“Nağdlaşdırma zamanı 1 faizlik verginin tutulması nonsesdir” - Əliməmməd Nuriyev
15-05-2017, 10:38
“Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında budəfəki qonağımız Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevdir. Biz onunla QHT-lərin hazırkı problemlərindən və Azərbaycanda Açıq Hökumət Təşəbbüsü ilə bağlı görülən işlərdən danışdıq.
- Əliməmməd müəllim, hazırda hansı sahələrdə fəaliyyət göstərirsiniz? Əsas işiniz nədən ibarətdir?
- Mənim əsas fəaliyyətim vətəndaş cəmiyyəti ilə bağlıdır. Amma eyni zamanda bu sektorun nümayəndəsi olaraq bir çox məsələlərlə bağlı ekspert qismində çıxış edirəm. QHT sektorunun nümayəndəsi kimi Əfv Komissiyasında da çalışıram. Eyni zamanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoruyam. Həmçinin bir müddət Mədən Sənayesində Şəffaflıq Koalisiyasının koordinatoru olmuşam. Çox müxtəlif ictimai funksiyalar daşıyıram, hüquq müdafiəçisi kimi də fəaliyyət göstərirəm. Çalışıram ki, cəmiyyətin ehtiyaclarından irəli gələn, bildiyim-bacardığım sahələrdə bu tələbatların ödənilməsində iştirak edim.
- Hazırda ən çox müzakirə olunan “Nağdsız hesablaşmalar haqqında” qanunu necə qiymətləndirirsiniz?
- Bu qanun qəbul olunduqdan sonra qanunvericiliyə müvafiq olaraq, bütövlükdə dövlət büdcəsindən ayrılan vəsaitlərlə əlaqədar bütün əməliyyatların köçürmə vasitəsilə həyata keçirilməsi tələb olaraq qoyuldu. Şübhəsiz ki, bu çox vacib və əhəmiyyətli bir qanundur. Korrupsiyaya qarşı mübarizənin əhəmiyyətli alətlərindən biri sayıla bilər. Şəffaflığın təmin edilməsində önəmli rol oynaya bilər. Bir çox ölkələrin təcrübəsində də bu cür qanunların qəbul edilməsinin şahidi oluruq. Çox təəssüf ki, Azərbaycanda əməliyyatların böyük bir hissəsi nağd hesablaşmalar yolu ilə həyata keçirilir. Bu da korrupsiyaya şərait yaradır. Xüsusilə də dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatına uyğun olaraq xərclənməsinin təmin edilməsi şərtlərindən biri də nağdsız hesablaşmalardır. Nəzərə alsaq ki, dövlət sifarişləri əsasında dövlət satınalmaları həyata keçirilir. Bu zaman da bəzi hallar da baş verirdi ki, ayrı-ayrı şirkətlər tenderi udduqdan sonra hesablarına köçən vəsaitin hamısını nağdlaşdıra bilirdilər. Bu zaman yeyinti halları ortaya çıxırdı. Bu da gizli iqtisadiyyatın ayaq açmasına, vəsaitlərin ölkədən çıxarılmasına gətirib çıxarırdı. Ona görə də bu qanun qəbul olunması çox vacib idi. Ancaq burada bəzi məsələlər nəzərə alınmadı.
- Qanunun çatışmayan cəhətləri də oldu... Hazırda QHT-lərin ən böyük problemi bank hesabındakı vəsaitlərin nağdlaşdırılması ilə bağlıdır. Bununla bağlı MBNP-yə də, hökumətə də müraciətlər olundu. Nəticə necə oldu?
- Qanunda müxtəlif sektorlara diferensial yanaşma olmalı idi. Hətta özəl sektorun içində də müxtəlif istiqamətlərə münasibətdə, eyni zamanda mediaya münasibətdə fərqli yanaşmaların olması vacib idi. QHT-lərə münasibətdə də bir çox amillər nəzərə alınmalı idi. Təəssüf ki, qanun geniş ictimai müzakirədən keçmədiyi üçün bu amillər nəzərə alınmamışdı. Qanun özəl sektorun fəaliyyətində də müəyyən problemlər yaratdı. Qanun tətbiq olunanda həmin boşluqlar ortaya çıxdı. Banklar isə Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubunu düzgün qavramadılar. Bu da problemlərin yaranmasında rol oynadı. Onlar bütövlükdə dövlət büdcəsindən ayrılan bütün vəsaitlərə nağdsız hesablaşmalar haqqında qanunun tələblərini tətbiq etməyə başladılar.
