Əflatun Amaşov: “Adınız təqdim edilibsə, o demək deyil ki, yüz faiz sənə mənzil veriləcək”

20-05-2017, 10:01           

“Həvəslənməsinlər ki, sonra da məyus olmasınlar”

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov son günlər medianın gündəmində xüsusi yer tutan bir neçə məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.


(əvvəli ötən sayımızda)

- Jurnalistlərə tikilən birinci binadakı mənzillərin verilməsi üçün sənədlərin toplanması yalnız Mətbuat Şurasına həvalə olunmuşdu. Bu dəfə işin təkcə Mətbuat Şurasına deyil, Mətbuat Şurasının da daxil olduğu üç qurumdan ibarət xüsusi komissiyaya həvalə edilməsi nədən irəli gəldi?


- Biz belə düşündük ki, bu dəfə mənzillərin sayı çox olduğu üçün hər halda müraciətlər də çox olacaq və sənədlərin toplanması işini bir yox, bir neçə qurumun nümayəndələrindən ibarət komissiya həyata keçirsin. Binanın sifarişçisi Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur. Ona görə də komissiyada bu qurum təmsil olunsun. Eyni zamanda televiziya və radiolarla işləyən qurumun-Milli Teleradio Şurasının da komissiyada olması məqsədəuyğun sayıldı. Mətbuatı təmsil edən Mətbuat Şurasının da komissiyada olması qərara alındı. Bu üç təşkilatın hər birindən təşkilatların rəhbəri daxil olmaqla üç nəfər komissiyada təmsil olunur. Komissiya toplaşdı və meyarları müəyyənləşdirdi. Keçən dəfə biz meyarları müəyyənləşdirərkən daha çox məsuliyyəti kütləvi informasiya vasitələrinin-redaksiyaların üzərinə yükləmişdik. Redaksiyalar üç nəfərin namizədliyini verirdi.

Ancaq bu dəfə düşündük ki, demokratikliyi daha da qorumaq və müəyyən manevr etmək üçün namizədlərin sayı iki dəfə artırılsın və belə də etdik. Məsələn, keçən dəfə televiziyalara 5 nəfərin adını təqdim etmək imkanı yaradılmışdı. İndi 10 nəfərin siyahısını verə bilərlər. Gündəlik qəzetlər və agentliklər keçən dəfə 3 nəfərin siyahısını vermək imkanındaydılar, bu dəfə 6 nəfərin adını verə bilərlər. Həftəlik qəzetlər və saytlar isə bu dəfə üç nəfərin namizədliyini verə bilərlər.

Burada bir nüansı da unutmayaq ki, bəzi qəzetlər var ki, üç nəfərdən ibarətdir, bəzi qəzetlər və agentliklər var ki, 40-50 nəfər əməkdaşı var. Məsələn, AzərTacın 100-dən çox əməkdaşı var. Lakin elə agentlik də var ki, 2-3 nəfər əməkdaşla fəaliyyət göstərir. Bu cür nüanslar komissiyada nəzərə alınmalıdır. Yeniliklərdən biri isə ondan ibarətdir ki, kifayət qədər mətbuat xidmətləri fəaliyyət göstərir və medianın inkişafı üçün onlar da öz töhfələrini veriblər. Bu dəfə onların da ən azı 10 il stajı olan əməkdaşlarına ev verilməsi imkanı yaradılıb. Eyni zamanda təşkilatı ən azı üç il fəaliyyətdə olmalıdır.


Bundan başqa jurnalistikanın inkişafında önəmli xidmətləri olan insanlar var ki, yaşları ilə əlaqədar hazırda işləmirlər. Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Cəmiyyəti yaradıb və biz qeyd etdiyim həmin 70-80 yaşlı jurnalistlərə mütəmadi baş çəkirik. Biz qərara gəldik ki, jurnalistikanın inkişafında önəmli xidmətləri olan və bu gün mənzili olmayan, mənzil şəraiti yaxşı olmayan ahıl jurnalistlərə də evlərin müəyyən hissəsi verilsin. Yəqin ki, veriləcək. Bu, jurnalistika ənənələrimizə bir sayğıdır.


- Bu 10 il staj məsələsi ən çox müzakirə və mübahisə doğuran məsələlərdən biri kimi görünür. Bəs, 9 il işləyən nə etməlidir? Sizcə, 10 il müddətin qoyulması insaflıdırmı?

“Bəzi qəzetlər var ki, üç nəfərdən ibarətdir, bəzi qəzetlər və agentliklər var ki, 40-50 nəfər əməkdaşı var, bu cür nüanslar komissiyada nəzərə alınmalıdır”

- Evlərin sayı istəyənlərin sayından xeyli azdır. Məndə olan məlumata görə, mənzil əldə etmək istəyən insanların sayı yüzlərlədir. Bu saat sanki hər kəs düşünür ki, hansı yolla bu binadan mənzil əldə edə bilərəm. Ona görə də biz ciddi təhlil apardıq, götür-qoy etdik. Təklif oldu ki, staj minimum beş il olsun. Lakin ən optimal variant kimi 10 il qəbul edildi. Bununla yanaşı hazırkı iş yerinin ən azı üç ildir fəaliyyət göstərməsi tələbi də meyarlardan biri kimi qəbul edildi...


- Birinci binada yalnız jurnalistlərə mənzil verildi. Bu dəfə necə, media orqanlarında texniki işçilər var ki, illərdir bu sahədə çalışırlar, illərini mediaya veriblər, belə insanlara mənzil verilə bilərmi?


