"Pulu alandan sonra deyirlər ki, gözümüz üstə yerin var." - Maşını cərimə meydancasına aparılan Arif Quliyev
8-02-2017, 10:07
Azərbaycanın tanınmış gülüş ustası, xalq artisti Arif Quliyev Unikal.org-a maraqlı müsahibə verib. O, olduqcca maraqlı məqamlara diqqət çəkib.
-Arif müəllim, radara düşürsünüzmü?
-Bəli. Ayda ən azı 5 dəfə radara düşürəm. Polislər aylıq plan qoyub qarşıma.(red-gülür)
-Cərimələri ödəyirsinizmi?
-Əlbəttə. Ödəniş etmək borcumuzdur. Necə ki, səhv edib bunu boynumuza alırıq, radara düşüb dövlətə olan borcumuzu da elə ödəyirik. Hamı necə, mən də elə. Belə bir atalar sözü var: Palaza bürün, ellə sürün. Üzə bilmirsənsə, dənizdə nə ölümüm var? Avtomobilim var və cəriməsini ödəyə bilməyəcəmsə, niyə sürməliyəm ki?
-Ən çox Bakı, yoxsa rayon yollarında radara düşürsünüz?
-Ən çox asfalt yollarda. (Gülür-red). Təbii ki, bu zarafatdır. Hər ay ən azı avtomobilimlə 2 dəfə rayon, 3 dəfə Bakıda radara düşürəm. Sonra da gedib cəriməmi ödəyirəm.
-Polislər sizə hörmət edirlərmi?
-Hər zaman hörmət edirlər. Allah canlarını sağ eləsin. Cəriməni ödəyəndən sonra deyirlər, qonağımız ol.(Gülür-red). Vallah polislərimiz olmasa, sürücülərimiz avtomobillərini bir-birlərinin üstündən sürər.
-Avtomobilinizlə heç qəza şəraiti yaratmısınızmı və ya sizə yaradıblarmı?
-Əlbəttə. Görürsən ki, tək yoldan kimsə səni gəlib keçir. Bəzən tək yolda 3 avtomobil eyni vaxtda ötmə əməliyyatı aparır. Bəzən yanından elə keçirlər ki, dəhşətə gəlirsən. Mən neçə dəfə ürək-göbəyimi "yemişəm".
-Arif müəllim, avtomobiliniz heç cərimə meydançasına aparılıbmı?
-Bəli, aparılıb. Axırıncı dəfə yaxın günlərdə aparıblar. Keçmiş Qələbə Kinoteatırının yanında avtomobilimi saxlayıb mağazaya getdim. Amma avtomobili bilmədən düzgün park etməmişdim. Mağazanın qapısından içəri yenicə daxil olub 3 manatlıq bazarlıq etmişdim ki, birdən bir nəfər qaça-qaça gəlib dedi ki, Arif müəllim, avtomobilinizi apardılar. Mən çıxanda artıq avtomobilimin evakuatorun üstündə quyruğunu görünürdü. Apardılar cərimə meydançasına.
-Nə qədər cərimə ödədiniz?
-Getdim cərimə meydançasına. Sağ olsunlar, pulu alandan sonra yaxşı hörmət elədilər. Dedilər qapını açın, qoyun, Arif müəllim çıxsın. Allah canlarını sağ eləsin, hər zaman polislərimiz mənə hörmət edir. Pulu alandan sonra deyirlər ki, gözümüz üstə yerin var. Hətta çay da verdilər. Amma cəriməni ödəyəndən sonra. Sağ olsunlar, çaypulu da almadılar.
-Dedikləriniz zarafatdır, yoxsa həqiqət? Fikirlərinizi olduğu kimi yazacağıq...
-Qoy yazılsın. Həqiqətən hörmət edirlər. Allah canlarını sağ eləsin. Çaylarında içdim və bir az şübhələndim. Sən demə çaya su da qatmışdılar.