Uşağınızda bu əlamətlər varsa…

8-02-2017, 08:52           
Uşağınızda bu əlamətlər varsa…
Bir çox hallarda valideynlər uşaqlardakı ürək xəstəliyindən xəbərsiz olur və xəstəliyin əlamətlərini anlamayıb adi hal kimi qəbul edirlər. Bu isə son nəticədə daha ağır fəsadlara gətirib çıxarır və müalicəni daha da çətinləşdirir.

Məsələyə münasibət bildirən invaziv uşaq kardioloqu Elnur İmanov Trend-ə deyib ki, valideynlər bir çox hallarda bu xəstəliyin əlamətini gec anlayırlar. Onun sözlərinə görə, ürək narahatlığı olan körpələr qidanı çətin qəbul edirlər:

“Anadan və ya əmzikdən qida qəbul edən zaman tərləyir, tez-tez nəfəs alma ehtiyacı duyur və ağlayarkən göyərmə ola bilir. Təkrarlanan ağciyər infeksiyası da ürək xəstəliyinin əlamətləri arasındadır”.

E.İmanovun sözlərinə görə, ümumiyyətlə, dünya statistikasına görə, uşaqların 8/1000-i anadangəlmə ürək qüsuru ilə doğulur. E.İmanov Azərbaycanda da bu cür uşaqların sayında artım olduğunu hesab edir:

“Əgər əvvəllər Azərbaycanda yüngül anadangəlmə ürək qüsuru xəstəlikləri qarşıya çıxırdısa, indi təəssüflər olsun ki, daha ağır anadangəlmə ürək qüsuru xəstəliklərinə rast gəlinir”.

Uşaq kardioloqunun sözlərinə görə, uşaqların anadangəlmə ürək qüsurlu olmasının bir sıra səbəbləri var:

“Qohumlar arasında evlilik, genetik faktorlar, erkən evlilik, hamiləlik dövründə istifadə edilən bəzi dərmanlar, spirt, narkotik, rentgen şüasına məruz qalma və s. amillər körpədə ürək qüsuru meydana gəlmə riskini artıra bilər”.

E.İmanov deyib ki, uşaqlarda ürək qüsurunun əmələ gəlməməsi üçün hamiləlik dövründə diqqətli olmaq vacibdir:

“Hamiləlik dövründə qadın ağır infeksion xəstəliklər keçirməməlidir və əgər keçiribsə, ciddi müalicə olunmalıdır. Eyni zamanda qidalanmaya diqqət yetirilməlidir. Hamiləliyin 15-ci həftəsində ana bətnində uşağın ürəyi yoxlanmalı, hansısa qüsur aşkar edilərsə, lazımi müalicə aparılmalıdır. Bunlara əməl olunsa, uşaqlarda ürək qüsurunun yaranmasının qarşısı alınar”.

Həkim qeyd edib ki, ürək qüsuru ilə doğulmayan uşaqlarda isə qazanılmış ürək qüsurunun qarşısını almaq üçün diqqətli olmaq vacibdir: “Birinci növbədə uşaqları infeksion xəstəliklərdən qorumaq lazımdır. Uşaq anadan olandan sonra oval pəncə açıq olur və sonradan bağlanır. Mütləq şəkildə oval pəncənin qapanıb-qapanmaması yoxlanmalıdır. Əgər qapanmayıbsa, müalicə aparılmalıdır, çünki bu, sonradan daha ciddi problemlərə yol aça bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.