- Bu məsələni biz keçən dəfə müzakirə edəndə ilk təcrübə idi. Onda biz texniki personal məsələsini gündəmə gətirməmişdik, konkret və aydın şəkildə yazılmışdı ki, jurnalistlərin adları təqdim olunmalıdır. Ancaq bu dəfə nisbətən ümumi fikir yazdıq - KİV-lərin əməkdaşları kimi qeyd edilib. Bu məsələnin necə olacağı yəqin ki, hadisələrin gedişində özünü göstərəcək. Biz ümumi yazmaqla manevr etmək üçün imkan yaratmışıq.


- Əvvəl üç jurnalistin adı təqdim edilirdi. Üç adam həvəslənirdi və onlardan cəmi birinə mənzil verilmirdi. Bu dəfə 6 nəfərin adı veriləcək və onların sırasından üç nəfərin adını komissiya seçib mənzil verəndə, qalan 3 nəfər məyus olacaq. Bu, bir az insafsızlıq olmurmu?


- Həvəslənməsinlər ki, sonra da məyus olmasınlar. Təbliğat aparmaq lazımdır ki, əziz həmkarlar, biz sizin adınızı komissiyaya təqdim edirik və bu son nəticə deyil, adınız təqdim edilibsə, o demək deyil ki, yüz faiz sənə mənzil veriləcək, 6 nəfərdən üçü mənzil ala bilərsiniz. Bu məsələ çox incə nüansdır. İnsanlara vəd verib onları məyus etmək düzgün olmaz.

- Mənzil məsələsi ilə bağlı artıq Mətbuat Şurasına gəliş-gediş, müraciətlər başlayıbmı?


- Hələ birinci binanın əsası qoyulandan Mətbuat Şurasına ev üçün gəliş-gediş çoxalıb. Müraciətlər başlayıb. Təkcə bu gün mənzil məsələsi ilə bağlı mənə 20-yə yaxın adam zəng edib. Mətbuat Şurasına gəlirlər orada qəbul edirik. Hətta bəzilərini parlamentdə qəbul etmişəm.


- Gəlməyin faydası olurmu?


- Gəlməyin ümumiyyətlə faydası olmur. Gələnlərə deyirik ki, gedin qəzetlərdən elan edilən meyarları, qaydaları oxuyun. Həmin meyarlara uyğun gəlirsinizsə, komissiyaya sənədlərinizi təqdim edə bilərsiniz.


- Qəbul edilən və yuxarıda xatırlatdığınız meyarlar, əsasən də staj dəyişilə bilərmi?


- Xeyr. Meyarlar dəyişilməcəyək. Bir müddətdən sonra redaksiyalarda iclaslar başlayacaq, komissiyanın nümayəndələri həmin iclaslarda iştirak edəcəklər, iclasda müşahidə aparacaqlar. İclasda kollektivin ümumu rəyinə əsasən adları komissiyaya göndəriləcək şəxslərin siyahıları müəyyənləşəcək, redaksiyada səsvermədən sonra məktublar hazırlanıb komissiyaya təqdim olunacaq. Qəbul edilən meyarlara cavab verənlərin adları siyahılarda olmalıdır.

- Bu mənzillər Azərbaycan prezidentinin Azərbaycan jurnalistlərinə bir hədiyyəsi sayılır eləmi? Yəni təmənnasız bağışlanır. Onu sonradan dövlət istəsə jurnalistdən geri ala bilərmi?


- O mənzillər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin jurnalistlərinə hədiyyəsidir. Evlər birdəfəlik bağışlanır və jurnalistin şəxsi mülkiyyətinə keçirilir. Artıq birinci binada mənzillərin sahiblərinə mülkiyyət sənədləri verilir. Bu mənzillərin geri alınması müzakirə obyekti ola bilməz.


- Prezident özü hazırda prosesin gedişatı ilə maraqlanırmı? Prezidentin nəzarəti varmı ki, mən tikdirdiyim evin paylanmasında ədalət prinsipi gözlənilirmi?


- Cənab prezidentin nəzarətinin olmasına şübhə yoxdur. Əgər bu, prezidentin hədiyyəsidirsə, bu işlə məşğul olan heç kim ədalət prinsipini poza bilməz. Birmənalı şəkildə bəyan edirik ki, birinci binada mənzillərin verilməsi şəffaf, ədalətli oldu, bu dəfə də olacaq. Təmənnasız, heç kəslə bir stəkan çay belə içmədən ehtiyacı olan jurnalistlərə ev verildiyi kimi, bu dəfə belə olacaq. Komissiyanın missiyası ondan ibarətdir ki, siyahını kifayət qədər şəffaf, ədalətli tərtib etsin və Prezident Administrasiyasına göndərsin. Son söz isə Prezident Administrasiyasında olacaq.

- Seçiciləriniz sırasında jurnalist olan və ev istəyən varmı?

- Mən bütün Azərbaycan jurnalistlərini özümün seçicim hesab edirəm. Onların parlamentə vəkiliyəm. O ki qaldı deputatı olduğum 62 saylı Saatlı seçici dairəsinə, oradakı seçicilərimin sırasında da bir neçə jurnalist var. Bəziləri sərbəst jurnalistika ilə məşğuldur. Onlar da bu məsələ ilə bağlı mənimlə müzakirə aparıblar. Ancaq meyarlardan göründüyü kimi paytaxt qəzetlərinin əməkdaşlarına mənzillər verilməsi nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.