"Hərdən deyirlər ki, Heydər Əliyev o zaman Əbülfəzə kömək elədi, yalan söhbətdi..."

4-05-2017, 13:55           
"Hərdən deyirlər ki, Heydər Əliyev o zaman Əbülfəzə kömək elədi, yalan söhbətdi..."
"Dedim, Nemət, indiki halda səni Bəy yox, heç Allah da müdafiə edə bilməz..."
“Hələ 1970-ci ildə Əbülfəz deyirdi ki, Sovet hökuməti 1980-ci illərin axırında dağılacaq”


Səhərisi məni buraxdılar, onu da dedilər ki, Heydər Əliyev də dünən səni müdafiə elədi, dedi ki, uşaq özü təhlükədədir, amma mənim qayğımı çəkib...


Son illərdə bəzi şəxslər Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy haqqında müxtəlif ittihamlar, Elçibəyin KQB agenti olması, kimlərə işləməsi ilə bağlı fikirlər səsləndirir.

Elçibəylə bağlı səsləndirilən bu və ya digər ittihamlara tələbəlik illərindən Əbülfəz Əliyevlə yaxın dost, daha sonra əqidə yoldaşı, nəhayət Əbülfəz Elçibəyin prezidentlik dönəmində müşaviri olmuş Aydın Abbasovla aydınlıq gətirmək qərarına gəldik.



Beləliklə, Aydın Abbasovun (Türk Aydın) Moderator.az-a müsahibəsini təqdim edirik:

- Aydın bəy, xahiş edərdik ki, öncə Elçibəylə bağlı fikirlərinizi bizimlə bölüşəsiniz, uzun illərə dayanan dostluğunuzdan danışasınız.

- Son vaxtlar görürəm ki, kimlərsə Elçibəyə bir təsadüf kimi yanaşırlar, ancaq Elçibəy qətiyyən təsadüf deyildi. Elçibəylə biz tələbəlik illərindən yaxın dost olmuşuq. 1960-cı illərin əvvəlləri idi, universitetin tələbələri idik, Əbülfəz məndən bir kurs yuxarı oxuyurdu. O zaman şərqşünaslıq kompakt bir fakültə olduğundan I kursdan IV kursa qədər hamı bir-birini tanıyırdı, bir-birləri ilə təmasdaydılar. O dövrdə də həmin fakültədə sanki seçmə uşaqlar toplanmışdı, orada oxuyan uşaqların əksəriyyəti elit uşaqlar idi, hakimiyyətdə olanların övladları idi. Məsələn, Əbülfəzgilin qrupunda Nəsir İmanquliyevin qızı Aida İmanquliyeva, məşhur professor Əli Sultanlının qızı Nərmin İsa, bizim qrupda birinci katib Vəli Axundovun bacısı, Xarici İşlər naziriTahirə Tahirovanın qızı Elvira Byramova, Mirvarid Dilbazinin bacısı oğlu Vəfa Quluzadə kimi seçmə uşaqlar təhsil alırdı.
Günlərin birində uşaqlar mənə dedilər ki, tələbələrin içində xüsusi seçilən Əbülfəz ana dili məsələsi ilə bağlı qrup yaratmaq istəyir. Mən də onlara qoşuldum və 4-5 nəfərdən ibarət romantik bir qrup yaratdıq. Məqsədimiz dilimizi hər yerdə müdafiə etmək, mümkün qədər dilimizi dövlət səviyyəsinə qaldırmaq, nüfuzunu artırmaq, hər yerdə Azərbaycan dilini təbliğ etmək idi. İstəyirdik ki, milli dilimizə sayqıyla yanaşılsın, dilimiz rusun basqısı altından xilas olsun. Düşünürdük necə edək ki, Mərkəzi Komitənin katibi Bakılı yox, rayonlu olsun. Elə düşünürdük ki, rayonlular rus dilini bakılılara nisbətən zəif bilir və katib rayonlu olsa, rus dilini pis bildiyinə görə məcbur olub Azərbaycan dilində danışacaq. Bununla da dilimizin nüfuzu artacaq.
Bu romantik fikirlərimiz yavaş-yavaş böyüdü və biz ali məktəbi bitirdik, hər ikimiz xaricə getdik. Ancaq qayıdıb gələndən sonra həmin fikirlərimizi canlandırmağa başladıq. Artıq düşünməyə başladıq ki, Cənubla Şimalı necə birləşdirək, Türkiyəylə necə inteqarsiyaya gedək, çünki çıxış yolumuz Türkiyə ilə inteqrasiyada idi.
Bu fikirlərlə çağlayan Əülfəz bir gün mənə dedi ki, gəl bir rəsmi təşkilat yaradaq. Soruşanda “nə təşkilat”, belə cavab verdi ki, Aydın, 1918-ci ildə Azərbaycan müstəqilliyə nail olanda kadr çatışmazlığına görə dövlət 2 il duruş gətirmədi, bunun birinci səbəbi Rusiyanın basqısı idisə, ikinci tərəfi yetərli sayda kadr çatışmazlığı, ziyalı azlığı var idi və buna görə dövləti qoruya bilmədilər, indi gəl biz bir təşkilat yaradaq, bu gün-sabah ki, Sovetlər dağılacaq, o zaman biz də avara qalmayaq, qoy uşaqlar yetişsinlər, dövlətə sahib çıxsınlar. Dedim sən nə fikirləşirsən, KQB-nin güclü vaxtında biz bu təşkilatı yaratsaq, az-çox ətrafımıza uşaqlar toplasaq, həmin uşaqları zərbə altında qoyarıq axı, o uşaqların valideynləri sonra bizi ittiham edərlər. O zaman Əbülfəz mənə bir söz dedi və mən o sözü xüsusi vurulamaq istəyirəm. Dedi ki, Aydın, mən düşünürəm ki, Sovet hakimiyyəti 85-86-da dağılacaq. Bu söhbət olunanda hələ 1970-ci il idi və Bəyin bu sözü mənə qəribə gəlmişdi. Bəyin dedikləri çin çıxanda anladım ki, bu insanda həm də güclü fəhm, duyum var.