- Banklarmı yanlış anladı, yoxsa MBNP-nin məktubu yanlış göstəriş idi?
- MBNP-nin məktubunda bu qanunun şərhi var idi. Ancaq Azərbaycan qanunvericiliyinə görə, qanunu şərh etmək hüququ yalnız Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir. Bu baxımdan burada hüquqi qüsurlar var idi. MBNP-nın məktubuna baxsaq görərik ki, orada qanunun tələbləri düzgün sadalanır. Ancaq banklar “Roma papasından daha çox katolik olmağa çalışdılar”. Xüsusən də Beynəlxalq Bank bu məsələ ilə bağlı kütləvi şəkildə qanunsuz göstərişlər verdi. Bu da böyük problemlər yaratdı. Bir müddət QHT-lərin aldığı qrant vəsaitləri sanki donduruldu. Onlar hər hansı bir əməliyyat apara bilmədilər. Xüsusilə də QHT Şurasını, Gənclər Fondunun, KİVDF-nin keçirdiyi müsabiqənin qalibi olan QHT və media qurumları heç bir əməliyyat apara bilmədilər.
- Bununla bağlı QHT-lər ölkə prezidentinə müraciət etdilər. Bu işdə bizə media da ciddi dəstək oldu. Daha sonra cənab prezidentin göstərişi ilə bu məsələlər ciddi araşdırıldı. MBNP-nin rəhbəri vətəndaş cəmiyyəti və media nümayəndələri ilə birlikdə görüş keçirdi. Çox maraqlı bir görüş idi. Bir çox məsələlərə aydınlıq gəldi. Daha sonra problemin həlli istiqamətində addımlar atıldı.
- Onu da nəzərə almaq lazım idi ki, Azərbaycanda nağdsız hesablaşmaların həyata keçirilməsi üçün fiziki mənada infrastruktur yoxdur. Bu da çox ciddi problem yarada bilər. Rayonda nə müvafiq terminallar var. Nə də özəl sektor, xüsusilə xırda sahibkarlar nağdsız hesablaşmalar yolu ilə əməliyyat aparmağa hazır deyillər. O baxımdan bu qanunun tam şəkildə tətbiqi hələ ki mümkün deyil. Ancaq gələcəkdə buna hədəflənmək lazımdır. Ancaq ilk növbədə infrastruktur və məlumatlılıq çox vacibdir. Qanun artıq qəbul olunub icraya yönələn anda onun məziyyətləri bizə bəlli oldu. Əgər bunun yetərli qədər ictimai müzakirəsi aparılsa idi, hər kəsin ətraflı məlumatı olardı, sual doğuracaq məsələlər öncədən həllini tapardı. Bu amillər nəzərə alınmasa da, MBNP-nın rəhbəri ilə görüşdən sonra bəzi məsələlər həllini tapdı. Ancaq media ilə bağlı problemlər hələ də qalmaqdadır.
- Nağdlaşdırma zamanı bank xərclərindən əlavə olaraq 1 faizlik verginin ödənilməsinə münasibətiniz necədir?
