər kəs başını salıb aşağı, gül əkən gül, pomidor əkən pomidor, göyərti əkən göyərti əkir. Hər şey yaxşıdan da yaxşıdır. Ancaq inkişafı bir az da sürətləndirməkdən ötrü nəinki Bilgəhə, bütün Bakıətrafı kəndlərin sakinlərinə çıxarış vermək lazımdır. Çıxarış olsa, daha qonşu qonşunun qapısına borc üçün getməyəcək, banklara müraciət edib çıxarışın əvəzinə kredit götürəcək.

“Həcc qiymətlərində bu il bahalaşma yox, əksinə, ucuzlaşma var”

- Belə yanaşma da var ki, Həcc ziyarətinə dəfələrlə gedənlər bunun əvəzinə ölkədə iş qursa, həm savab yiyəsi olar, həm də dövlətə, vətəndaşlara fayda verər. Belə mövqedə olanlara sözünüz varmı?

- Belələrinə sözüm odur ki, həmin adamların dindən, Allahın işindən xəbəri yoxdur. Mən sizə olmuş əhvalatı danışım. Bir seyid 50 dəfə gəldi, pul verdim, növbəti dəfə gələndə qanımın qara vaxtı idi, dedim get, sonra gələrsən. Demədim ha, pul vermirəm. Bir dəfə çox hörmətli bankın müdiri mənə zəng etdi ki, bir dənə kasıb bilgəhli ver mənə, aparım Həccə. Getdim həmin seyidi götürdüm, apardım onu özümlə Həccə. Seyid qayıtdı ki, ay Həci, mən gəldim, səndən pul istədim, dedin get, sonra gələrsən, ancaq ardınca gəlib mənə dedin ki, gəl, gedək Həccə. Dedim ay seyid, sənin cəddinə qurban, o 100 manatı mən o vaxt sənə verməməliydim, ona Allah izn vermədi. Ancaq sonra izn verdi ki, gəlib səni evindən çağırdım, Həccə apardım. Allahın hökmü oldu ki, mənə zəng edib dedilər bir kasıb adam tap, Həccə göndərək. Həcc ziyarəti Allahın hökmü ilə olan məsələdir. Yoxsa bəziləri deyir əvəzində fabrik-zavod açaq. Elə şey yoxdur. Fabrik-zavod açdın, bəs, kasıb-kusub Həcc ziyarətinə necə getsin? Allah onlar üçün yazıb axı. Fabrik-zavod dövlətin işidir, ayrı-ayrı adamların işi deyil. Mən zavod açıb ordan gəlir götürürəmsə, bu, Həcc ziyarəti olmur axı.

- Hacı, hazırda siz nə işlə məşğul olursunuz?

- Mən bu dəqiqə nəvələrimlə məşğulam (Gülür). Düzü, o qədər işim var ki, heç bilmirəm səhər açılanda birinci hansının ardınca gedim. Ancaq birinci nəvələrlə məşğulam. Bir nəticəm də var. Allah sizə də qismət eləsin! \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.