“Əbülfəz Türk müğənnisinin konsertinə bir xeyli bilet alıb uşaqlara payladı ki...”



Nəhayət Bəyin dediyi təşkilatı yaratdıq, təşkilatımıza da Turan adını verdik, xeyli tərəfdaşımız var idi artıq. Sən demə biz artıq KQB-nin nəzarətindəymişik, izlənilirmişik. Bunu bilsək də əksinə olaraq yavaş-yavaş başladıq daha da qol-qanad açmağa, “harada qırıldı-qırıdı” deyib fəaliyyətimizi davam etdirdik. Səhv etmirəmsə, 1973-cü ildə Bakıya Türk müğənnisi Nesrin Sipahi gəlmişdi, Yaşıl Teatrda konsert verirdi. Əbülfəzlə gedib bir xeyli bilet aldıq və uşaqlara payladıq, dedik qoy konsertə gedib görsünlər ki, bizlər elə türkük. Həm də müğənni hiss eləsin ki, zalda onu ürəkdən duyan, sevən insanlar var, yad məmləkətə gəlməyib, öz vətəninə gəlib, İstanbulla Ankara, Bakı elə eyni şeydir.
Bu cür romantik duyğularla fəaliyyət göstərirdik. Daha sonra Əbülfəz bu ideyalarımızı “Millətləşmə, Dövlətləşmə və Bötüvləşmə” adı altında konsepləşdirdi. Biz hakimiyyətə gələndə də o tezislə gəldik. 1993-cü ili də Bəy Dövlətçilik İli elan etmişdi.