- Əvvəllər əgər hesabdan vəsaiti çıxararkən 0,5 faiz təbii itkilər olurdusa, indi itkilər 2,5 faizdən çoxdur. Bank hesabından vəsait çıxarılarkən 1 faiz vergi verilməsi iqtisadi qanunlara ziddir. Axı vergi yalnız gəlir əldə edilməsi anında tutula bilər. Ancaq digər hallarda verginin tutulması nonsesdir. Mən hər hansı xidmətin müqabilində aldığım pulu bankdan çıxarmaq üçün 4 faizlik gəlir vergisi və bank xərcləri ilə yanaşı nə üçün əlavə 1 faiz də vergi verməliyəm. Biz həmçinin vergiləri ödədikdən sonra VÖEN hesabındakı vəsaitləri depozit hesablarımıza və ya digər hesabımıza köçürməkdə də məhdudiyyətlə üzləşirik. Banklar isə deyir ki, bunun üçün əvvəlcə vəsaiti nağdlaşdırmalısınız, 1 faizlik vergini ödəməlisiniz, daha sonra depozit hesabına yerləşdirə bilərsiniz. Bu nonsesdir, bu absurddur. Bu, banklar tərəfindən və ya göstərişi verən qurum tərəfindən vətəndaşları talamaqdır. Bu da onun nəticəsidir ki, qanunlar geniş müzakirələr və məsləhətləşmələr olmadan həyata keçirilir. Halbuki həm normativ hüquqi aktlar haqqında konstitusiya qanunu, həm Azərbaycanda Açıq Hökumətin Təşviqi Milli Fəaliyyət Planı, həm ictimai iştirakçılıq haqqında qanunun tələbləri onu göstərir ki, hər bir normativ hüquqi akt ictimai maraqlara toxunursa, geniş ictimai müzakirədən keçməlidir.
- Əliməmməd bəy, QHT-lərin hazırda başqa hansı problemləri var? Qrantların qeydiyyatı, xarici donorlardan qrantların alınmasında hər hansı çətinliklər yaşanırmı?
“Qanunlar geniş müzakirələr və məsləhətləşmələr olmadan həyata keçirilir”
- 2014-cü ildə QHT-lərlə bağlı qanunvericiliyə, “İctimai birliklər haqqında” qanuna, “Qrantlar haqqında” qanuna, “Hüquqi şəxslərin qeydiyyatı haqqında” qanuna müəyyən dəyişikliklər edildi. Bu da QHT-lərin fəaliyyətinin şəffaflığının və hesabatlılığının artırılması ilə bağlı idi. Bəzi QHT-lərin yol verdiyi qüsurlar, qeyri-şəffaf işləmələri də qanunvericilikdə belə sərt dəyişikliklərin edilməsinə gətirib çıxartmışdı. O zaman bəzi QHT-lər hesablarına daxil olan vəsaitləri nağdlaşdıraraq özlərinin depozit hesablarına köçürmüşdülər. Nəticədə oradan faizlər əldə etməyə başlamışdılar. Bu da qrantların təyinatı üzrə xərclənməsinə mane olmuşdu. Eyni zamanda bu hökumətin, vergi orqanlarının diqqəti cəlb etmişdi. Bəzi QHT-lər isə bu vəsaitlərlə siyasi fəaliyyətə başladılar, müxtəlif partiyalara dəstək olmağa çalışdılar. Bu da dövlət orqanlarının qanunvericilikdə bu tipli dəyişikliklər etməsinə gətirib çıxartdı. Nəticədə beynəlxalq donorların ayırdığı maliyyə vəsaitlərinə çıxışda çətinliklər yarandı. Çox təəssüf ki, bəzi donorlar Azərbaycanda QHT-lərə qrant verərkən selektiv yanaşmalara yol vermişdilər. Onlar hökumətə qarşı sərt münasibətdə olan QHT-ləri qrantlarla təmin etmişdilər. Bir çox hallarda bu proses hesabatlı olmamışdı. Bəzi QHT-lərə milyonlarla manat pul yönəldilmişdi. Onların heç də vətəndaş cəmiyyətinin qarşısında duran problemlərin həllinə yox, siyasi məqsədlərə yönəldilməsi ilə bağlı fikirlər də geniş vüsət aldı. Bu baxımdan qanunvericilikdə dəyişikliklərin səbəbləri bunlar idi.
- Bəs, nəticələri nələr oldu?
- 2014-2016-cı illərdə nəticələri ağır oldu. Demək olar ki, xarici donorlardan alınan qrantın miqdarı kəskin azaldı. Qanunvericiliyin mahiyyəti ondan ibarət idi ki, xarici donorlar Azərbaycanda qrant vermək hüququ əldə etməli idilər. Qrantların qeydiyyatı sərtləşdirilmişdi. Həmin donorlar Azərbaycanda nümayəndəlik yaratmalı idi, həmin nümayəndəlik qrant vermək hüququ əldə etdikdən sonra Azərbaycanda fiziki və hüquqi şəxslərə qrant verə bilərdilər. Mən düşünürəm ki, bu bəlkə də zamanında mövcud təhlükənin aradan qaldırılması üçün, kənar təsirləri minimuma endirmək üçün dövlətçilik baxımından zəruri bir addım idi. Çünki dövlət özünün bütövlüyünü, suverenliyini, milli maraqlarını qorumağa borcludur.
