Şəhərimdə erməni görməyə münasibətim
11-05-2017, 19:42
10 ildən çox vaxt keçib. Nə Şakirin, nə də anası Sevdanın üzünü unuda bilirəm. Onları Sumqayıtda Qarabağ əlilləri təşkilatından tanıyırdım. İndi Şakir böyük oğlan olar. O vaxtlar 5-6 yaşı olardı. Qarabağ əlilləri üçün tikilmiş binada yaşayırdılar. Sağlam və gözəl Sevda sağ ayağı topuqdan kəsilmiş, sol əli işləməyən Vahidə ərə getmişdi. Vahid nadir hallarda binanın həyətindən kənara uzaqlaşardı. Günün çoxunu "əlillərin məhlələri" deyilən ərazidə keçirirdi. Evin bütün qayğısı Sevdanın üstündə idi. Vahidin işi oğlu Şakirə nahar vermək, həyətdə gəzdirməkdən ibarət idi. Ailə xoşbəxt görünsə də, kədər kif qoxusu kimi hamısının canına hopmuşdu. Ən çox da Şakirin... Uşağın baxışlarındakı qorxu vahiməli idi. Şakirin canında səksəkə ilə yanaşı, yaşına uyğun olmayan ağrını həzm etmək də var idi.
Sevda bir gün işlədiyim Qarabağ Əlilləri Təşkilatına gəldi. Üzündəki kədər yeni idi. Ağlamağa başladı. Mənim o zamanlar yaşım Sevdanı anlamağa kifayət eləmirdi. Sevda anlaşılmaqdan çox çarə axtarırdı. Oğlu Şakir üçün. Şakir qorxu keçirirmiş. Hər keçən gün ayağının, qolunun və ya hansısa əzasının kəsiləcəyini daha yaxından hiss edirmiş. Körpəyə elə gəlirmiş ki, atası, əmisi, digər Qarabağ müharibəsi olan qonşu kişilər kimi onun da qolu, əli kəsilməlidir. Şakir gözünü dünyaya açıb, kişini əzası kəsilmiş görmüşdü. Onun kişi anlayışı fiziki sağlam ola bilməzdi. Qarabağ müharibəsi atasının ayağını, qolunu aparmaqla yanaşı, onun kişilik xəyalını da yerli-dibli qoparıb tullamışdı. Atası Şakiri qucağına qaldıra bilməmişdi. Onun velosipedini həyətə düşürə bilməmişdi. Qonşusu Taleh əmi, Asif, İlham, Zaur, Mehdi... Hamısının ya qolu, ya ayağı yox idi...
Paralel sinifdə oxuduğum eyni həyətdə yaşadığım Rəşadın atası Füzuli istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Rəşad sinfə yoxlama gələndə, valideynlərinin biri olmayan uşaqların siyahısı yığılanda heç vaxt atasının olmadığını deməzdi. O, bəlkə də bu günə qədər də atasının sağ olduğuna inanırdı. Mənim isə valideynlərinin birini itirmiş şagird kimi əlifba sırası ilə adım başda yazılırdı. Belə günlərdə Rəşada paxıllıq edirdim.
Sumqayıt doxsanıncı illərdə böyük qaçqın şəhərinə çevrilmişdi. Ermənilərin evlərindən, rayonlarından zorla qovduğu ailələrin çətin həyatı, ah-nalələri, həsrət ağrıları Sumqayıtın zəhərli havası ilə bir-birinə qarışmışdı. Rəşadın nənəsi səhər erkəndən həyətdə var-gəl edirdi. Gözü hey yollarda idi. Məhəlləmizdən Sovetin Sumqayıtın son yadigarlarından olan "Kosmos" kinoteatrına uzanan yolla gedir, təkrar geri qayıdırdı. Yay səhərinin boğanaq havasında gah dil deyib ağlayır, gah da" harda qaldın, a bala" deyirdi. Ata nənəm hər gün eyvandan bu səhnəyə baxırdı. Əlini göyə tutub "Allah, sənə şükür, Allah, sənə şükür" deyirdi. Nənəm atamın - oğlunun qanlı meyitini görə bildiyinə, gözünün Rəşadın nənəsi kimi yollarda qalmadığına şükür edirdi.
Gözümü açandan "nənə uşağı" oldum. Hər fəsli bir nənənin yanında keçirirdim. Ta ki... Ana nənəm gəncliyini kərpic-kərpic tikməyinə həsr etdiyi evini, 1 həftə Bakıya gəlib geri qayıdanda qoxuladığı torpağını itirənədək. Ana nənəm əzab içində öldü. Bir qadının yaşaya biləcəyi hər əzabı bu həyatda daddı. Kasıblığı da, zənginliyi də insan kimi yaşadı. Xəstəliyini də dik başla qəbul etdi. Bircə evinə dönə bilməməyi qəbul edə bilmədi. Hər dəfə yaz gələndə bu yaşlı qadın şəhərin qoxusuz, ətirsiz alça, şaftalı ağaclarına sığındı. Nənəmin ən böyük arzusu öz torpağında dəfn olunmaq idi. Bəlkə də bu səbəbdən torpağa da tikə-tikə getdi. Əvvəl bir ayağı, sonra özü.
Nənəm əllərimdə canını tapşırdı. Yastığının altında Zəngilandakı evinin açarları. Nənəmi diabet yox, başının altındakı açarların ağırlığı öldürdü.
Günay Arda
Milli.Az