“Yəhudilər bütün dünyanın gizli düşmənidir, ruslar, farslar, yunanlar bizim tarixi, ermənilər, gürcülər, kürdlər, qaraçılar daxili, Amerikalılar gələcək düşmənimizdir”

Bu sevgimizin, duyğumuzun üstü 1975-ci ildə açıldı. Həmin il Vasim Məmmədəliyev Tiflisdə elmi işini müdafiə edəcəkdi və Əbülfəz bir dəstə uşaqla bərabər Tiflisə getdi, mən ancaq gedə bilmədim. Mən hələ aspirant idim, Əbülfəz isə artıq müdafiə etmişdi, Tarix fakültəsində dosent idi. Əbülfəzgil Tiflisdən qayıdanda qatarda söhbət edirmişlər və söhbətin mövzusu da hər zamankı kimi millətçilik imiş. Həmin vaxt orada Əbülfəz bəzi uşaqlara deyir ki, siz özünüzü qəribə aparırsız, olmaya siz KQB-nin agentisiz və sizi bilərəkdən bizim aramıza salıblar. Sonra da əsəbi şəkildə deyir ki, xəbər eləsəniz də tüpürüm sizə də, sizin dövlətinizə də. Tiflis səfərindən 2 gün sonra, 1975-ci ilin yanvarında Əbülfəzi tutdular. Mən bilirdim ki, Əbülfəz tutuldusa, dalğa bizə gəlib çatacaq. Əbülfəzin evində axtarış aparanda mənim ona verdiyim bir məktubu tapmışdılar. Həmin məktubda da mən Nihal Atsızın Türk mətbuatından oxuduğum oğluna vəsiyyətini yazmışdım. Nihal Atsız həmin məktubda oğluna yazırdı ki, Oğlum, bu gün sənin yaş yarımın tamam olur, mən sənə fotomu göndərirəm. Fotodan sonra da belə yazmışdı ki, kommunizm bizim düşmənimizdir, yəhudilər bütün dünyanın gizli düşmənidir, ruslar, farslar, yunanlar bizim tarixi düşmənimizdir, ermənilər, gürcülər, kürdlər, qaraçılar bizim daxili düşmənimizdir, Amerikalılar bizim gələcək düşmənimizdir və s. Bəydən soruşmuşdular ki, bu məktubu sənə kim verib, demişdi ki, bilmirəm. Sonra demişdilər ki, axı bu Aydının xəttidir və bundan sonra mənim də izimə düşdülər, aprel ayında da tutub apardılar, 10 gün saxladılar. Uzun dindirilmələr, sual-cavab etdilər, amma məni tora sala bilmədilər. Mənə dedilər ki, sən Heydər Əliyevin əleyhinə niyə kampaniya aparırsan? Bu sözü eşidəndə çox təəccübləndim, soruşdum ki, harada etmişəm bunu? Dedilər ki, bir dəfə demisən ki, Heydər Əliyev saldafondur, ondan partiya və dövlət rəhbəri olmaz, bir dəfə də demisən ki, generalın sivil cəmiyyətdə dövlətin başına gətirilməsi hərbi çevrilişdir. Dedim ki, mən bunları ümumi demişəm, bunun Heydər Əliyevə nə aidiyyatı. Həmin məqamda ağlıma qəfil bir fikir gəldi və bunlara dedim ki, mənə elə gəlir siz özünüz Heydər Əliyevin əleyhinə kampaniya aparırsınız. Çünki artıq başqa müdafiə yeri yox idi, artıq hücuma keçməliydim. Dedilər ki, nəyə görə qəfil bu fikrə gəldin və cavab verdim ki, siz çalışırsınız ki, bizim dairəmizi genişləndirəsiniz və həmin dairəyə daha çox Naxçıvanlı uşaqları salasınız. Heydər Əliyevə nəzarət etmək istəyirsiniz, ancaq edə bilmirsiniz, Heydər Əliyevi Moskvanın gözündən salmaq üçün başqa arqument tapa bilmirsiniz, ona görə də “Naxçıvanlı uşaqlar antisovet cəmiyyət yaradıblar və Heydər Əliyev də onlarla bərabərdir” deyərək ləkələmək istəyirsiniz. Bundan sonra mənimlə mülayim danışdılar, hətta diplomat olmağımı belə təklif etdilər. Dedilər ki, Sovet hökuməti elə bir gücə malikdir ki, onu Amerika belə silkələyə bilməz, o ki qaldı Əbülfəzlə siz Soveti yıxasınız. Səhərisi məni buraxdılar, onu da dedilər ki, Heydər Əliyev də dünən səni müdafiə elədi, dedi ki, uşaq özü təhlükədədir, amma mənim qayğımı çəkib.