- Ancaq burada qurunun oduna yaş da yandı...
- Burada balansı qorumaq çox vacib məsələdir. Bir tərəfdən birləşmək azadlığının təmin edilməsi, digər tərəfdə ölkənin milli təhlükəsizliyi. Burada o balansı tapmaq elə də asan olmur. Sonrakı proseslər ə bu gün gəldiyimiz nəticə ondan ibarətdir ki, müstəqil vətəndaş cəmiyyəti də bundan ziyan çəkdi. İndi isə artıq məsələlər tam durulub. Artıq həmin qanunların tətbiqi əks effekt verə bilər. Ölkədə maliyyə vəsaitlərinə ehtiyac var, vətəndaş cəmiyyətinin alternativ maliyyə vəsaitlərinə çıxışı zəruridir. Həmçinin bir məqam da var ki, Azərbaycan QHT-lərinə ayrılan vəsaitlərin böyük bir hissəsi digər ölkələrə yönəldilir, xüsusən də Ermənistana gedir. Digər bir məqam odur ki, Azərbaycanın maraqlarına zidd hərəkət edən QHT-lər artıq yeni üsullarla həmin qrantları əldə edirlər. Onlar Azərbaycandan kənarda infrastruktur yaradıblar, beynəlxalq donorlarla kooperasiyaya giriblər, milyonlarla dollar qrantlar alırlar. Qonşu ölkələrdəki QHT-lərlə birgə əməkdaşlıq edərək həmin vəsaitlərə çıxış imkanı əldə edirlər. Bu zaman isə hökumət onların fəaliyyətinə leqal nəzarət imkanlarını itirir. Nəticədə onlar yanlış hesabatlar hazırlayırlar, Azərbaycan vətəndaş cəmiyyətinin adından danışaraq QHT-lərin təqiblərə məruz qaldığını göstərirlər. Ona görə də yerli QHT-lər qanunvericiliyə dəyişiklik edilməsi və xarici donorlara çıxış imkanlarının asanlaşdırılması ilə bağlı hökumətə müraciət etdilər. Nəticədə bu istiqamətdə inkişaf başladı. Xarici qrantlarla bağlı prezident fərmanı imzalandı, Nazirlər Kabineti tərəfindən bir sıra qaydalara dəyişiklik edildi. Nəticədə xarici qrantların verilməsi xeyli sadələşdirildi, bürokratik əngəllər aradan qaldırıldı. Mənim özümün də iştirakımla 60-dan çox qrant müqaviləsi qeydə alındı. Burada söhbət milyonlardan gedir. Rəqəmlərə baxanda da görürük ki, 2015-cü illə müqayisədə 2016-cı ildə xaricdən alınan qrant müqavilələrini həm sayı, həm də məbləği artıb. Bütövlükdə QHT-lərə daxil olan vəsaitin ümumi məbləği əgər 2015-ci ildə əgər 51 milyon 240 min manat idisə, 2016-cı ildə ümumi məbləğ 128 milyon 11 min 660 manat olmuşdu. 2,5 dəfə artım qeydə alınmışdı. Səbəb isə odur ki, 2016-cı ildə əvvəlki illərdə alınmış qrantların da qeydiyyatına başlanıldı, hesablardan həbslər götürüldü, vergi borcları silindi, ölkədən çıxışa qoyulan qadağalar aradan qaldırıldı. Ancaq hesab edirik ki, proses davamlı olmalıdır.
- Əliməmməd müəllim, Açıq Hökumət Təşəbbüsü adı altında böyük bir proses başlasa da, böyük ictimaiyyət bundan xəbərsizdir? Nədir Açıq Hökumət Təşəbbüsünün mahiyyəti?
(Davamı növbəti sayımızda)