“Bəziləri deyir ki, Heydər Əliyev o zaman Əbülfəzə kömək elədi...”

Çıxanda soruşdum ki, bəs Əbülfəzin işi necə olacaq? Dedilər onun işi bir qədər mürəkkəbdir. Sən akademiyada işləyirsən, o isə müəllimdir, bu təbliğatı daha çox tələbələr içərisində aparır və bu da cinayətdir. İkincisi də tələbələrdən Əbülfəzə qarşı donos yazanlar var və az da olsa ona mütləq cəza kəsməliyik. İyun ayında Əbülfəzin məhkəməsi oldu, il yarım iş kəsdilər.
İndi bəziləri hərdən deyir ki, Heydər Əliyev o zaman Əbülfəzə kömək elədi. Yalan söhbətdi bütün bunlar. Həmin ərəfədə elə bir dalğa getdi ki, Gürcüstanda Akademiyanın əməkdaşları Z.Qamsaxurdiya, M.Kostavanı tutmuşdular, sonradan Qamsaxurdiya da Gürcüstanın prezidenti oldu. O vaxt onlara da il yarım iş vermişdilər, yəni bu, H.Əliyevin xidməti deyildi. O zaman Sovet hökuməti planlaşdırmışdı ki, gənclərin içərisindəki disident hərəkatlarını dağıtmaq üçün onlara heç olmazsa il yarım iş versinlər. Çünki onların bir cinayət yox idi axı, sadəcə öz düşüncələrini paylaşırdılar. Əbülfəzi də il yarım yatandan sonra 76-cı ilin iyun ayında buraxıldı. Və ondan sonra heç nədən çəkinmədən, qorxmadan yenə də öz fəaliyyətimizə davam etdik.

- Siz Elçibəyin prezidentlik dönəmində də onun yanında olmusunuz. Mümkünsə, bir qədər də o illəri xatırlayardınız.

- 17-18 yaşından başlayan dostluğumuz, bərabərliyimiz AXCP-də, daha sonra prezidentlik dönəmində də davam etdi. Elçibəy prezident oldu, mən şöbə müdiri, müşavir. Elçibəy ölənə qədər də fəaliyyətimiz bərabər olub.
Bəziləri indi deyir ki, Elçibəy Heydər Əliyevin, yaxud da KQB-nin adamı olub. Bütün bunlar düşük söhbətlərdir, heç bir həqiqəti əks etdirmir.

“Həqiqətən də o vaxt Elçibəy Neməti müdafiə etmək gücündə deyildi”

- Bu məsələyə toxunmuşkən qeyd edim ki, elə nemət Pənahlı da bu yaxınlarda Elçibəyin KQB-nin agenti olmasıyla bağlı bir sənəd yaymışdı. Çoxu belə bilir ki, Nemətin Elçibəyə olan kininin arxasında bir liderlik məsələsi dayanır. Yəni Nemət azadlıq hərəkatının lideri kimi Elçibəyin yox, öz adının çəkilməsini istəyir. Bu, həqiqətən də belədir, yoxsa bu ədavətin arxasında heç kimin bilmədiyi başqa səbəb yatır?

- Nemət ilkin baxışda yaxşı oğlan idi, sözünü deməyi bacarırdı və buna görə də Bəy onu qaldırb birdən-birə tribun, natiq elədi. Özü də ona böyük sevgi ilə yanaşırdı, amma bu tribunluq Nemətdə müştəbehlik, özündən razılıq yaratdı, elə düşündü ki, təkbaşına camaatı meydana taplaya bilər, mitinqi idarə edə bilər. 20 yanvar ərəfəsində dağılışma baş verəndə Nemət də İran vasitəsilə Türkiyəyə getdi, orada gizlənirdi. 1990-cı ilin oktyabrında biz ilk dəfə avtobusla Türkiyəyə getdik, Atatürk mərkəzində tədbirimiz oldu. Orada Nemət gəlib məni tapdı, dedi ki, Aydın müəllim, məsləhətdirsə, mən Bakıya qayıtmaq istəyirəm. Mən ona dedim ki, məsləhət deyil. Səbəbini soruşanda da bildirdim ki, 20 Yanvar hadisələrinə görə o qədər mənfi təbliğ olunmusan ki, orada artıq camaat sənə qarğış edir, güya qırğını sən təşkil eləmisən, silah söz vermisən, amma gətirməmisən deyə, sənə qarşı güclü antitəbliğat gedir, Azərbaycana gəlmə, gəlsən səni fiziki öldürə bilərlər. Bunu deyəndə Nemət mənə belə bir sual da verdi ki, bəs sən necə düşünürsən? Dedim mən sənə inanıram, səni müdafiə edirəm, hesab edirəm ki, sən hərəkatın liderlərindən birisən, təbliğatı da səni gözdən salmaq üçün KQB aparır. Dedi ki, onda Bəy məni niyə müdafiə eləmir, axı Bəy AXCP-nin sədridir. Dedim, Nemət, Bəy bu gün səni müdafiə edə bilməz, mümkün deyil, sənə qarşı elə abu-hava yaradılıb ki, Bəy səni müdafiə eləsə, özünə də sənin kimi baxacaqlar, Bəy indiki anda bu məsələyə girişə bilməz. Bu cavabımdan sonra Nemət dedi ki, görünür sən dostluğu siyasətdən üstün tutursan, Əbülfəz sənin dostundur deyə ona tərəf çıxırsan. Dedim, Nemət, indiki halda səni Bəy yox, heç Allah da müdafiə edə bilməz, sən gözlə, qoy bir qədər abu-hava dəyişsin, ondan sonra gələrsən. Bütün bunları əlbəttə ki, Nemətin xeyrinə deyirdim, həqiqətən də o vaxt Bəy Neməti müdafiə etmək gücündə deyildi, etsəydi özünü məhv edərdilər.

“Elçibəy sözün həqiqi mənasında lider idi və ona altenativ çıxacaq ikinci birisi yox idi”

- Belə çıxır ki, Nemətin Elçibəyə olan düşmənçiliyinin kökündə Elçibəyin zamanında onu müdafiə etməməsi dayanır?

- Bəli, o səbəb görə Nemət sonradan məndən də incidi. Sonra gəlib burada başladı Elçibəyə qarşı kampaniya aparmağa. Bəyi də ittiham edirdi, elə məni də. Halbuki Elçibəyin gördüyü işi nə mən görmüşdüm, nə Nemət görmüşdü, nə də başqa biri. Məsələn, mən güya antisovet idim, təbliğatçı idim, amma mən rayon-rayon gəzmirdim. Ancaq Elçibəy rayon-rayon, kənd-kənd gəzirdi, təbliğat aparırdı. Bu adam sözün həqiqi mənasında lider idi və ona altenativ çıxacaq ikinci biri yox idi.
AXC-yə sədr seçkilərində Yusif Səmədoğlunu sədr eləmək istədilər. Dedim Y.Səmədoğlu hara, sədrlik hara, onun nə xidməti var axı. Onun partiyaya gətirilməsi də Bəyin öz xidməti idi. Bəy Yusifi də, Vaqifi də, İsmayıl Şıxlını da, Murtuz Ələsgərovu da, Azad Mirzəcanzadəni də şəxsi nüfuzundan istifadə edərək AXC-yə gətirib Ali Məclisin üzvü eləmişdi. Bəy fikrini belə əsalandırıdı ki, bunları xalq AXC-nin sadəcə uşaq-muşaqdan, küçədən yığılan adamlardan ibarət olmadığını başa düşsün deyə etməliyik, görsünlər ki, millətin ziyalıları da bu mübarizəyə qoşulub.
Elçibəy bu hərəkata canını qoydu, ömrünü həsr etdi. Onu ailəsi normal insan həyatı yaşamırdı, evi sanki idarəydi, gecə 2-3-də belə Bəyin yanına adamlar gəlirdi, məsləhət alırdılar, partiyaya yazılmaq istədiklərini deyirdilər. Həyat yoldaşı Həlimə xanım, qızı Çilənay, oğlu Ərtoğrul sanki Bəyə yad adamlar idi. Bəyin onlara diqqət, zaman ayırmağa vaxtı belə olmurdu.
İndi də Nemət kimilər çıxıb hədyanlar danışır. Halbuki Elçibəy lider idi və ona indi də lider kimi sayqı göstərməliydilər. Bəlkə də hansınınsa hansı bir xüsusiyyəti Bəydən üstün imiş, amma bu o demək deyil ki, lider həmin şəxs olmalıydı. Elçibəyin düşüncə tərzi, sistemi, bu millətə, xalqa bağlılığı, sevgisi, ümumiyyətlə bəşəri sevgisi, təfəkkürü, Dədə Qorquddan başlamış bügünə qədər tarixi bilikləri heç kimdə yox idi axı. Bəlkə Elçibəy olmasaydı, heç Nemət də olmayacaqdı.

“Rəhim Qazıyev nazir olandan sonra elə düşündü ki, Bəy ona tabe olmalıdır”

Nemət kimi düşünən tək deyildi, indi haqqında ziddiyyətli fikirlər səsləndirilənRəhim Qazıyev də Nemət kimi oldu, Elçibəyə qarşı mövqeyini sonradan dəyişdi. R.Qazıyev o zaman indiki Memarlıq və İnşaat Universitetində müəllim idi. Həmin vaxt da bizim yataqxanamız vardı, bir neçə dəfə gedib orada görüş keçirmişdik və həmin görüşdə Rəhim Elçibəyi tanımışdı, yaxınlaşmışdılar. Ancaq sonradan nə oldu? Günlərin birində Rəhim başladı ki, Elçibəydən lider olmaz, o kiməsə, nəyəsə bağlıdır. Rəhim nazir olandan sonra elə düşündü ki, o gerçəkdən də nazirdir və Bəy ona tabe olmalıdır. Məlum oldu ki, bunların içində karyera eşqi var, hansısa mənsəb sahibi olmaq kimi müxtəlif fikirlərlə yaşayırlar. Ancaq inanın ki, Bəyin heç bir təmənnası olmadı, nə kapitalı oldu, nə sərvəti, nə də yaşamağa evi. Bu dünyaya evsiz prezident kimi gəlib, evsiz prezident kimi də getdi.

- Söhbətimizin bu məqamında soruşmaq istərdim ki, Əlizadələrin Elçibəylə düşmənçiliyinin arxasında bilmədiyimiz hansı səbəblər dayanır?

Davamı var...

Qeyd: Müsahibəmizin ikinci hissəsində İsa Qəmbərin, Əli Kərimin, Etibar Məmmədovun, Tamerlan Qarayevin, o cümlədən, bir çoxlarının Elçibəyə sonradan dəyişən münasibəti, həmçinin, Əbülfəz Elçibəyin Heydər Əliyevlə məşhur 8 saatlıq görüşü, Elçibəyin TürkAydına son vəsiyyəti və digər məsələlər haqqında bir çox məqamlardan hali olacaqsınız.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.